C. Noy 15th, 2019

“Bu qərarın heç bir  hüquqi və tarixi əsası yoxdur” – Qənirə Paşayeva

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. Bu qərarın heç bir  hüquqi və tarixi əsası yoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi Türkiyə Barış Pınarı Hərəkatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu. Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına,sərhəd təhlükəziliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi.  ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, aldığı 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir. Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər, Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək. Nümayəndələr Palatası bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə düşürdü. Onsuzda cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Bu qərardan sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarı bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik.

Paylaş: