Ca. Noy 14th, 2019

KOİCA AzTU ilə əməkdaşlıqda maraqlıdır – FOTOLAR

Oktyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin direktoru Park Kumok, ekspertlər – Koreya STEPİ elm və texnologiya institutundan Dong Hyun, İnha Universitetinin professoru Park Chansoo, proqram koordinatorları Chun Juhee Azərbaycanın innovasiya sahəsində Yol xəritəsinin hazırlanması layihəsi çərçivəsində görüşü olub. Görüşdə Azərbaycan İnnovasiya Agentliyinin (AİA) Startaplara dəstək və akselerasiya şöbəsinin müdiri Murad Rəhimov iştirak edib.

Turkustan.info xəbər verir ki, görüşdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev qonaqları salamlayaraq Azərbaycanla  Koreya arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb  və xatırladıb ki, rəhbəri olduğu universitetin  Koreya Respublikasının müvafiq qurumları ilə əlaqələri müstəqilliyimizin ilk illərindən başlayır.  KOİCA-nın AzTU-ya   “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması” layihəsi çərçivəsində  dəstəyi  nəticəsində bu ali məktəbdə E-universitet tətbiq edilib və rəsmi sayt yaradılıb.

Xanım Park Kumok bildirib ki, KOİCA Azərbaycanla əlaqələri genişləndirməyi düşünür. AİA-nın təklifi ilə innovasiya sahəsində Yol xəritəsini hazırladıqları barədə məlumat verən KOİCA-nın Bakı ofisinin rəhbəri qeyd edib ki, bu prosesdə dövlət, özəl şirkətlər və universitetlər arasında sinerji yaratmağa çalışırlar. 

AzTU-nun KOİCA ilə əlaqələri dərinləşdirməkdə, innovativ tədqiqatları və birgə layihələri reallaşdırmaqda maraqlı olduğunu bildirən rektor Vilayət Vəliyev Azərbaycanın innovasiyalar üzrə Yol xəritəsi  ilə bağlı fikir və təkliflərini səsləndirib, bu layihədə universitetlərin, xüsusilə də Texniki Universitetin önəmli rol oynaya biləcəyinə diqqəti cəlb edib.

KOİCA ekspertləri AzTU ilə əməkdaşlığa dair təklifləri nəzərdən keçirəcəklər  və  hazırladıqları layihədə Texniki Universitetin imkanlarından faydalanmaq niyyətindədirlər.

AİA-nın şöbə müdiri Murad Rəhimov bildirib ki, Agentlik AzTU ilə birgə layihələr gerçəkləşdirir. Gələn ay AİA ilə AzTU Startaplar və Texnoloji Transfer Mərkəzi açacaq.

1

1

1

1

Paylaş: