C. Noy 15th, 2019

“Oqtay Gülalıyevin durumu sabitdir” – Adil Qeybulla

“Məlumat üçün bildirim ki, Oqtay Gülalıyevin durumu sabitdir”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə həkim Adil Qeybulla çıxış edib. “Bildiyiniz kimi, Oktay bəy 29 oktyabr axşam radələrində Səməd Vurğun bağının yanında avtomobil tərəfindən vurularaq, ağır kəllə-beyin travması alıb və təcili 1 saylı Klinik mərkəzə gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib. Orada baş beynin kompyüter tomoqrafiyası müayinəsi aparılıb. Diaqnoz: “Qapalı kəllə-beyin travması. Baş beynin əzilməsi. Sol təpə sümüyündə yerdəyişməyən sınıq. Sol yarımkürədə şoxsaylı qansızmalar”. Xəstə saat axşam saat 11-12 arası xəstə yaxınlarının istəyi ilə Bakı “City Hospital”ın reanimasiya şöbəsinə köçürülmüşdür. Xəstə City Hospitalda intensiv müşahidə altında olmuş, mərkəzi venanın kateterizasiyası qoyulmuş və müalicə başlanmışdır. Getdikcə beyindaxili təzyiqin artması, huşun itməsi, anizokoriya əlamətləri yaranmışdır. İlk tomoqrafiyadan təxminən 12 saat sonra ikinci kontrol tomoqrafiya aparılmış, sol yarımkürədə beyin toxumalarını kompressiya edən hematoma olduğu müəyyən edilmişdir. Xəstənin yaxınlarına cərrahi əməliyyat aparılması zərurəti izah edilmişdir. AR Səhiyyə Nazirliyi də konsultativ kömək məqsədilə işə müdaxilə etmiş, 3 nəfər neyrocərrahın iştirakını təmin etmişdir. Saat 13 radələrində ümumi narkoz altında təcili cərrahi əməliyyat başlamış, Soltərəfli trepanasiya aparılmışdır. Müəyyən edilmişdir ki, beyin toxumasının zədələnməsi nəticəsində qanama yaranmış və nəticədə yaranmış hematoma həm daxildən, həm də sərt qişa altında xaricdən beyin toxumalarını kompressiya edir. Hematoma və onun qalıqları xaric edilmiş, qanama dayandırılmış, sanasiya edilmişdir. Əməliyyat fəsadsız keçmişdir. Xəstə stabil hemodinamik göstəricilərlə reanimasiya şöbəsinə verilmişdir. Hal-hazırda vəziyyəti stabildir, süni ventilyasya aparatındadır. Xəstənin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər.

Alınan travma xarakter etibarı ilə ağır hesab edilir.

Xəstəni sonrakı ixtisaslaşdırılmış müalicə üçün Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi istiqamətində danışıqlar gedir.

Allah şəfa versin”!

Paylaş: