Ca. Noy 14th, 2019

ADAU-nun dosenti İlham Kərimov Estoniyada elmi işçi kimi çalışması barədə təqdimat edib

Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika kafedrasının dosenti İlham Kərimov bir il Avropa Birliyi Layihəsi üzrə Estoniya respublikasının Tartu Aqrar Universitetində “Buğdanın hava ilə qurudulmasının və onun əsasında buğdanın yığımdan sonra emalı və saxlanmasının yeni texnologiyasının tətbiqi” mövzusu üzrə elmi işçi kimi fəaliyyət göstərib.

Fəaliyyəti ilə bağlı İlham Kərimov işlədiyi kafedrada təqdimat keçirib və gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ilk növbədə mənə bu şəraiti yaratdığına görə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova minnətdaram. Çıxışına davam edən alim onu da əlavə edib ki, bütün dünya üzrə buğdanın qurudulması böyük problemə çevrilib. Fakt olaraq deyim ki, Rusiya 2016-cı ildə istehsal etdiyi buğdanın 23 faizini çörək (makaron, vermeşel və s.) üçün istifadə edə bilib. Bu problem bütün Avropa Birliyinə və eləcədə Estoniyaya da aiddir. Estoniyada istehsal olunan buğdanın 70 faizə qədəri heyvandarlıqda yem kimi istifadə olunur. Bu isə fermərlərə milyonlarla ziyan vurulması deməkdir. Bizim çalışmamızın da məqsədi buğdanı vaxtında, qənaətli (enerji nöqteyi nəzərindən) və keyfiyyətini itirmədən qurutmaqdır.

İlham Kərimov yekunda layihəni Arximed fonduna təqdim etdiklərini bildirib. Nəzərə çatdırdı ki, bu fond Estoniyada elmin və təhsilin inkişafını koordinasiya edir və maliyyələşdirir. Təkcə 2018-ci ildə Avropa birliyi Estoniyanın elm və təhsilinin inkişafına 8 milyon avro ayırıb.

Təqdimatda iştirak edən elm adamları məsələnin aktuallığından danışıb və bunun çox dəyərli yenilik olduğunu vurğulayıblar.

Paylaş: