C. Noy 15th, 2019

Azərbaycanda kredit almaq çətinləşəcək: Qazanc da azalacaq – RƏY

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

Dəyişikliyə əsasən, Palata banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq.

Ehtimallara görə, beləliklə istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq.

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, istehlak kreditlərinin artmasına səbəb kommersiya kreditlərinə marağın az olmasıdır: “Kommersiya kreditlərinin verilmə şərtləri ağırdır, nəticədə kommersiya kreditlərinə maraq azdır. Dayanıqlı iqtisadi modellə bağlı şübhələr var. Biznesin özü uzunmüddətli və aşağıfaizli kreditlər ala bilmir. Bunun nəticəsində banklar əllərində olan sərbəst vəsaiti daha çox istehlak kreditlərinə yönəldirlər ki, ayaqda qala bilsinlər, pul qazansınlar. Məhz bu nöqteyi-nəzərdən istehlak kreditlərinin artması nəticədir, səbəb yox. Səbəb ümumi iqtisadiyyatda baş verən proseslərdir ki, istehlak kreditlərinin artmasına rəvac verir. Bu isə dayanıqlı deyil”. 

Ekspert vurğulayıb ki, istehlak kreditlərinin artması böhran dalğası yarada bilər: “İstehlak kreditlərinin artması növbəti böhran dalğaları yarada bilər, həmçinin problemli kreditlərin artmasına gətirib çıxarar, nəticə olaraq isə iqtisadi artımın dayanıqlılığını azaldar. Ona görə də mən düşünürəm ki, istehlak kreditlərində şərtlərin sərtləşdirilməsi müvəqqəti olaraq kredit bazarına təsir göstərəcək” . 

Həmsöhbətimiz qeyd edib ki, istehlak kreditlərinin azalacağı təqdirdə onun təsiri təkcə kredit bazarına olmayacaq, eyni zamanda satışlar da azalacaq: “Amma bunun multiplikativ effekti də var. İstehlak kreditləri azalacaqsa, təbii ki, satışlar azalacaq. Əsasən də elektrotexnika məhsullarının, avtomobillərin və digər istehlak mallarının satışı azalacaq. Satış azaldıqca, həmin şirkətlərin dövriyyəsi azalacaq, bu zaman həm qazanc azalacaq, vergi azalacaq, iş yerlərində müəyyən ixtisarlara gedəcək. İqtisadiyyat elə unikal sahədir ki, elmi yanaşmaya ehtiyac var. Bir addımın nəticələri digər sahələrə də ciddi təsir göstərir. Ona görə də ümumilikdə Azərbaycanda kredit bazarının liberallaşdırılması, bu sahədə rəqabət mühitinin artırılması, xarici bankların ölkəyə sərbəst daxil olmasına imkan yaradılması, bunun nəticəsində də yeni bank məhsullarının bazara çıxarılması atılmalı olan addımlardır”. 

Paylaş: