C. Noy 15th, 2019

Günay Əfəndiyeva: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bütün üzv dövlətlər üçün faydalı olacaq”

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü kimi önəmli bir tədbirin Bakıda keçirilməsi və Azərbaycanın bu təşkilata üç il ərzində sədrliyi öz üzərinə götürməsi hər bir azərbaycanlıda haqlı olaraq qürur hissi doğurur. İnanıram ki, bu illər Qoşulmama Hərəkatının bütün üzv dövlətləri üçün faydalı olacaq, Azərbaycan Qoşulmama Hərəkatının hədəflərinə doğru günbəgün daha da çatmaq üçün əlindən gələni edəcək.

Turkustan.info xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib.

Günay Əfəndiyeva qeyd edib ki, çoxsaylı mürəkkəb qlobal problemlər qarşısında Qoşulmama Hərəkatının dövlətləri arasında əməkdaşlıq qlobal sülh, təhlükəsizlik və inkişafın təşviqi üçün vacibdir. Qoşulmama Hərəkatı bizə təhlükələrin yaratdığı fəlakətlər fonunda bu problemləri qaldırmaq və müzakirə etmək imkanı verir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Zirvə Görüşündə bu kimi çox vacib məsələlərin müzakirə edildiyini bildirib. O, özünün Zirvə Görüşündəki çıxışında da bu məsələləri qaldırdığını qeyd edib, rəhbərlik etdiyi Fondun bununla bağlı gördüyü işləri diqqətə çatdırdığını deyib. G.Əfəndiyeva bildirib ki, hazırda dünya bəşəriyyəti təhdid edən mürəkkəb böhranla üzləşməkdədir. Tarixi, mədəni və dini əhəmiyyətə malik abidələrə qarşı hücum meyilləri bu sahədə çalışan bütün tərəfdaşların fəallığını tələb edir. Yalnız birgə güclə mədəni irsimizə ziyan vurmağın qarşısını ala bilərik. Mədəni irsin məhv edilməsinin çoxsaylı nümunələrindən biri milli və beynəlxalq əhəmiyyətli yüzlərlə memarlıq və arxeoloji obyekt, məscid, məbəd, qəbiristanlıqların məhv edilmiş, artefaktları satılmış və İslam, eləcə də qədim alban abidələrinin erməni işğalçıları tərəfindən müsadirə edilmiş Dağlıq Qarabağ bölgəsidir. Bu vəhşilik aktları, heç vaxt vətənlərində olmayan yeni nəsilləri mədəni irsindən ayırmaqla, xalqların gərçək tarix və milli kimlik izlərini silmək cəhdləridir. Mədəniyyət və irs qorunmağa möhtac olan dəyərlərdir. Üzərində sivilizasiyaların qurulduğu və bu gün də dayandıqları sütunlardır. Dörd il əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladı. Türk Şurasının o vaxtkı dörd üzv dövləti: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə əsas missiyası türk dünyasının tarixini, adət-ənənələrini və dəyərlərini araşdırmaq, qorumaq və yaymaq olan beynəlxalq təşkilatın əsasını qoydu. Yarandığımız dövrdən etibarən aktiv çalışmaqla üzv ölkələrimizin hüdudlarından çıxaraq daha da genişləndik və mədəniyyəti təbliğ edərək yaxşı bir dünyaya yol açması ümidiylə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdəyik.

Türk Mədəniyyəti və İrsi Fondu insanları bir-birinə daha da yaxınlaşdırmaq, mədəniyyətləri bir araya gətirmək və münaqişələrin sülh yolu ilə həll etmək istiqamətində mədəniyyətin əvəzsiz rolunu önə çıxardaraq, onun təsir gücünü təbliğ edir. Biz tarixə və adət-ənənələrə hörmətin qorunması istiqamətində çalışırıq. Artıq on ildən çoxdur uğurla həyata keçirilən “Bakı Prosesi”nin gözü ilə baxdıqda görürik ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq qeyri-stabillik zamanında inkişaf və sabitlik üçün zəruridir.

Bu il 650 illik yubileyini qeyd etdiyimiz türk dünyasının böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin məşhur qəzəlindən “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını oxuyan Fondun prezidenti çıxışında insanları bir-birilərinə mərhəmət, hörmət və sevgi ilə bu dünyaya sığmamağa çağırıb.

“Biz hamımız bu yoldayıq, bizi bir-birimizə, ortaq irsimizə bağlayan yolda.  Bu yolda, qədim İpək Yolunun yenidən birləşməsi, eləcə də Dağlıq Qarabağın qanunsuz işğalına son qoymaqla Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün göstərdiyimiz hərtərəfli təşəbbüslərimizi gücləndirməliyik. Onda, eynilə bu kimi, gecə-gündüz getdikcə, biz bir-birimizə daha da yaxınlaşacağıq”, – deyə o əlavə edib.  /Modern.az/

Paylaş: