C. Noy 15th, 2019

Rektorun 20 Yanvar qatilinə “sevgisi”: Üzrü günahından betər…

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ictimaiyyətdə böyük rezonans doğurub. İctimaiyyəti hiddətləndirən ən önəmli məqam isə universitet rəhbərliyinin Y.Primakovla bağlı bu müsabiqəni sevgi və təmtəraqla qarşılamasıdır.

Ölkənin bir çox tanınmış şəxsləri, ictimai xadim və ziyalıları Yevgeni Primakovla bağlı tədbirin Azərbaycanda “şad xəbər” kimi qarşılanmasını birmənalı şəkildə qınayıblar.

Hətta Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, BSU-nun rektoru Nurlana Əliyeva vəzifəsindən dərhal azad edilməli və haqqında cinayət işi açlımalıdır.

Bu barədə Bakı Slavyan Universitetindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin qalib tələbələr (Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı) “əcnəbidirlər”:

“BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Rusiya səfirliyinin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Azərbaycanlı soyadı daşıyan bu tələbələrin əcnəbi olması iddiası bir tərəfə qalsın, əsas məqam əli xalqımızın qanına batmış bir şəxslə – Primakovla bağlı mərasimində BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev kimi həmin dövrü yaşamış müəllimlərin iştirak etməsidir.

BSU-nun açıqlamasında həmçinin o da qeyd edilir ki, Rusiya səfirliyi bu barədə universitetə rəsmi (!) məktub göndərib. Yəni BSU rektorunun Primakovla bağlı tədbirdən xəbəri olub.

Açıqlamada BSU-nun rektoru Nurlana Əliyevanın haqqında yayılan iddialar etiraz edildiyi qeyd edilib:

“Universitetin kollektivi həqiqəti əks etdirməyən belə yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir”.

20 Yanvar qırğını təkcə Azərbaycan xalqına yox, ölkəmizin müstəqilliyinə qarşı yönəlmiş akt idi və bu faciə zamanı 130-dan çox soydaşımız həyatını itirdi. Onlardan biri də 20 yaşlı şairimiz Ülvi Bünyadzadə idi. Yaşasaydı, bu il 50 illik yubileyini qeyd edəcəkdik. Maraqlıdır, BSU Ülvi Bünyadzadə ilə bağlı hansı tədbir keçirdi, onu necə yad etdi?

Slavyan Universiteti öz tələbələrini bu yarışmada iştirakına qol qoyması nə qədər məntiqlidir?

Universitet rəsmi açıqlamada Rusiya-Azərbaycan münasibətlərinin yaxınlığından bəhs edib:

“Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub”.

Əlbəttə, sevindiricidir ki, xüsusən son illər Rusiya ilə Azərbaycan arasında mehriban dostluq, qonşuluq münasibətləri ən pik həddə çatıb. Lakin heç bir dostluq və qonşuluq prinsipi bizə tarixi faciələrimizi gözardı etməyə əsas vermir.

Bu məntiqlə Xocalı qatili Zori Balayanla bağlı tədbir keçirilməsini də normal qarşılamalıyıq?

Ola bilsin, bu yarışmada iştirak edən tələbələr Y.Primakovu tanımır, onun hansı dəhşətli qırğına səbəb olduğunu bilmirlər (əslində, bu da onların yanlışıdır, bilməlidirlər). Axı BSU rektoru Nurlana Əliyeva Primakovu yaxşı tanıyır, onun xalqımızın qatili olduğunu çox gözəl bilir! Bəs niyə tariximizin qara və qanlı Yanvarının səbəbkarına həsr olunan müsabiqədə öz tələbələrinin iştirakına qarşı çıxmayıb?

Paylaş: