C. Noy 22nd, 2019

Mübariz Məsimov Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü

“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin keçirdiyi qəza ilə bağlı ailəsinə səbr diləyir, Oqtay bəyə isə tezliklə ayağa qalxmasını arzu edirəm. Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. İnsanlar durmadan mənə mesajlar və videolar göndərirlər. Məndən Oqtay bəyə kömək etməyimi istəyirlər. Bəziləri məni hətta təhqir edərək nəyə görə kömək etmədiyimə dair məndən hesabat tələb edirlər. Əvvəla, təhqir yazanlara deyirəm ki, sözünüz varsa, ünvanımız hamıya məlumdur. Türkiyədə də, Azərbaycanda da. Mən anlamıram, bu nə söyüşlərdir yazırsız? Sizin evdə ananız, bacınız, nəhayət, ailəniz yoxdur? Biz millət olaraq artıq hörmət və sayqı hissini itirmişik. Bu adamlar azərbaycanlı ola bilməz və bu nalayiq ifadələri yazanları millətimdən saymıram. Təkrar edirəm, mənim üçün müxalifət də, iqtidar da eynidir. Bəziləri “Siz də qoxdunuz?”, “İqtidar sizi də ələ aldı?” – deyə, qəzəbli suallar ünvanlayırlar. Əzizlərim, mən Allahdan başqa heç kimdən qorxmuram! Mən sizin dediklərinizə sadəcə gülürəm. Dəfələrlə demişəm və yenə də təkrar edirəm: “Məni siyasətə qatmayın! Mən iş adamıyam. Mən Azərbaycanlıyam və əgər kiminsə mənə ehtiyacı varsa, onun nə iqtidar, nə də müxalifətçi olmasına baxıram”.

Turkustan.info xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.  O bildirib ki, Azərbaycanda sığorta sisteminin işləməməsinin səbəbi hələ də ona məlum deyil: “Özümüzü dünya miqyasında zənn edirik, amma vətəndaşlar hələ də sığortası olmadan yaşayır. Hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə calışmasından asılı olmayaraq. Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!”

Xatırladaq ki, O.Gülalıyev keçirdiyi avtomobil qəzasından sonra hazırda Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətindədir və onun müalicəsi üçün 7500 manat tələb olunduğu deyilir. Sosial şəbəkələrdə hüquq müdafiəçisinə yardım kampaniyası başladılıb.    /Cebhe.info/

Paylaş: