C. Noy 22nd, 2019

“Əgər minimum pensiya 300 manat olarsa …” – Təqaüdçülər üçün VACİB MƏLUMATLAR

Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.

Tanınmış iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirib.

Ekspert bildirib ki, hazırda güzəştli qruplar istisna olmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır: “Əgər vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir.

Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda, minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144= 28 800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43 200 manat olacaq. Bu, o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa, yalnız 43 200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28 800 manatı, nə də gələcəkdə 43 200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan, mexanizmin dəyişdirilməsinə ehtiyac var”.

Buna görə də, CESD təklif edir ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini öz üzərinə götürsün. Yəni əgər vətəndaş 17 280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11 600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda, yaxın gələcəkdə pensiyaya çıxmaqda çətinliklərin olması qaçılmazdır.

 (baku.ws)

Paylaş: