C. Noy 15th, 2019

Baş Prokurorluq Ağstafadakı güllələnmə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov  bildirib ki, oktyabrın 31-i Ağstafa rayonu ərazisində Yusif Əlləzov və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldıqları xəsarətlə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.   /Cebhe.info/

Paylaş: