C. Noy 15th, 2019

Cəmo bəylər və Əhməd Cavad arasındakı müəlliflik sirri – Himnimizin sözləri kimə məxsusdur?

Xəbər verdiyimiz kimi, deputat Araz Əlizadə İTV-də yayımlanan “3D” verilişində qonaq olub.  O, efirdə sensasion iddia səsləndirib. Millət vəkili Azərbaycanın Dövlət Himninin sözlərini Əhməd Cavadın deyil, Cəmo Cəbrayılbəylinin yazdığını bildirib. 

Bu sözlərinə görə deputatı sosial şəbəkələrdə tənqid etsələr də, Azərbaycanın Dövlət Himni ilə bağlı müzakirələr və qalmaqallı açıqlamalar bundan əvvəl də olub.

Məsələ ilə bağlı Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının fikirlərini öyrəndik. “Yeni Sabah”a danışan keçmiş deputat himnin sözlərinin Əhməd Cavada aid olduğunu, bunun təsdiqləndiyini deyib:

“Bu məsələ araşdırılıb və yekun qərar var. Bu sözlər Əhməd Cavadındır. Ümumiyyətlə, bu bizim işimiz deyil. Bu cür qəbul edilib. Əgər kimdəsə şübhə varsa, getsinlər arxivə, yoxlasınlar, öyrənsinlər. Əlyazmalar varsa, çıxarsınlar ortaya. Yoxsa ki, hamının qəbul etdiyi şeyə şübhə yaratmağın heç bir mənası yoxdur”. 

Ümumiyyətlə bu mövzu  mətbuatda və alimlər arasında da dəfələrlə müzakirə olunub. Bu, dövlət himnimizin istər söz, istərsə də müsiqisi ilə bağlı aparılan ilk müzakirə deyil. Dəfələrlə aparılan bu müzakirələr heç vaxt cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Əvvəllər nəşr olunan məlumatlarda bildirilir ki, mərhum xalq yazıçısı, professor Əzizə xanım Cəfərzadə başda olmaqla, bir neçə tədqiqatçı birmənalı olaraq bu mətnin AXC dövründə yaşayıb fəaliyyət göstərmiş Cəmo bəy Cəbrayılbəyliyə aid olduğunu israr edirdi.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitututunun baş elmi işçisi, “Ozan” Nəşriyyatının rəhbəri, filologiya elmləri namizədi Asif Rüstəmli də dövlət himnimizin mətn müəllifinin Əhməd Cavad olmadığı qənaətindədir. A.Rüstəmli fikrini himn mətninin Əhməd Cavadın o dövrdə Azərbaycan və Türkiyədə nəşr olunan kitablarından heç birində yer almaması ilə əsaslandırır: 

“Himnin musiqisi şəksiz olaraq Üzeyir bəyə aiddir, amma mətn müəllifi indiyə qədər də mübahisəlidir. 1919-cu ildə “İran” mətbəəsində “Milli nəğmələr” adlı bir kitabça buraxılıb. Burada o dövrün həm türkiyəli, həm Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı təxminən 99 şeir toplanıb. Onlardan biri də indiki himnimizin mətnidir. Bu şeirin aşağı hissəsində indiki kimi Əhməd Cavad adı yox, Cəmo bəy imzası var. Cəmo Cəbrayılbəylinin özü o dövrün çox tanınmış qələm sahibi idi. Ədəbiyyatla, tərcümə məsələlərilə, pedoqoji fəaliyyətlə məşğul olurdu. Hətta o dövrün mətbuatına nəzər salanda onun bir neçə pyesinin səhnəyə qoyulduğu haqda da məlumatlara rast gəlirik. Təbdil etdiyi bəzi əsərlər vardı. Mətbuatda çıxış edən bir adam idi Cəmo Bəy Cəbrayılbəyli. Cəmo bəy imzası ilə yalnız Cəbrayılbəyli yazmırdı. O vaxt Cəmo bəy Hacınski də vardı. Məsələ burasındadır ki, milli himnimizin mətni bu Cəmo bəylərdən hansına məxsusdur? 

Bilirsiz, əlimizdə əlyazma yoxdur, mətnin ilk variantı yoxdur, qonorar sənədi indiyə qədər qalmayıb. Yaxud müəlliflərin bu sahədə hər hansı bir sənədi, imzası yoxdursa, mətni müəllifin üslubuna görə müəyyənləşdirmək düzgün deyil. Bəzən sual veriləndə ki, himn mətninin həqiqi müəllifi kimdir? Deyirlər ki, Əhməd Cavad. Niyə? Ona görə ki, onun ruhu Əhməd Cavad yaradıcılığına uyğundur. Bəri başdan deyim ki, Əhməd Cavadın 1919-cu ildə kitabı çap olunub. Həmin kitaba bu şeir daxil edilməyib. İkincisi isə, sonrakı dövrlərdə Əhməd Cavadın sağlığında yazdığı yazılarda bu barədə məlumata rast gəlmirik. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edənə qədər Əhməd Cavadın Türkiyədə bir neçə kitabı çap olunub, o nəşrlərə də bu şeir salınmayıb. Hətta bizim türkiyəli həmkarlar tərəfindən də daxil olunmayıb. Bütün bunlar göstərir ki, o şeir kifayət qədər əsaslandırılmamış məlumatlara əsasən Əhməd Cavada aid edilir. Əhməd Cavad yaradıcılığı ilə məşğul olan və tədqiqat aparan bir neçə ədəbiyyatşünasımızın bu istiqamətdə mövqeyilə tanış olmuşam. Bütün bunların heç biri o qədər də etibarlı mövqe deyil. Yəni fakta söykənmirlər. Onlar kifayət qədər tənqidə dözümsüzdür. Bu baxımdan da onun Əhməd Cavadın şeiri olduğuna şübhəm var. Məni, o dövrün bir tədqiqatçısı kimi, bu mətnin Əhməd Cavada məxsus olduğu qətiyyən inandırmır. Amma Cəmo bəy məsələsi diqqətimi çəkir. Şeirin sonunda Cəmo bəy imzasının yazılması onun birmənalı şəkildə Əhməd Cavada aid olmadığını sübut edir. Çünki o heç vaxt Cəmo bəy imzası ilə yazmayıb. Bu hansı Cəmo bəyindir? Bu, tədqiqatçıların qarşısında duran suallardan biridir”.

Paylaş: