Ç. Noy 13th, 2019

“120 dövlətin aldığı qərarı sorğulamaq yalnız xəstə təfəkkürün məhsuludur” – Sona Əliyevə

“Yaxın günlərdə Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata –Qoşulmama Hərəkatı təşkilatına sədr seçilib. Azərbaycan “Bandunq” prinsiplərini əsas götürməklə növbəti 3 il ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək.

Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Odur ki, təşkilata sədrlik Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Millət vəkili bildirib ki, indiyə kimi, iki dəfə 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş müddəalar qəbul olunub: “Müddəalar məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllini nəzərdə tutur. Həmçinin, 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Və bunu xaici siyasətimizin ciddi uğuru saymaq olar”.

Millət vəkili bildirib ki, yekun sənədlə bağlı ən maraqlı, həm də gülünc mövqeyi isə işğalçı dövlət Ermənistan sərgiləyib: “Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri (bir daha qeyd edim ki, onların sayı 120-dir) məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edərək, beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırmışdır”.

Millət vəkilinin fikrincə Ermənistan işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyənatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur. Sona Əliyevanın sözlərinə görə 120 dövlətin aldığı qərarı sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər: “Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqədarratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən heç olmasa həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində ittiham edən Ermənistan minlərlə Azərbaycanlının qətl ediıməsində məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa bu haqda da fikirləşsinlər. Hər halda bu münaqişə Azərbaycana vurduğu zərər qədər də, Ermənistanı da zərərə uğradıb. Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcrid olunmaq Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular mütəmadi olaraq müzakirə olunur. Daxili kütləyə hesablanmış boş boş bəyənatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Zaman isə dayanmır və bu müddətdə görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Məhz dünyda ikinci ən böyük təsisata rəhbərlik, ən birinci ölkəyə, onun təhlükəsizliyinə və haqq ədalət axtarışına inamdan, etimaddan irəli gəlir”.

Paylaş: