Ca. Noy 21st, 2019

“Hacıbala Abutalıbov yağış barmaqlıqlarını satdırırdı, indi də yollar su içindədir” – VİDEO

Yazıq yağış payızın diktəsi ilə işini görür, nə bilsin ki, yerdəkilər pulun diktəsi ilə iş görürlər

Biz yağış proqnozu verilən andan stress keçirən insanlarıq. Bu səhər yenə işə gedənlərin ən çox deyindiyi və kütləvi işlətdiyi sual cümləsi dəbə düşdü: “Bakıya yağış yaraşır?” Yazıq yağış payızın diktəsi ilə işini görür, nə bilsin ki, yerdəkilər pulun diktəsi ilə iş görürlər.

Əhmədli və H.Aslanov metrostansiyalarına yaxın yaşadığımdan hər iki istiqamətdən şəhərin mərkəzinə gəlmək imkanım var. Bu gün H.Aslanov metrosu yaxınlığında maili yolda yağışdan sel yarandığından, Əhmədliyə avtobusla gəlməyə qərar verdim, amma peşman oldum. Çünki Əhmədli m/s yaxınlığındakı avtomobil yolunda saxlayan avtobuslar sərnişinləri tam selin içinə boşaldırdı. Yağış sularında ayağı topuğa kimi islanan kim, şalvarın balaqları sulanan kim, yaşlı insanları yerdən qaldıran kim… tam rəzalət və utanc mənzərə. Yaş ayaqqabı və corabla işə tələsən insanlara dəyən bu ziyanı kim ödəyəcək.

Image result for bakı küçələri sel

Məlumat üçün deyim ki, 2018-ci ildən təmirinə start verilən və bu il tam yekunlaşan bu yolun bütün yollar kimi olan-qalan kanalizasiya xətləri bağlanıb, yağışdan iflic halına gətirilib. Halbuki yolun təmiri zamanı ağsaqqallar dəfələrlə işçilərə yağışı və yağış sularını xatırlatmışdı, bu xatırlatmalara dəfələrlə şahid olmuşdum. Amma pulunu alıb yolu ucdantutma asfaltlayan səriştəsiz yolçəkənlərin nə vecinə ki, bu gün yüzlərlə insanın söyüsünə tuş gələcək.

Image result for bakı küçələri sel

Yol, nəqliyyat problemləri üzrə ekspert Elməddin Muradlı AYNA-ya açıqlamasında vurğulayıb ki, aidiyyəti qurumlar yol təsərrüfatı layihələrində yağış barmaqlıqlarının olması, yağış kanalizasiya məsələsini qeyd edirlər: “Sadəcə layihənin icrası zamanı bu məqam əlavə xərc kimi silinir, həmin pul kimlərinsə cibinə gedir. Ona görə də belə bərbad mənzərə ortaya çıxır. Tarixən, elə Sovet dövründə də yol infrastrukturunda yağış barmaqlıqlarından istifadə olunub. Son illər sel-suya qərq olan yolların əsas səbəbkarı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri Hacıbala Abutalıbovdur. Onun zamanında yol təsərrüfatı Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində idi. Həmin vaxtdan harda yol təmiri olurdu, yağış barmaqlıqları yoxa çıxırdı. Eks icra başçısı onları da çıxartdırıb satırdı. İndi də bu ənənə davam edir”.

Ekspertin sözlərinə görə, Bakıda, ümumiyyətlə hazırda yağış kanalizasiya sistemi yoxdur: “Bəzən su kanalizasiya sistemini guya yeniləyirlər, baxırsan ki, köhnə borular çürüyüb yoxa çıxıb. Deməli, illərdir su torpağa axırmış, bu səbəbdən tez-tez torpaq sürüşmələri olur. Tez-tez də yalandan coğrafi, tektonik səbəblər axtarırlar. Səbəb budur. Su asfaltın birinci düşmənidir. Asfaltı qorumaq üşün su kanalizasiya sistemi qaydasında olmalıdır. Yollara bu boyda pul tökülür, büdcə pulları havaya sovrulur, nəticə isə göz qabağındadır”.   /ayna.az/

Paylaş: