Be. Noy 18th, 2019

Gəncəni alıb baş general olan, Bakıda başı gedən Sisianov – Qafqaz qəsbkarının rəzil sonu – FOTOLAR

Pavel Sisianovun adı Azərbaycan oxucusuna, öz ölkəmizin tarizi ilə maraqlanan insanlara yaxşı tanışdır. Hamı bilir ki, çar Rusiyasının Həştərxan general-qubernatoru, knyaz Pavel Sisianov Gəncədə Cavad xanı qətlə yetirərək şəhəri işğal edən, daha sonra Bakını işğal etmək istəyən, ancaq şəhər qalasının açarlarını əldə edə bilmədən öldürülən tarixi şəxsdir.

Onun haqqında bu gün yazmaq ona görə vacib oldu ki, Sisianovdan 184 il sonra Bakının üstünə yenə işğalçılıq niyyəti ilə gələn, üsyana qalxmış Azərbaycan xalqını ram etməyə çalışan və bu niyyətlə xalqımızın oğul və qızlarının qanının tökülməsinə bais olan Yevgeni Primakov adlı rus kəşfiyyatçısının 90 illik yubileyi ilə bağlı gənc nəsillərə difiramba yazdırıblar, sərgi keçiriblər.

Prinsipcə, Sisianovla Primakovun xalqımıza münasibətdə heç bir fərqi olmayıb. Onların hər ikisi eyni düşüncəni daşıyıblar: qan tökmək bahasına olsa da, bu Qafqaz xalqını ram etmək, itaət altına almaq, istismar etmək, qula-köləyə çevirmək, Rusiyanın ərazisini genişləndirmək və s.

Ona görə də biz Primakov məsələsinə bir az gendən, Sisianov dövründən gəlməliyik.

Pavel Dmitriyeviç Sisianov gürcü əsilli çar generalı olub. O, 1754-cü ilin sentyabrında Moskvada, knyaz Dmitri Pavloviç Sisianovun və Yelizaveta Baqration-Davitaşvilinin ailəsində doğulub. Pavel Dmitriyeviçin əcdadları gürcü çarı VI Vaxtanqın vaxtından Rusiyada mühacir olublar.

Pavel öz hərbi karyerasına 1772-ci ildə, Preobrajenski alayında gizir kimi başlayıb. 1771-ci ildə o, həmin polkun yeger rotasının komandiri təyin edilib. 1778-ci ildə Sisianovu podpolkovnik rütbəsində Tobolsk piyada polkuna keçiriblər.
1786-cı ildə knyaz oğlu polkovnik rütbəsində Sankt-Peterburq qrenadyor polkunun komandiri təyin olunub. Yekaterinanın dövründə başlayan 2-ci rus-türk müharibəsində Sisianov döyüşkənliyi ilə fərqlənib.

Sonradan Sisianov çox döyüşlərdə iştirak edib, ordenlər, medallar alıb, hara göndəriblərsə, tapşırığı dəqiqliklə yerinə yetirib, adı çıxarıb.

1793-cü ildə, 39 yaşı tamam olanda Sisianov artıq general-mayor idi. 1794-cü ildə o, Varşava və Vilnoda üsyanların yatırılmasına rəhbərlik edib. Suvorov kimi dahi bir sərkərdə belə Sisianovu “cəsur general” adlandırıb. Şair Puşkin öz “Qafqaz əsiri” poemasında ona misralar həsr edib. İmperatriçə Yekaterina da onun xidmətlərini mükafatsız qoymayıb, orden-medallarla yanaşı ona Minsk quberniyasında 1500 nəfər təhkimi kəndlisi olan malikanə bağışlayıb.

Turkustan.info musavat.com-a istinadən bildirir ki, Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsinin, daha dəqiqi, ölkəmizin Rusiya tərəfindən ilhaqının əsas işini Sisianov görüb. O, 1796-cı ildə Yekaterinanın əmri ilə qraf Zubovun rəhbərliyi altında Qafqaza gəlib. Onu Bakının komendantı təyin ediblər və o zaman Bakı xanı Hüseynqulu xanla Sisianovun arasında dostluq olub. (Bəlkə də onların arasında eləcə “salam-sağ ol” olub, sadəcə rus mənbələri belə qələmə verirlər – sonradan xanın dostluğa xəyanət etdiyini göstərmək üçün. Bu hadisə haqqında məlumat verən başqa rus mənbələrində gerçəkdən də “verolomno” (“xaincəsinə”) sözündən istifadə edilir. Xan dünyanın o başından gəlmiş və onu kölə etmək istəyən birinə şəhərin açarını verməməyə və öz istilaçı düşmənini öldürməyə görə “xain” adlandırılır).

Sisianovun Bakını mühasirəyə alması

Həmin vaxt Sisianov İran yürüşündə iştirak edib. 1797-ci ildə isə o, səhhəti ilə bağlı olaraq istefaya çıxıb.

I Aleksandr taxt-taca yiyələnəndə Sisianov yenidən xidmətə qayıdıb. 1801-ci ildə o, general-leytenant rütbəsi alıb. 1902-ci ildə Həştərxanın general-qubernatoru və Gürcüstandakı qoşunların baş komandanı təyin edilib.

Sisianov Tarkovski (kumık dövləti) şamxalıyla, Avar, Dərbənd, Lənkəran xanlarıyla, Tabasaran maysumu və Qaytaq usmisi ilə itaətə dair müqavilələr bağlayıb.

1803-cü ildə Sisianov əvvəlcə Car-Balakən icmasını, sonra İlisu sultanlığını Rusiyaya tabe edib. İlin sonunda Meqrel knyazlığı da onun tərəfindən ram edilib. Qafqazdakı cırtdan dövlətləti bir-bir və asanlıqla işğal edən Sisianov Gəncədə müqavimətlə qarşılaşıb və 1804-cü ildə böyük qüvvə ilə hücum edərək Gəncəni tutub. Döyüşlərdə Gəncə xanı Cavad xan da həlak olub.

Gəncənin işğalı Sisianova yeni bir rütbə qazandırıb, o, infanteriya generalı olub. (Bu rütbə feld-marşaldan kiçik, general-leytenantdan yüksək olub, hazırkı ordu generalı rütbəsinə bərabərdir – 1917-ci ildən sonra ləğv edilib).

Sisianovun Abbas Mirzənin ordusuna qarşı döyüşünü əks etdirən illüstrasiya

Daha sonra o, İmeretiyanın çarı Solomonu Rusiya vassalı olmağa vadar edib. 1804-cü ilin aprelində Sisianov İran şahının oğlu Abbas Mirzə ilə döyüşüb. Abbas Mirzə həmin o vaxt o taylı-bu taylı Azərbaycanın valisi olub. Sisianov daha sonra Abbas Mirzənin sərəncamında olan İrəvanı mühasirəyə alıb, ancaq ərzaq və qüvvə çatışmazlığı üzündən geri çəkilib, Tiflisə qayıdıb.
1805-ci ildə Sisianovun xidməti sayəsində Şuragel sultanlığı Rusiyanın tabeliyinə keçib. Daha sonra o, Qarabağ xanlığını, ardınca Şəki və Şirvan xanlıqlarını da Rusiyaya birləşdirib.

Ancaq müzəffər general gəlib-gəlib Bakıda ilişib və bu şəhər onun gor evi olub.

1806-cı ildə o, Bakı üzərində nəzarəti ələ almaq üçün şəhəri mühasirəyə alıb və Bakının hökmdarı Hüseynqulu xandan qalanı ruslara təhvil vermək haqqında vəd almağa nail olub. 1806-cı ilin fevral ayının 8-də xan qalanın açarını təntənəli və dinc şəkildə Sisianova verməli imiş. Sisianov podpolkovnik knyaz Elizbar Eristovun və bir kazakın müşayiəti ilə şəhərin qala divarlarının dibinə gəlib. Hüseynqulu xan açarı generala uzadanda xanın əmisi oğlu İbrahim bəy qəfildən tapançadan atəş açaraq Sisianovu da, knyaz Eristovu da (müşayiətçi kazak aradan çıxa bilib) öldürüb. Belə bir versiya da var ki, xan Sisianovun başını bir göz qırpımında xəncərlə kəsib, amma ruslar generalın tapança ilə öldürüldüyünü yazır.

Sisianovun öldürüldüyü məkan – Bakı, Qoşa Qala qapıları

Hər halda, ya diri-diri, ya da öldükdən sonra Sisianovun başını kəsib İrana Fətəli şaha (Fətəli şah Sisianovun əlindn yanıqlı olub – Qarabaın, Gəncənin işğalına, İrəvanın mühasirəsinə görə) göndəriblər. Başçısı və özü başsız qalan azsaylı rus ordusu geri çəkilib. Təəssüf ki, 8 aydan sonra güclənib gələn rus qoşunlarından Bakını xilas etmək mümkün olmayıb. Xan isə İrana qaçıb. Beləcə, Bakı xanlığı da Rusiyaya birləşdirilib.

1806-cı ildə Sisianovun başsız bədənini Bakıda basdırıblar. 1911-ci ildə isə generalın cəsədinin qalıqlarını çıxarıb Tiflisə aparıblar.

1846-cı ildə, ölümünün 40 illiyində Bakıda Sisianova abidə qoyublar. Sovet dönəmində isə həmin abidə ləğv edilib. Çünki ruslar artıq Bakını yenidən işğal etmişdilər. Bu dəfə çar generalı Sisianova yox, “26-lar”a, 11-ci qrımızı oduya abidə qoyurdular.

Ancaq işğal işğaldır. İşğalçının retbəsi, siyasi mənsubluğu, hətta milliyyəti fərqli ola bilər, amma əməli, niyyəti eynidir.
Müəlliflərindən birinin Primakov olduğu 20 Yanvar qırğınının 30-cu ildönümünün ərəfəsində Primakovun şəninə yubiley tədbiri keçirilməsi ilə 1846-cı ildə Bakının birinci işğalının 40 illiyinin qeyd edilməsi bu baxımdan oxşardır.

Paylaş: