C. Noy 15th, 2019

Səfir Rəşad Məmmədov: “Qazaxıstan alimlərinin türk irsinin öyrənilməsindəki xidmətləri böyük əhəmiyyətə malikdir”

Qazaxıstanın paytaxtı Nursultanda “Böyük Çölün Tarixi: Tarixdən bu günə” adlı Avrasiya forumu keçirilib. Tədbir ölkənin ən nüfuzlu ali ocaqlarından biri olan Avrasiya Universitetində baş verib.

Tədbirdə Azərbaycan və Qırğızıstanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri, elm adamları, Avrasiyaçılıq, Türkologiya, nomadologiya, İslamşünaslıq, Ababaşünaslıq və farabovednosti sahəsində aparıcı mütəxəssislər iştirak ediblər.

Bu il forumda Qazaxıstan, Rusiya, Türkiyə və Monqolustan alimləri iştirak edirlər. Qazaxıstan alimlərini ölkənin demək olar ki, bütün bölgələri – Nur-Sultan, Almatı, Uralsk, Kustanay, Ust-Kamenoqorsk, Karaqanda, Pavlodar, Shımkent, Kokşetav, Semipalatinsk, Taraz, Petropavlovsk təmsil edir.

Avrasiya Forumunun əsas məqsədi Böyük Çölün tarixi və mədəniyyəti ilə bağlı elmi tədqiqat işlərində müasir təcrübə mübadiləsi etməkdir.

Forumu açan Avrasiya Milli Universitetinin rektoru, akademik Erlan Sıdıkov universitetdəki qonaqları salamlayıb və iştirak etdiklərinə görə hər kəsə təşəkkür edib.

Forumun əsas məqsədinə toxunan professor Sıdıkov Böyük Çölün tarixinin Avrasiya məkanında uzun illər boyunca yaşayan xalqların salnamələrindən xəbər verdiyini söyləyib. “Bu tarix Qərb və Şərq sivilizasiyalarının harmoniyasının nəticəsidir”.

Rektor vurğulayıb ki, “Tarixi bilmək hər kəsin borcudur, gənclərin borcudur. Onlarda biliyə marağı formalaşdırmaq bütün cəmiyyətin borcudur. Əminəm ki, bugünkü forum bunun üçün hər cür səy göstərəcəkdir”.

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov çıxışına universitetlə əməkdaşlıqdan başlayıb. Diplomat növbəti dəfə bu ali təhsil ocağına baş çəkməkdən məmnun olduğunu vurğulayıb. Səfir qeyd edib ki, universitetin gözəl yaradıcı ab-havası var və bu da universitet heyətinin səmərəli işini göstərir. Rəşad Məmmədov daha sonra bildirib ki, “Universitetlə çox yaxşı münasibətlərimiz var. 2010-cu ildən etibarən ali təhsil ocağında Heydər Əliyev adına auditoriya fəaliyyət göstərir. Eyni zamanda biz həmişə birgə beynəlxalq sərgi və konfranslarda iştirak edirik”.

“Qardaş xalq olduğumuz üçün forumun mövzusu Azərbaycanla da sıx bağlıdır. Xalqlarımızın ortaq keçmişi, dəyərləri, mədəniyyəti, dili və dini var. Qazaxıstan alimlərinin türk irsinin öyrənilməsindəki xidmətləri böyük əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, Qazaxıstan rəhbərliyi elmin inkişafına diqqət yetirir və elmi tədqiqat işlərinin aparılmasına təkan verir. Bunu Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun modernləşdirilməsi” və “Böyük səhranın yeddi özəlliyi” adlı proqram xarakterli məqalələri sübut edir. Bu məqalələr Azərbaycan Respublikasının elmi ictimaiyyətində böyük maraq oyadıb”, – deyə səfir bildirib.

Diplomat tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bütün türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan “Böyük Səhranın yeddi özəlliyi” məqaləsində dərc olunan “Türk Sivilizasiyası” layihəsi, Nur-Sultan və türk etnik qruplarının Mədəniyyət Günlərində Türkoloqların Dünya Konqresinin keçirilməsi təklif olunur. Natiq vurğulayıb ki, bu proqram xarakterli məqalələr gənc nəsil tədqiqatçılara bir mesajdır və ölkələrimizin inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.

Qırğızıstanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jeenbek Kulubayev forumun dünyanın inkişafının əsas qollarından biri olan, bəşər tarixində xüsusi rol oynayan türk sivilizasiyasının öyrənilməsi üçün yaxşı bir platforma olacağına ümid etdiyini bildirib.

Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Bolat Komekov, Dövlət Tarix İnstitutunun direktoru, fəlsəfə doktoru, Burkitbay Ayaqan, Yıldırım Beyazit Universiteti Seyit Əli Avju, S.Vəlixanov adınaTarix və Etnologiya İnstitutunun direktoru Ziyabek Kabuldinov, habelə Yeni Dehli Universitetinin doktorantı Punit Gaur da forumda məruzələrlə çıxış ediblər.

Konfrans zamanı məruzələrin müzakirəsindən əlavə, Qazaxıstan Respublikası Milli Əlyazmalar və Nadir Kitablar Mərkəzinin, Qazaxıstan Respublikası Milli Arxivinin, Nur-Sultanın gələcək tarixçilərin tənqidi düşüncəsinin və peşə hazırlığına töhfə verəcək sərgiləri təşkil edilib.

İldırım Musayev

Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Paylaş: