Ca. Noy 14th, 2019

Azərbaycan icmasının narazılığı Yeni Cənubi Uels ştatı parlamentinin üzvünə çatdırılıb

Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndələri Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermot ilə görüşüblər.

Turkustan.info xəbər verir ki, görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oyta, Azərbaycan Ticarət-Sənaye Palatasının Avstraliya üzrə nümayəndəsi Nizami Cəfərov və digər soydaşlarımız iştirak ediblər.

Qeyd edək ki, deputat Hyu MakDermot seçildiyi ərazidə yaşayan ermənilərin təsiri altına düşərək bu yaxınlarda işğal olunmuş ərazilərimizə səfər etməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yeni Cənubi Uels parlamentində səsləndirdiyi qərəzli bəyanatları ilə Azərbaycan mətbuatında tanınıb.

Məsələ ilə əlaqədar, Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta sentyabr ayında deputata etiraz məktubu göndərərək onun Azərbaycan icmasının nümayəndələri ilə görüşməsini xahiş edib.

Məktuba cavab verən deputat Yeni Cənubi Uels ştatında yaşayan Azərbaycan və erməni icmalarının həyatı ilə bağlı məsələlərin onu ciddi şəkildə maraqlandırdığını bildirib. Qeyd edib ki, ona ünvanlanmış məktubda qaldırılan məsələləri müzakirə etmək üçün o, AAA rəhbərliyi ilə görüşməyə hazırdır. Belə ki, deputatı olduğu ərazidə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş onun üçün çox maraqlıdır.

Noyabrın 1-də baş tutan görüş barədə Mikayıl Oyta və Nizami Cəfərov bildiriblər ki, Azərbaycan icmasının səkkiz nəfər üzvü görüşdə iştirak edib. Hyu MakDermotun işğal olunmuş ərazilərimizə səfəri və ölkəmizlə bağlı səsləndirdiyi qərəzli fikirlərin Avstraliyada yaşayan Azərbaycan icmasının ciddi narahatlığına və narazılığına səbəb olduğu bildirilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərək erməni silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etmələri və münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salındıqları deputatın diqqətinə çatdırılıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların erməni qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi barədə qəbul etdiyi qətnamələrə və digər sənədlərə baxmayaraq, Ermənistan rəhbərliyi heç bir konstruktiv addım atmır.

Görüşdə, eyni zamanda, Avstraliya hökumətinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsinə dair rəsmi mövqeyi də avstraliyalı deputatın diqqətinə çatdırılıb.

Bununla yanaşı, avstraliyalı deputata ölkəmizin tarixi, xalqımızın qonaqpərvərliyi, qədim və zəngin mədəniyyəti, Ermənistandan fərqli olaraq multikulturalizm dəyərləri ilə seçilməsi barədə ətraflı məlumat verilib.

Avstraliyada yaşayan Azərbaycan icması barədə deputata məlumat verən soydaşlarımız bildiriblər ki, onlar bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətindədirlər. Qeyd olunub ki, icma üzvləri Avstraliya ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin formalaşmasına və əlaqələrin genişlənməsinə çalışırlar.

Azərbaycan icmasının nümayəndələri ilə görüşdən çox məmnun olduğunu qeyd edən Hyu MakDermot bildirib ki, bu görüş ona Azərbaycan, bu ölkədə baş verən proseslər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat əldə etmək imkanı yaradıb. Bilmədiyi məsələlər barədə məlumatları Azərbaycan icmasının çatdırması onu çox məmnun edər. Deputat bundan sonra soydaşlarımızın onunla sıx əlaqə saxlamasını xahiş edib.

Görüşdə gələcəkdə baş verə biləcək narazılığın və informasiya səhvlərinin qarşısını almaq üçün tərəflər arasında təmasların bundan sonra mütəmadi olaraq təşkili barədə razılıq əldə edilib.     /AZƏRTAC/

Paylaş: