Ça. Noy 19th, 2019

Pərvin Kərimzadə: XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək

“Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatən toplantısının Bakıda keçirilməsi və Azərbaycan Respublikası 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir”.

Turkustan.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

O bildirib ki, Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

“Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisədir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirəcək”.

“Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb” deyə deputat fikirlərinə əlavə edib:

“Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirakı Ermənistan–Azərbaycan münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı söylədiyi nitqində Qoşulmama Hərəkatının beynəlxalq hüququn prinsiplərinə sadiqliyinə toxunub: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir””.

“Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib”- deyə fikirlərinə əlavə edib.

“XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq”.

Paylaş: