Be. Noy 18th, 2019

Partiyalar – Bizim dövlət şüurumuzu kimlər formalaşdırmalıdır?

Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb.
Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.
avatar
Bütün fəlsəfi və siyasi ədəbiyyatlar “insan sosial varlıqdır” tərifi ilə başlayır. Amma bu sosial varlığın mahiyyətinin təkcə ictimai şüurdan ibarət olması mümkün deyil. O baxımdan yanaşdıqda, insanın yaşadığı coğrafiyaya təkcə məkan kimi deyil, azərbaycanlıların leksikonunda qərarlaşan “vətən”, “torpağım” kimi xüsusiləşmiş epitetlərlə münasibəti də izah etmək lazımdır.

İnduktiv məntiqlə izah etsək, bütün şüurların ən inkişaf etmişi və zəruriliyi digərlərinin fövqündə dayanan siyasi şüur artıq fərd amilini obyektinə qoymur, həm də daha geniş və qlobal yanaşaraq təsdiq edir ki, siyasi şüur böyük sosial qrupların əsas mənafelərini, onların bir-birinə və cəmiyyətin siyasi təsisatlarına münasibətlərini əks etdirən hisslərin, sabit əhval-ruhiyyə tərzlərinin, ənənələrin, ideyaların və bütöv nəzəri sistemlərin məcmusudur.

 

Nəzəri olaraq, bunlar aydındır  ki, siyasi şüurun formalaşması üçün ideologiya mühüm platforma  kimi çıxış edir.

Bəs, Azərbaycanda siyasi sistemi əmələ gətirmək üçün vacib olan elementlərdən biri –  siyasi ideologiya mövcuddurmu və nə qədər aktualdır?

Azərbaycanda milli-siyasi şüurun qaynaqları və tarixi təkamülü türkçülük, islamçılıq və azərbaycançılıq cərəyanları, milli-demokratik görüşlərin və liberal-siyasi axımların yüz il əvvəl fəlsəfi və siyasi konsepsiyalarda ehtiva edilməsi ilə, maarifçilərin cəhdi ilə yaranmağa başladı. Hazırkı siyasi sistemin bir parçası olan siyasi partiyalar yuxarıda qeyd etdiyimiz mənbələrdən faydalanaraq, yol keçsə də, hazırda aktuallıq prizmasından passiv mövqedə qalır.

Dövlətin siyasi atmosferini müəyyənləşdirən və siyasi mənzərənin sərgilənməsi, bir sözlə, ortaya  çıxan görüntü siyasi şüurun məhsuludur və o məhsul nəticəsində gördüyümüz bəzi mətləbləri qeyd etməliyik. Məsələn, Azərbaycanda qeydiyyata alınmış  56 siyasi partiyanın istiqamətlərinin bəhrələndiyi əsas ideyalar “türkçülük”, ”azərbaycançılıq” kimi məfhumlardır.

Faktiki Azərbaycan siyasi partiyaları ideoloji xətdə ciddi böhran yaşamaqdadır. Bunun nəticəsində əksər siyasi güclər xalqdan gələn tələbləri, ictimai rəyi nəzərə ala biləcək platformaya malik deyil. Çünki cəmiyyətdə tendensiyalar hazırda ideoloji bazisdən çox kənardadır. Əsas populyar tələblər sosial sahədə qərarlaşıb.

Bir sözlə, indi cəmiyyət liberal, millətçi, mərkəzçi, sağ, sol  kimi siyasi – ideoloji xəttin fərqində deyil və onlar üçün bunun heç biri cazibəsi də qalmayıb.

Daha bir problem Azərbaycanda siyasi fəaliyyətin kütləvi yox, fərdi sima üzərindən qurulmasıdır və onun da tərkibi kimi siyasi sima siyasi şüurdan və ideologiyadan daha çox önə çıxır.

Lidersiz partiyaların isə  bizim siyasi ansamblımızda faktiki missiyası qalmır.

Yeri gəlmişkən, siyasi şüurla dövlət şüurunun ciddi fərqi var:Siyasi şüurda milli element axtarmaq yanlış ola bilər, amma dövlət şüurunda isə siyasi mənsubiyyət axtarmaq düzgün deyilsə də, mütləq bu təfəkkürə malik şəxsin siyasi şüura sahib olması labüddür.

Dövlət şüurunun formalaşmasında bir sıra komponentlər rol oynayır: məsələn, siyasi nəzəriyyə, təlim, doktrina siyasi şüurdur.

Siyasi ənənə və siyasi qavrayış dövlət şüurudur.

Siyasət filosofu N.P. Polivyevanın dövlət şüurunu formalaşdıran “resept”i belədir:

  • –      Siyasi ideologiya və siyasi psixologiya;
  • –      Siyasi özünüdərk, siyasi biliklər, sosial qrupların siyasi mənfeləri, xüsusi və kütləvi siyasi şüar;
  • –      Siyasi ənənələr, siyasi stereotip, fikirlər, emosiyalar;

Bunlar nəzəri olaraq, yuxarıda sadaladığımız kimi olsa da, Azərbaycan siyasi həyatında spesifika olduğuna görə, ideya-siyasi dünyagörüşünün praktiki sübutu olduqca azdı.

Məsələn, 90-cı illərin mənəvi-psixoloji sarsıntılarının, ictimai-siyasi böhranların, təbəddüllatlarının ölkəni gətirdiyi nöqtə – Qarabağ müharibəsinin ağır travmaları dönəmində ulu öndər Heydər Əliyevin çağırışı ilə yüz minlərlə vətəndaşın meydanlara tökülməsi Heydər Əliyev fenomeninin barometri, şəxsiləşmiş obrazın gücü və siyasi nəhəngin simasında formalaşan inamla bağlı idi.

Nəhayət, hazırda dövlət şüurumuzu formalaşdıran çoxsaylı amillərin ən üstqurumu olan partiya institutunun siyasi təfəkkürdə rolu olduqca aşağı səviyyə ilə məhdudlaşmır, həm də ümumiyyətlə artıq rol oynaya bilmir.

Belə bir paradoksda daxili istəklərlə xarici populyar siyasi ideologiyanın şüarlarını birləşdirərək, ümumi siyasi marağı ödəmək də sadəcə mümkün deyil. Çünki dünyada daha çox baxılan nəsnə kökünü Avropadan götürən demokratiya məfhumudur. Avropa siyasi fikrindən qaynaqlanan ideyalar isə günümüzün azərbaycanlısı üçün maraq kəsb etmir və bu, onun üçün ilk yerlərdə olmur.

Biz Qərbin yolu ilə gedib demokratiya qura bilərikmi?

Amma bizim siyasilərin leksikonunda tez-tez  yer alan Qərb demokratiyası aforizmi istər-istəməz bu sualı doğurur: “Biz Qərbin yolu ilə gedib demokratiya qura bilərikmi”. Qərb stili demokratiyanın elementləri ümimilikdə belədir: Qanunun aliliyi, hakimiyyət bölgüsü, söz və toplaşma azadlığı, hakimiyyətin dəyişməsi, azad rəqabət, özəl mülkiyyət, iqtisadiyyatın və həyatın əsas tənzimləyicisi kimi bazar institutu. Bunlar olduqca qulağa xoş gələn sözlər deyil, həm də praktiki sübut kimi olduqca mühüm əhəmiyyət kəsb edir.

Amma Qərb istisna, digər ölkələrin demokratiya inikası daha çox qazanılmaq, əldə edilmə ilə deyil, ixrac edilir. Burda ciddi paradoks meydana çıxır. Çünki Şərqdə formalaşan idarəetmə yanaşması şəxsə yönəlikdir, Qərbdə isə kağıza, sənədə. (Əslində bunun altqatında kilsə şüuru dayanır- müəllif) Orda hakimiyyət bölgüsü və rotasiyasını kapital gücləri həyata keçirir. Söz azadlığı, azad rəqabət mühiti isə reformist kilsə disputlarının ruhundan qaynaqlanır. Azərbaycan partiyalarının istiqamətləri siyasi təfəkkürə paralel formalaşmaqla bu prosesin başlanğıcını son 200 ilin tarixinə qədər daşıyır. Rusiyada – Avropanın təsiri ilə formalaşan siyasi mühitin Azərbaycanda da –  siyasi elitanın cəmləşdiyi Bakıda da görmək mümkündür. Amma əlbəttə, bura Rusiya deyildi və milli kimlik, siyasi təşəkkül psixologiyası müsəlman keçmişin pasportu ilə rəsmiləşdirilmiş bir toplumda az rol oynadı.

1918-20-ci illər ərzində mövcud olan AXC qurulduqdan sonra  cəmiyyətin deyil, spesifik kütlələrin sifarişi ilə siyasi qüvvələrinin qruplaşdığı  partiyalar meydana çıxdı. Qısa zaman müddətində ixrac edilən ideoloji zəminlər üzərində müxtəlif rəqib düşərgələr təsis edildi, amma şübhəsiz  ki, burda belə Şərq üsulu – milli kimlik, şəxsə yönəlik idarəetmə özünü qoruyaraq, qanunlarda liberalcasına təsis edilən mühiti qısa müddətdə millət və ümmət əsasları ilə böldülər. Şübhəsiz ki, daha çox ehtiyac siyasi şüura yox, ideoloji şüura idi deyə, Qərb üsulu ilə demokratiya inşası qısa müddətdə məzmun dəyişdirdi. Sonrakı  – zorakı kommunizm dünyagörüşü isə sol-alman təfəkkürü  ilə Azərbaycanda süni bazaya oturduldu. Müstəqillik illəri isə dağıdılmış keçmişin xiffəti, oturuşmamış milli kimlik ab-havası, ixrac edilmiş dini istiqamətlərlə və əsası olmayan ideologiyalarla müşayiət edildi. Və hazırda ölkənin qeydiyyatda olan 50-dən çox partiyası üçün ideoloji böhran çəkic zərbəsi endirməkdədir.

Arqumentləşdirilmədən, siyasi populizmin eyforiyası ilə əksəriyyət xor dərnəyi kimi Qərb üsulu, demokratiya deyə təkrar edir.

Şərq ölkəsi olub, Qərb üsulu ilə demokratiya quran ölkə varmı?

Qərb qarşısında ən böyük hərbi-siyasi və ideoloji güc  olan və Avrasiyanın baş tacı kimi coğrafi mövqe sərgiləyən Rusiyanın (hələ bir xristian dünyagörüşündən gələn ölkədən söhbət açırıq – müəllif) nümunəsinə baxaq:

ABS-ın Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Qırğızıstanda və digər keçmiş MDB ölkələrində keçirdiyi sorğuda iki sual qoyulmuşdu: “rifah” yoxsa, “demokratiya”. İnsanların əksəriyyəti rifahı seçdi, çünki 2015-ci ilə qədər keçilən 25 illik bir zaman kəsiminin əsas şüuarı demokratiya qarın doyura bilməmişdi.

Bu nəticələrin formalaşmasında az təsir rolu olmayan Rusiya isə dünyada demokratiyanın qlobal nüfuzu və dəyərinin yüksək olduğu, siyasi idarəetmədə uğurlarını etiraf edir, amma  sadəcə Qərbdən fərqli olduğunu vurğulamaq üçün Kreml “suveren demokratiya”, “idarə olunan demokratiya” məfhumlarından istifadə edir.

Ağıllı gedişdi, çünki Qərb öz stilindəki demokratik baxışı ixrac edir, Rusiya isə yerli şəraitə adaptasiya edilmiş lokal, yaxud yerli və milli demokratiya nəzəriyyəsini təlqin edir.

Onun nəticəsində isə  Qərbdən ixrac edilən demokratiyanın Şərq nümunələrinin sırasında İraq, Əfqanıstan, ərəb baharı ilə qış yaşayan ölkələrin sübut kimi ortaya çıxması digər analoq istəkləri də beşiyində boğdu və bir daha kimsə Şərqdə rifahı Qərbin demokratik diktəsinə qurban vermək istəmədi.

Nəticədə MDB regionunda əksər ölkələr Qərb demokratiyası rus fikrinə uduzandan sonra, rifah variantını seçdi.

Şərqin ərəb ölkələri isə “demokratiya” variantı ilə xarabazara döndü.

Azərbaycanda isə Qərb yolu demokratiya qurmaq iddiası qorxulu nəticələr doğurmaqla qalmaz, tam mənasında tarixi kabus yaşadaraq, varlığımızı təhlükə altına qoya bilər.

Çünki:

Birincisi, istinad etdiyimiz Avropa artıq liberal görüşləri (demokratiya mənasında) sol-radikal və millətçi düşüncə ilə əvəzləməkdədirlər.

İkincisi, dünyada yeni növ siyasi liderlərin (Tramp, Conson və s.) kimi varlığı demokratiyanı faktiki imitasiya ruhuna endirdi.

Üçüncüsü, Qərbin nəzərdə tutduğu demokratiya lokal yox, qlobal xasssə ilə mümkündür, bizim isə qonşularımız isə Ermənistan və sair kimi ölkələrdir.

Dördüncüsü, daxili siyasi qüvvələrin siyasi təfəkkürü yetişkin deyil.

Beşincisi, spesifik xüsusiyyətlər lokal demokratiya üçün daha uyğundur.

İndi isə yazının ana sualına cavab tapmaq lazımdır:

Şərqdən və Qərbdən baxarkən demokratiya və kapital necə görünür?

Əslində bütün ictimai sistemin və siyasi landşaftın mənzərəsini, həm də dövlət şüurunu məhz bu baxış təyin edir.

(ardı var)

Paylaş: