Ca. Noy 14th, 2019

ADAU-da Qoşulmama hərəkatının Azərbaycan üçün əhəmiyyətindən danışılıb

Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək. Təşkilatın miqyası, onun siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanları nəzərə alınmaqla bu hadisənin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.

Bu fikir İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının keçirdiyi tədbirdə səsləndirilib. Kafedranın müdiri, ADAU-nun professoru Azad Bayramov deyib ki,  bu zirvə görüşü müstəqil Azərbaycanın tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Politoloqların və ekspertlərin diqqət yetirdikləri daha bir mühüm məqam ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında Avropa qitəsi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul edəcək. Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsini birləşdirir. Hərbi siyasi bloklarda iştirakdan imtina, xalqların müstəqillik və hüquq bərabərliyi prinsipləri əsasında dinc yanaşı yaşaması bu ölkələrin xarici siyasət kursunun əsası hesab edilir.

Kafedranın baş müəllimi Samirə Qasımova, baş müəllim  Sevda Abdullayeva, müəllim Dünya Həsənova, tələbələrdən Məlahət Sadıqzadə və Selcan Qaraşova çıxışlarında təşkilatın yaranma tarixindən danışıblar. Bildiriblər ki, təşkilat 1955-ci ildə Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis edilib Hərəkatının yaradılmasının əsası coğrafi, irqi və dini birlik deyil, “zərurətdən yaranan birlik” idi. Müharibəsiz dünyaya ehtiyac vardı, çünki Qoşulmama Hərəkatı soyuq müharibə, birinin mərkəzi SSRİ, digərinin mərkəzi ABŞ olan iki blokun geosiyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurması dövründə müəyyən mənada çəkindirici amil kimi formalaşmışdı.

Paylaş: