C. Noy 15th, 2019

Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 275 min ton yük daşınıb – VİDEO

“Həmin xəttin keçdiyi ərazi Avropada hündür ərazi olduğundan orada işləyən lokomotivlərin xüsusi qurğularla təchiz olunması vacibdir, ancaq Gürcüstan tərəfi…”

Turkustan.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolunda görülən işlər, yükdaşımalardakı son vəziyyət və sərnişin qatarlarının xəttə buraxılmasındakı gecikmənin səbəbləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, zaman-zaman jurnalistlər sərnişindaşımanın yubanması səbəbi ilə maraqlanırlar. Əslində Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşımalara tam hazırdır.

Hazırda bu istiqamətdə istismar edilməsi üçün 9 sərnişin və bir vaqon- restoran olmaqla, 10 vaqon alınıb. Daha 10 vaqonun gələn ilin əvvəlində gətirilməsi gözlənilir. Hazırda Bakı – Tbilisi – Qars – Ankara marşrutu üzrə hərəkət edəcək yeni sərnişin vaqonlarının Gürcüstan ərazisində mürəkkəb relyefə malik dəmir yolu ilə təhlükəsiz hərəkətini təmin etmək üçün vaqonlarda və lokomotivdə əyləc sisteminin tam sınaqdan keçirilməsi davam etdirilir. Bu sahədə Gürcüstan dəmir yollarına məxsus lokomotivlərdə əyləc sistemi ilə bağlı problemlər mövcuddur. Məsələ yaxın vaxtlarda həllini tapmasa, Azərbaycan bu istiqamətdə dəstəyini təklif edəcək. Qeyd etmək lazımdır ki,  BTQ-yə əlavə yüklərin cəlb edilməsi də prioritet məsələlərdəndir. Bu məqsədlə Çin və Rusiya ilə danışıqlar aparılır.

/moderator.az/

Paylaş: