Ça. Noy 12th, 2019

Müxalifətdən yeni Adminstrasiya rəhbəri təyinatına DƏSTƏK

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru Qubad İbadoğlu Samir Nuriyevin Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təqdir edib. 

Turkustan.info xəbər verir ki, bu barədə müxalif Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu Facebook səhifəsində qeyd edib.

Professor yazır: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ziyarətçi professor kimi 2015-16-cı akademik ilində çalışdığım Duke Universitetinin Sanford Dövlət Siyasəti Məktəbinin (https://sanford.duke.edu) məzunudur. Duke Universitetinin Sanford dövlət siyasəti məktəbi reytinqinə görə hazırda ABŞ-da 5-ci yerdədir. Dövlət siyasəti üzrə ABŞ reytinqində 1-ci yeri Miçiqan Universitetinin, 2-ci yeri Kalifornia–Berkeley Universitetinin, 3-cü yeri Çikaqo Universitetinin, 4-cü yeri Indiana (Bloomington) Universitinin dövlət siyasətinin təhlili məktəbləri tutur.

Duke Universitetinə gəlincə, bu məktəbin məzunu olan mənim tanıdığım azərbaycanlıların sayı o qədər də çox deyildir. Onların əksəriyyəti ABŞ-da qalıb, əmək fəaliyyəti ilə burda məşğul olurlar. Samir Nuriyevin Azərbaycana qayıtması və ölkədə fəaliyyətini davam etdirməsi və Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə təyinat alması hazırkı sistem daxilində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmasa da Rusiyadan idarə olunan Ramiz Mehdiyevdən sonra bu vəzifənin ABŞ-ın nüfuzlu məktəbinin məzununa tapşırılmasını siyasətdə dəyişikliklərə təsir etməsə də adminstrasiyanın işinə bəzi yeniliklər gətirəcək.

Hazırkı səlahiyyətləri ilə Prezident Adminstrasiyasının funksiyasına Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlanması, eləcə də qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi, yoxlanılması və dövlət başçısına müvafiq məruzələrin təqdim edilməsi daxildir.

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.

Adminstrasiyanın tərkibində aşağıdakı strukturlar vardır. Hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi vakansiyadadır. Fikrimcə, Samir Nuriyevin Adminstrasiya rəhbər təyinatı yalnız vakant yerlərin doldurulması ilə deyil, həm də mövcud vəzifələrə yeni təyinatların olması ilə də ictimai diqqətə gələcək. Lakin, əvvəlki tərkibdə əhəmiyyətli dəyişikləri gözləmirəm”.

Paylaş: