Ca. Noy 14th, 2019

“Daha peyğəmbər gəlməyəcək, amma Tanrı göndərişləri ara vermir” – Nəriman Qasımoğlu (MÜSAHİBƏ)

Sual: Böyük şairimiz Mirzə Ələkbər Sabir deyirdi ki: “Hərə Qurana verir istədiyi mənanı, aç oxu gör həzrəti Quran nə deyir”. Əksəriyyət də bu düşüncədədir. Ancaq bu düşüncədə olanların özləri oxuyurlarmı? Və ya oxumaq istəyən nəyi oxusun: Quranın orijinalını yoxsa tərcüməsini? Etiraf edək ki, orijinaldan oxumağı öyrənməklə də iş bitmir, gərək ərəb dilini mükəmməl biləsən. Tərcümələr isə bir-birindən fərqlənir…

Cavab: M.Ə.Sabirin ironiyası dini həqiqətlərin təfsirlərini mövhumatçılığı yayan insanların, əsasən də fərqli təriqətlərə mənsub din xadimlərinin, mollaların inhisarından çıxarılmasını təlqin edir. Yəni özünüz oxuyun, özünüz dərk edin, bunu sizin yerinizə başqaları etməsin ki, kimlərinsə təfsirlərinin əsiri durumuna düşməyəsiniz. Əslində, maarifçi-demokrat şairimizin məqsədi insanları xeyli dərəcədə siyasiləşmiş təriqətçilik girdabından, qarşıdurmasından ayırıb Quran islamına çəkmək olub. İndi daha yaxşı anlaşılan Quran məntiqi işığında baxdığımda isə Sabirin ironiyasına nisbətən fərqli yanaşmanı da ortaya qoymaya bilmirəm. Fikrimi belə ifadə edim: elə müqəddəs Kitabı açıb oxuyanlar üçün də “həzrəti Quran” eyni mənalar, hikmətlər açmır, əksinə, fərqli sözlər deyir. Hər oxuyanın dərk və təfəkkür səviyyəsini, əhvalı və psixoloji durumunu müəyyənləşdirən fərqliliklərdən doğan fərqli sözlər. Bu, mahiyyətcə, Quranın teoloji məziyyətlərinin universallığı ilə şərtlənən bir özəllikdir, Quranın – icazənizlə müqəddəs Kitabımızı müsahibəmizdə bundan sonra mənasına uyğun Oxu adlandırım – Oxu-nun daim canlı, aydın dillə danışan bir məzmunda oxuyanları ilə canlı, fəal əlaqədə olmasını səbəbləyən bir özəllik. Oxu-nun unikallığı da zatən bundadır ki, deyir: “fəqrau mə: təyəssəra minə-l-qur’ə:n”, yəni “oxuyun Oxu-dan nə alınırsa” (73:20). Bunu ilahi mərhəmətdən, ilahi hikmətlərdən hamıya pay düşür kimi anlamaq lazım gəlir. Fərqli təfəkkür sahiblərinin bəzi məqamlarda Oxudan hasil etdiyi fərqli qənaətlərin təyinatının bir müsbət tərəfi də Sabirin nəzərdə tutduğu təriqətçilik mərəzinə yoluxmanı sadəcə aradan qaldırmaqla bağlıdır.

Gəlirəm o sualınıza ki, oxumaq istəyən nəyi oxusun: Oxunun orijinalını, yoxsa tərcüməsini? Əlbəttə, bəhrələnmək istəyənlər ilk növbədə tərcümələrə müraciət etməlidirlər. Və sizə bir məqamı xüsusi vurğulayım ki, Oxunu orijinalda, öz dilində oxuyan ərəblərin əksəriyyətinin dərki ilə tərcümələrdə oxuyan əksər Azərbaycanlıların dərki arasında adətən elə bir fərq olmur. Niyə? Çünki ərəblərin əksəriyyəti Oxunu hədislər bucağından anlamağa çalışır. Qeyri-ərəblərin də doğma dillərində oxuduqlarının mütləq çoxluğu Oxu ayələrinin tərcüməsini hədislər müstəvisində təqdim edir. Fərqli tərcümələrdə isə müəyyən fərqlər bu və ya digər məzhəbin təsiri ilə gəlişən bəzi fərqli qənaətlərdən doğur. Mütərəqqi müsəlman alimlərinin Oxu təfsirləri, tərcümələri üçün təklif etdiyi yeni bir metod da var. Söhbət Oxunun hədislərlə deyil, Oxunun Oxu mətninin öz məntiqi ilə şərtlənən izahlarını, tərcümələrini ərsəyə gətirən üsuldan gedir. Yəni “peyğəmbər sünnəsi” deyilən mətləbi bu tərcümələrdən uzaq tutursan, – və əslində Oxu məntiqinə görə belə də etməlisən, çünki orijinalda sünnəyə, yəni qayda-qanunlara aid işlənən termin “peyğəmbər sünnəsi” deyil, “Tanrı sünnəsi”dir –, daha çox ayrı-ayrı sözlərin qrammatik məntiqini, məntiq kontekstinə uyğun məna çalarlarını əsas götürürsən. Kimlər üçün qəribə səslənsə də, deyim, məhz bu zaman Oxunun mətn möcüzələri öz hikmətlərini sənə açır, səninlə sanki canlı bir ünsiyyət qurur.

Yeri gəlmişkən, ötən il çapdan çıxmış tərcümə əsərim məhz bu metoda əsaslanır. Yeni tərcümədə əsas üstünlük onunla şərtlənir ki, oxucu muəllifin subyektiv mövqeyi ilə üz-üzə qalmır, ilahi informasiyadan aldığı qənaətlərini bir çox hallarda öz dərrakəsi çərçivəsində özü muəyyənləşdirmək imkanı qazanır, təfəkkürünü inkişaf etdirir. Və bu yonumdə muəllifin əməyi ona sadəcə çılpaq və oxunaqlı bir informasiya kimi kara gəlir, Tanrı–insan münasibətlərində, necə deyərlər, vasitəçisizliyi – dinimizin bu başlıca prinsipini təmin edir.

Sual: Müsahibələrinizin birində qeyd etmisiniz ki, Peyğəmbərlərin gəlişi tarixi təkamül hadisəsi deyil, bəşəriyyətin taleyinə Tanrının iradəvi müdaxiləsidir. Necə düşünürsünüz, bu gün – dünyanın 40-dan çox bölgəsində müharibələrin, savaşların, qovğaların yaşandığı dövrdə Tanrının növbəti iradəvi müdaxiləsinə ehtiyac yoxdurmu? Yaxud bəlkə o müdaxilə var, sadəcə biz görmürük?

Cavab: Peyğəmbərlərin gəlişi ilə bağlı vaxtilə vurğuladığım Tanrının iradəvi müdaxiləsini kosmik-ilahi informasiyanın yenilənməsi kontekstinə aid etmişəm. Mütərəqqi ilahiyyatçıların dilində belə bir ifadə səslənir: “peyğəmbərlik bitmiş, risalə davam edir”. Yəni daha peyğəmbərlər gəlməyəcəksə də, Tanrı göndərişləri ara vermir və verməyəcək. Bu, elə Tanrının iradəvi müdaxiləsinin əlamətidir, O-nun ismarışları ən fərqli elmi, yaradıcılıq mahiyyətli fəaliyyətlərin məhsulları kimi insanlara çatdırılır. İnsanlar da öz iradəvi istəklərinin ixtiyarındadır. Bir qismi cəmiyyətlərini qurur, inkişaf etdirir, başqalarına nümunə verir, bəşəriyyəti tərəqqiyə səsləyir, digər qismi də əks fəaliyyətdə. Dünyanın siyasi xəritəsinə nəzər salın, inkişaf etmiş dövlətlərin coğrafiyasında müəyyən ziddiyyətlər olsa da, müharibələr baş vermir. Baxın müharibədən əziyyət çəkən ölkələrin və müharibə ilə hədələyən ölkələrin yerləşdiyi bölgələrə. Vətənimizin erməni işğalından çəkdiyi əziyyət coğrafiya sarıdandır, multikultural, tolerantlıq, yeniliyə meylli xalqımız Avropada ən şovinist mədəniyyət ocaqlarına aid siyahının başında gələn ölkələrlə (Amerikanın Pew Center araşdırma mərkəzinin hesabatına görə bu siyahıda ikinci yer Gürcüstan, üçüncü yer Ermənistan, dördüncü yer Rusiyaya aiddir) bir coğrafiyanı paylaşmaq məcburiyyətindədir. Oktyabr ayının əvvəllərində Koreyada keçirilən Ekoloji Sivilizasiya başlıqlı beynəlxalq tədbirdə iştirak etdim. Tədbirdə həm mərizəçi, həm də sessiyalardan birinin aparıcısı idim. Rəhbərlik etdiyim sessiyada məruzə edən macar həmkarım faktlara əsaslanan iqtisadi-siyasi təhlilləri ilə Avraziya kontinentinin gələcəyindən çox nikbin danışdı və bu kontekstdə də torpaqlarımızın azad ediləcəyinə ümidlərimi bir az da artırdı…

Sual: Sizin baş örtüyü, İbrahim peyğəmbərin oğlu İsmayılı qurban əhd etməsi, doğma dildə ibadət kimi mövzularda doqmalara zidd fikirlər səsləndirirsiniz ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumi qəbul edilmiş fikirlərə qarşı olan düşüncələrinizi də dilə gətirməkdən çəkinmirsiniz. Hətta bildiyimə görə, sizi bir katolik din xadimi İslamın Martin Lüteri adlandırıb. Bu epitet sizi narahat etmir?

Cavab: Təvazölü olanda bəzən faktların da üzərindən sükutla keçirsən (gülümsəyir). 2012-2013-cü illərdə Harvard universitetində çalışdığım zaman Amerika Alimlərin Xilası Fondu haqqımda reklam xarakterli və “2012-ci ilin tanınmış alimi” başlıqlı bir təqdimat yaymışdı. İnternetdə indi də qalır həmin təqdimat. Orada həmkarlarımdan birinə istinadən məni “keçmiş Sovet İttifaqında Quran alimlərinin ən yaxşılarından biri, bəlkə də ən yaxşısı”, “Rusiyanın cənubunda və Mərkəzi Asiyada fundamentalizmin yayılmasına sipər olan azsaylı şəxslərdən biri” kimi səciyyələndiriblər. Və sizin qeyd etdiyiniz epiteti isə elə təxminən o zaman Harvard universitetinin nəzdində fəaliyyət göstərən Dünya Dinlərinin Araşdırma Mərkəzinin o zamankı direktoru Fransis Kluni “Quran qeyri-ərəb dillərində: teoloji və linqvistik çağırışlar” adlanan məruzəmin müzakirəsində dilə gətirmişdi. Martin Lüter bir sıra ciddi fundamental məsələlərlə yanaşı, kilsənin kanonikləşdirdiyi latın dilində ibadətin yerinə ayinlərin milli dillərdə icrasının əsasını qoyan ideyalarla çıxış edirdi. Təsəvvür edin, xristian reformasiya hərəkatının öncülü olmuş bir şəxsin adı ilə fəaliyyətimə verilən belə qiymətdən necə narahatlıq keçirmək olar? Əlbəttə, çox yüksək dəyərləndirmədir. Orada və ABŞ-ın digər universitetlərində, müxtəlif auditoriyalarında dinimizin mahiyyətinə dair fərqli mövzularda xeyli çıxışlarım olub. Bir dəfə Amerikalı həmkarlarımdan biri vətənə qayıtmaq ərəfəsində mənə dedi “Azərbaycan kiçik ölkədir, oraya necə sığırsan?” (gülümsəyir) Soruşanda “necə bəyəm?”, dedi “bilirsən sənin kimisinə Amerikada daha çox ehtiyac var, bizdəki müsəlman icmalarının əksəriyyəti açığa vurmasalar da, fərqindəyik ki, fundamentalist zehniyyətlilərdən ibarətdir, sənə çox ehtiyacımız var onları da ağıllandırasan”. Dedim “bizim də taleyimizə islahatçılığı dünyaya Azərbaycandan yaymaq yazılıb”.

Əlbəttə, bilirəm, doqmalara zidd fikirlərin səsləndirilməsi heç də birmənalı qarşılanmır. Təbiidir. Ruhdan düşmək üçün isə əsas yoxdur, ziyalılarımız əksərən ehkamçı düşüncədə deyillər. Ümumən Azərbaycanın mədəniyyət, ədəbiyyat tarixinə nəzər salanda da aydın görürsən ki, böyük söz sahiblərimız hər zaman mövhumatçılıq ənənələrinin, ehkamlarının fövqündə dayanan əsərlər yazıblar. İslamın qızıl dövrü adlanan bir tarix var, müsəlman coğrafiyasında mədəni, iqtisadi, siyasi, elmi sahələrdə 8-ci əsrdən 14-cü əsrədək davam edən çiçəklənmənin, yüksəlişin tarixidir. İslahatçılıq ideyalarının, fəlsəfi fikrin bütün dünyaya örnək səciyyədə qaynaşması dövrü olub. Ardınca bilirsiniz nə gəldi, bütün bunların yerini dini düşüncədə bilirsiniz nə tutdu? İndi çoxlarının fəxarətlə haqqında yazdığı, nitqlər söylədiyi təsəvvüf, sufilik… Yəni elmi düşüncəyə birdəfəlik nöqtə. Sonrası da məlum.

Madam söhbət ehkamlara zidd mövqedən gedir, başqa bir-iki teoloji tapıntımı da buradaca qeyd etmək, elə bilirəm, yerinə düşərdi. Bir az əvvəl Koreyadakı çıxışımdan söz saldım. Məruzəm “Bibliyada və Quranda su ruhani kosmogoniyanın komponenti kimi” adlanırdı. Mövcud aləmin heçdən yaranmadığına, hələ mahiyyətini dərk edə bilmədiyimiz və müqəddəs yazılarda “su” sözü ilə ifadə olunan materialdan yarandığına dair qənaətlərimi əsaslandırdım. Maraqlı müzakirə getdi. Məlum ehkamlar üzərində qərarlaşan rəsmi xristianlıq üçün də bu, teoloji tapıntı idi, çünki Bibliyaya da istinad edən əsaslandırmanı onların diqqətinə çatdırmışdım. İştirakçılara deyəndə ki, bunu təkcə bizim tapındığımız yazılar demir, hinduizmin Riq-Vedasında da, yəni min illər öncə vəhy edilmiş yazılarda da bu qənaət təsdiqini tapır, teoloji tapıntıma maraq göstərdilər və bunu ekoloji sivilizasiyanın yaranması işində xeyli faydalı ola biləcək töhfə kimi dəyərləndirdilər.

Yeri gəlmişkən, etiraz etməsəniz, bu teoloji yenilikdən ilhamlanaraq yazdığım bir qəzəli də oxucularınızın diqqətinə çatdırardım:

Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə,
Aç oxusunlar m
əni aləmlərə həmyaş elə.

Öz Yazındır yazmısan yaddaşıma, min sirrini
Kim açar m
əndən alayı bir ağıllı baş ilə.

Milyon il əvvəldəyəm, ərşin sular üstündədir,
Dalmışam bu ş
əklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.

Çoxlarının zənnidir yoxdan yaratdın hər şeyi,
Qup-quru ehkamları sal ol sulara yaş el
ə.

Min-min ayət bir an içrə çeşmimi sarmış yenə,
Heyr
ətimdən çaşqınam, gərdişini yavaş elə.

Adəməm, səhv etmənəm ta, gəl dəyişdir hökmünü,
M
ən qalım qoy, iblisi ol səhnədən çıxdaş elə.

Qalx ayağa, Qasımoğlu, Rəbbinin hökmündəsən,
Bax O-na gör öz üzünü taz
ə bir yaddaş ilə.

Sual: Quranı nəzm formasında tərcümə etmək təşəbbüsü yalnız sizə məxsusdur, yoxsa sizə qədər dünyada bu təcrübə var idi və İslam dünyasında buna münasibət necədir? Ümumiyyətlə, niyə nəzm janrında deyil, nəsr janrında tərcümələr daha çox qəbul edilir?

Cavab: Xeyr, ümumiyyətlə mənə məxsus deyil. Mənim birinci tərcüməmi nəzərdə tutursunuzsa, bu nəzmlə tərcümə deyil, sadəcə bədii tərcümə variantıdır. Nəzmlə, yəni ayələri qafiyələndirərək tərcümə etmək, əlbəttə, mümkündür, amma bu, tərcüməçini mahiyyətdən uzaqlaşdırar. İlk belə tərcümə təcrübələri ötən əsrlərdə qərb dillərində olub. Son vaxtlar isə şərq dillərinə də belə tərcümələrə iddialar olur. Əslində, olduqca mənasız işdir, çünki Oxu başdan-başa nəzm ölçülərində deyil. Mətnin bir dil möcuzəsi kimi ozəlliyi – bəlağət və ecaz baxımından sozlərin düzümü, eyni sözün, ifadənin yerinə gorə muxtəlif mənalar daşıması, səslərin alliterasiyasının aşıladığı ovqatlar, oxunuş ahəngindən doğan eyhamlar, mənaca bir-birinin oxşarı olan ayələrin başqa-başqa surələrdə təkrarlanması ilə bağlı psixoloji təsirlər, bəzi yerlərdə təlqinləri gucləndirən qafiyələr, dinləyənlərə düşünüb-daşınmaq imkanı yaratmaqdan ötrü yeri gəldikcə qulağı rahat buraxan qafiyəsiz məqamlar mətnin ilk qavrayışda muşahidəyə gələn dil məziyyətlərindəndir və bunlar ümumilikdə ayələrin nəzmlə, yoxsa nəsrlə yazıldığını vurğulamaq məsələsini etibarsız edir. Əksəriyyət Oxu mətninin orijinalının, yəni ilahi vəhylərdən ibarət ayələrin ədəbi-bədii şəklinin də fövqəladə olduğu qənaətindədir. Mən də bu qənaəti paylaşıram.

Yeni tərcümə əsərimə gəlincə, daha bir yenilik bədii tərcumə üslubu ilə sözbəsoz tərcumə variantının mümkün qədər sintezini ərsəyə gətirməkdən ibarət olmuşdur. Ona gorə “mümkün qədər” ki, indiki məqamda bunu bütün mətn boyu tam və ideal bir şəkildə həyata kecirmək hələlik imkan xaricindədir. Bu mənada, əlbəttə, ehtiyac var ki, mətn uzərində cilalanma işi daimi bir yaradıcılıq prosesinə çevrilsin.

Sual: Sosial şəbəkələrdə aktiv insanlardansınız. Yəqin ki, zaman-zaman müxtəlif məsələlər gündəmə gəldikcə bir qisim insanın Qurandan ayələri sitat gətirməklə İslamı, onun Kitabını hədəf seçməsinin şahidi olursunuz. Məsələn, bu günlərdə “Nisa” surəsinin 34-cü ayəsi “trenddir”. Doğrudur, siz bu ayəni fərqli formada tərcümə etmisiniz. Ancaq cəmiyyətin böyük hissəsi digər tərcümə variantlarını qəbul edir. Necə düşünürsünüz, bütün bu məqamları nəzərə alaraq Quranın yenidən tərcümə edilməsinə ehtiyac varmı?

Cavab: Qeyd etdiyiniz ayənin ənənəvi açıqlaması, əlbəttə, qadına qarşı zorakılığa bəraət qazandırır. Cəmiyyətin böyük bir hissəsi, əgər siz dediyiniz kimi digər tərcümə variantlarını qəbul edirsə və bu variantların içində ənənəvi olanı daha yayğındırsa, deməli, buna təəssüflənə bilərik, çünki alt şüurda qadına əl qaldımaq məsələsi dini baxımdan bir qanuniləşdirilmiş və bəraətli anlama gəlir. Məsələni yumşaltmağa çalışan bəzi mütərəqqi türk alimləri isə ayənin açıqlamasında getməyən, ifadə olunmayan bir mənaya süni şəkildə üstünlük qazandırmağa çalışırlar. Mənim təqdim etdiyim isə, həqiqətən, teoloji kəşfdir, məlum sözün lüğətlərdə getmiş məna çalarlarından birini əsas götürür.

Bilməyənlər üçün öncə müvafiq ayənin məzmununu çatdırım. Dikbaşlıq sərgiləyən qadınlara aid öncə “öyüd verin” deyilir. Yola gəlməsələr deyilir “onları yataqda tək buraxın”. Duruma uyğun bu ikinci tövsiyənin ardınca üçüncüsü də gəlir: mətnin orijinalında “vadribuhunnə”. Əksər müsəlmanlar ifadəni “onları döyün” kimi anlayırlar. Əlbəttə, bunun Oxu məntiqi ilə tərs düşdüyü aşkardır. Çünki söhbət konkret məqamda cəza tədbirindən gedirsə, nəzərə alınmalıdır ki, hər hansı yanlış əməlin qarşılığı onun misli ilə, yəni adekvat qaydada verilməsinə dair Oxu ayələrində açkarca təlqinlər var. Bu təlqinlərlə “onları döyün” arasında ziddiyyət vaxtilə məni xeyli məşğul etmişdi.

Təfsir ədəbiyyatına baş vurdum öyrənim ki, ilahi məntiqə tərs düşən bu ənənəvi yozumdan fərqli hansısa başqa bir məqamı, görəsən, vurğulayan olubmu. Mütərəqqi, islahatçı sayılan müsəlman alimlərinin qeydləri də məni qane etmədi. Əksəriyyəti “vadribuhunnə” ifadəsinə aid “da-ra-bə” felinin kökündə otuza yaxın məna olduğunu yazır, bunlardan ən önəmlilərindən dördünü – “vurmaq, döymək, çıxmaq, getmək” mənalarını diqqətə almağı və ifadəni bu cür açıqlamalarda qəbul etməyi məsləhət görürlər: “onları evdən çıxarın”; “onları olduqları yerin dışına getmək zorunda buraxın”; “onları döyün”. Bunlardan hər birinin vəziyyətə, şəxsi keyfiyyətlərə görə uyğulanmasını keçərli bilərək birinci ilə ikincini insan psixologiyasına və hüquq məntiqinə daha uyğun sayanlar da var.

Ancaq məsələ burasında idi ki, “da-ra-bə” felinə həmin ilahiyyatçıların əlavə etdiyi mənaları gətirən müvafiq ön qoşmalarıdır və bu ön qoşmalarından heç biri Oxu orijinalında “vadribuhunnə” ilə birgə işlənmir və ənənəvi şəriəti islah etmək məqsədi ilə istinad edilən mənalar məhz bu üzdən elə təkcə ərəbcənin qrammatikası baxımından mənə, sadəcə, etibarsız görünmüşdü.

Ön qoşmasız halda işlənən “da-ra-bə” feilinin diqqətdən qaçmış, izahlı lüğətlərdə yer almamış, daha çox ərəblərin məişətində (məlum feil də zatən elə ailə-məişət kontekstindədir!), danışıq dilində işlənən və görkəmli rus ərəbşünası V.Borisovun tərtib etdiyi “Arabcko-russkiy slovar”a daxil etdiyi bir mənası diqqətimi çəkdi. Bu, erkəyin dişiylə cinsi əlaqəyə girməsini ifadə edir. Feilin digər məlum mənaları ilə yanaşı, həmin lüğətdə gedən bu mənası ənənəvi oxunuşda, yəni feilin birinci babının “va” bağlayıcısı ilə birgə işlənən əmr şəklində olan variantına da tam uyğun gəlirdi.

İlahiyyatçıların həmin ayənin izahı ilə bağlı məntiqi dalana dirənmələrinin başlıca səbəbi indinin özündə də, bir daha təkrar bildirim, həmin sözə aid rast gəldiyim mənanın ərəb dilinin ən məşhur izahlı lüğətlərində yer almaması ilə bağlıdır. Yəni sözün lüğəti mənasına istinad etmək müsəlman alimləri üçün ilk baxışdan mümkün görünmür. Niyə ilk baxışdan? Az sonra buna da aydınlıq gətirəcəyəm. Ona görə də bəzən yanlış bir tərzdə kontekstdən kənar mənaya üstünlük verməli olurlar. Mənim vaxtilə istinad etdiyim isə məşhur bir ərəb-rus lüğəti idi ki, sözügedən feilin yeni mənasının əsaslandırılması üçün müraciət etdiyim qaynaq rolunu oynamışdı. Maraqlıdır ki, izahına çəhd etdiyim məna ənənəvi olmayan oxunuşda da öz əksini tapa bilir. Bu qeyri-ənənəvi oxunuş isə islam ilahiyyatında əksəriyyətcə məqbul sayılmır.

Yeri gəlmişkən, buna da toxunum ki, aydınlıq yaransın. Məsələ burasındadır ki, “Quran” ayələrinin toplanaraq kitab halında tərtibləndiyi dövrdə ilkin nüsxələrin mətnlərində nə bəzi samitləri bir-birindən fərqləndirən, nə də saitləri bildirən diaktrik işarələr varmış. Hazırda da ərəbcə həm çap materialları, həm əlyazmalarda “hərəkələr” dediyimiz sait işarələri bir qayda olaraq qoyulmur. Sözləri bilən, qrammatikadan agah olanlar üçün bu, problem yaratmır. Bəzi samitlərin isə nöqtələri qoyulmasa olmaz, yazılanları fərqləndirə bilməzsən. “Quran”ın ilk nüsxələrində bu nöqtələr də yoxmuş və o zaman bunlara kəskin ehtiyac olmayıbmış, çünki ilk müsəlmanlar ayələri əzbər bilirmişlər. Zaman keçdikcə fərqli oxunuşlar üçün risklər artırmış ki, bu da mətnə sonradan diaktrik işarələrin əlavə edilməsini şərtləndirmişdir.

Qeyd etdiyim “da-ra-bə” feili ilə bağlı ərəbcəni bilənlərə məlumdur ki, həmin feilin əmr şəkli “idrib”-dir, “va” bağlayıcı ilə işlənəndə olur “v-adrib”. Feilin dördüncü babı olan “ad-ra-bə”nin əmr şəkli isə “adrib”-dir, “va” bağlayıcı ilə işlənəndə olur “va-adrib”. Belə qəbul edilib ki, birincinin əmr şəklində zəif boğaz samiti kimi qəbul edilmiş “həmzə” birləşdiricilik funksiyasını yerinə yetirərək oxunmur və oxunmadığına görə aid olduğu əlif dayağının üstündə yazılmır, dördüncünün əmr şəklində isə ayrıca tələffüz edilir və uyğun əlif dayağının üstündə yazılır. Hələ işarələrin qoyulmadığı “Quran” nüsxələrində həmin feili dördüncü babda da oxumaq mümkün idi. Ən maraqlısı odur ki, feilin dördüncü babında olan və izahlı lüğətlərdə yer alan (!) mənalarından biri elə birbaşa mənim qeyd etdiyimdir. Yəni azacıq fərqli oxunuş tərzi feili dediyim anlamda səsləndirir və gəldiyim qənaətə əlavə dəstək qazandırır. Ancaq yenə də deyim, öncə üstünlük verdiyim heç bu fərqli oxunuş da deyildi, istinadım ənənəvi oxunuşdakı mənalardan biri idi ki, izahlı lüğətlərdə yox idi. Düşünürəm həmin mənanı gələcəkdə izahlı lüğətlərə də salarlar.

Bəli, təbii ki, yeni tərcüməyə ehtiyacı nəzərə alaraq əvvəlki tərcüməmi kənara qoyub yenisini yazdım və bir az əvvəl buna yetərincə toxunmuşam.

Sual: Sizcə, son illər Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən maarifçilik işi radikal ideyaların yayılmasının qarşısının alınmasında nə qədər əhəmiyyətli rol oynayır?

Cavab: Maarifçilik tədbirləri hər zaman aktual və faydalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatşılığı ilə bu istiqamətdə aparılan tədbirləri alqışlamaq lazımdır. Bunların əhəmiyyətini heç cür danmaq olmaz. Bu da var ki, maarifçilik tədbirləri bir dövlət strukturunun işi ilə məhdudlaşmamalıdır və yaxşı olardı cəmiyyətin daha geniş spektri belə tədbirlərə öz töhfəsini versin. Umacaq yerimiz Azərbaycan yazıçıları, mədəniyyət xadimləri, jurnalistlərdir, onların da üzərinə düşən işlər var. Ən azından ötən əsrin əvvəllərində mövhumata, din adına qələmə verilən gerilik adətlərinə qarşı fəallıq göstərmiş maarifçi-demokrat ədiblərimizə, xadimlərimizə layıqli sələflər olmaq istəyirlərsə.

Müsahibəni apardı: Saleh Arslan

“Dövlət və Din” qəzeti, #10(339), Oktyabr, 2019-cu il

Paylaş: