Ça. Noy 19th, 2019

AQTA-nın gizlətdiyi təhlükəli kərə yağları: Hansılardır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində davamlı monitorinqlər aparır. 

Bu tədbirlər çərçivəsində qurum bazarda təhlükəli və keyfiyyətsiz qida məhsullarını aşkarlayaraq ictimaiyyətə açıqlayır.

Bu günlərdə AQTA ölkədə fəaliyyət göstərən bir sıra saxta qənnadı məmulatları müəssisələrini aşkarlayıb. Qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilib. Məlum olub ki, həmin müəssisələr İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsusdur və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbarda qənd istehsalı ilə məşğul imiş. İstehsal zamanı tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır. Bundan əvvəl də Agentlik ölkədə fəaliyyət göstərən saxta alkoqol içki sexlərini aşkarlayaraq, o müəssisələrin adlarını açıqlamışdı.

Xatırladaq ki, bir neçə ay əvvəl AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi. O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağın ekspertizaya cəlb olunduğunu demişdi:

“Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər”. 

Maraqlısı odur ki, AQTA 12 adda olan təhlükəli tərkibli yağların adlarını indiyədək istehlakçılara açıqlamır.

Hətta “Cümhuriyət” qəzeti rəsmi sorğu ilə quruma müraciət etsə də, sorğu cavablandırılmayıb. Amma həmin 12 adda təhlükəli yağın hələ də Azərbaycan bazarlarında rahatlıqla satışı həyata keçirilir. Ancaq onların adının hansı siyahıda olduğu bəlli deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşkarladığı keyfiyyətsiz və təhlükəli yağların adlarını açıqlamaqdan ehtiyat edir. Səbəb isə məlumdur. Nəzərə alaq ki, yağ qida rasionumuzun əsas tələbatlarından biri hesab olunur. İllərdir ki, Azərbaycanda kərə yağı ilə bağlı narahatlıq var. Bazarda kiloqramı 3 manatdan 23 manata qədər satışı olan yağ var. İstehlakçılar hansı yağın keyfiyyətli olduğunu bilmirlər. Ekspertlər isə market və bazarlarda satılan yağların bir çoxunun saxta, insan orqanizminə ziyanlı olduğunu bildirirlər. Zaman-zaman bu məsələyə toxunulsa da, söhbətin konkret hansı yağlardan getdiyi açıqlanmır.

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətə, KİV-ə açıq, şəffaf qurum olsaydı, əsasnamələrindəki məntiqi cavabı verərdilər:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində bir kəlmə olsun keyfiyyət məsələsindən bəhs edilmir. Onların standartında təhlükəlilikdən söhbət gedir. Yəni bu təhlükə insanı öldürə bilər. Onlar da ona görə deyə bilməzdilər ki, o yağlar təhlükəlidir. Keyfiyyətsizdi, ona görə də adlarını açıqlamırlar. Qurum əgər həmin yağların adlarını açıqlasa, ona “səlahiyyətini aşmısan” deyərlər. Təhlükəli ayrı, keyfiyyətsiz isə tamam ayrı məsələdir. Keyfiyyətsiz yağ dedikdə, bu “insanı öldürməz” anlamına gəlir. Ona görə də onlar keyfiyyətsiz deməklə, səlahiyyətlərini aşıb ad açıqlamaq istəmirlər. İstənilən halda istehlakçıya qurumun əsasnaməsində nə yazıldığı maraqlı deyil. Ad açıqlansın və o məhsulu almayaq. İstehlakçıya bu lazımdır. Ümumiyyətlə, bu kimi məsələlər Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır. Çünki bu məsələdə vəziyyət çox acınacaqlıdır. Çox yaxşı olar ki, keyfiyyətə də nəzarət edən dövlət qurumu olsun. Təəssüf ki, bizdə belə bir qurum yoxdur. Azərbaycan Standartlaşdırma İnstitutu bu işə nəzarət edə bilər. Onlar da heç bir iş görmür. Gözləyirik ki, ölkə başçısı 2 il öncə imzaladığı fərmanla İstehlak Bazarına Nəzarət və Xidmət Agentliyi yaradılsın. O zaman biz artıq keyfiyyət məsələsinə də dönəcəyik”. 

Paylaş: