Bz. Noy 17th, 2019

İlahiyyat İnstitutu Novxanıda ənənəvi sahilyanı təmizlik aksiyası keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə ənənəvi sahilyanı təmizlik aksiyası keçirib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, ali təhsil müəssisəsinin əməkdaşları və tələbələrindən ibarət 50 nəfərlik heyət iştirak edib.

Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

C.Məmmədov ölkəmizdə son dövrlərdə ətraf mühitin mühafizəsi ilə bağlı böyük işlərin görüldüyünü və layihələrin reallaşdırıldığını qeyd edib. Belə ekoloji aksiyaların ətraf mühitin və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.Rektor daha sonra deyib: “Hazırda bu aksiyada iştirak edərək ekoloji rifah naminə birgə hərəkət etmək bizim üçün böyük məmnuniyyətdir”.

C.Məmmədov ali təhsil müəssisəsinin tələbələrdə Vətənə məhəbbət, onu qorumaq və mühafizə etmək; əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə mənəvi dəstək olmaq; mədəni-tarixi sərvətləri qorumaq; gəncləri daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını gücləndirmək; multikulturalizm və tolerantlığın təbliğiməqsədilə müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb.

Qeyd edək ki, aksiya zamanı Novxanı qəsəbəsinin sahilyanı ərazisinin bir hissəsi təmizlənib. Toplanılan məişət və digər növ tullantılar çeşidlənərək, müəyyən olunmuş zibil məntəqəsinə daşınıb.

Paylaş: