Ça. Noy 12th, 2019

Rus qoşunlarını ölkədən zülümlə çıxarmışdıq – AXI NİYƏ?!

Mənə elə gəlir ki, bu yazını oxuyan hər kəs eyni sualı verəcək

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Ötən həftənin əsas hadisələrindən biri, şübhəsiz ki, Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası oldu. Bu iclasda kimlərin iştirak etməsi, nə danışması, hansı qərarlara gəlməsi barədə kifayət qədər məlumatlısan, əziz oxucu. Bu barədə Azərbaycanda özünü reket qəzet sayan və saymayan, 3 əməkdaşla adının qarşısına “beynəlxalq” sözü əlavə edən və etməyən hər bir media qurumu, bir sözlə hamı yazdı. Bu baxımdan səni yormaq fikrindən uzağam.

Qısaca xatırladım ki, toplantı zamanı Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirdilər. İclasda, həmiçinin “Beynəlxalq Ordu Oyunları-2019″un yekunları müzakirə olundu və İkinci Dünya Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirildi.

Deyək ki, bu toplantı da, artıq son illər şəhərdaxili çoxsaatlıq tıxaclarla müşayiət olunan Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdən biri idi – öz məramı və məqsədi ilə.

Amma məni bu sammitin yekunları ilə bağlı qəbul edilən qərarlar içərisində yalnız bir maddə narahat edirdi. Düzdür, o maddə neçə məsələdən ibarət yekə bir siyahının ortasına salınmışdı və ilk baxışdan, sanki əhəmiyyətsiz – “dejurnı” bir məsələ idi. Lakin bir az dərinə getsək, mənə elə gəlir ki, politoloq və araşdırmaçılar üçün kifayət qədər düşünmə məhsulunun olduğunu görərik.

Bu, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması məsələsidir. Məlum oldu ki, MDB Müdafiə nazirləri Birlik ölkələrinin silahlı qüvvələrinə operativ-strateji sahələrdə zabitlər hazırlanması üçün Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasına baza-təşkilat statusu verilməsinə razılıq veriblər.

Qəliz oldusa, bir az sadə dildə anlatmağa çalışım: MDB ölkələri silahlı qüvvələri üçün zabitlər Rusiya Hərbi Akademiyasının bazası əsasında hazırlanacaq. Yəni, həmçinin Azərbaycan ordusunun zabitləri də. Maraqlıdır, axı niyə?

Biz Rusiya ilə dostuq, onlardan silah alırıq, əməkdaşlıq edirik, nə bilim daha nə edirik… Amma ordu, bakılılar demiş, alayı şeydir axı. Alınan silahı, rus instruktorlardan elə Bakıda dərs alaraq işlətməyi öyrənmək mümkündür. Ermənistanla müharibə şəraitində olan bir dövlətin, düşmənin strateji müttəfiqinin bazasında dərs keçməsi, məncə, məntiqli deyil.

Söhbət mövcud siyasətdən, silahdan və sairdən getmir. Biz sovet şinelindən çıxmışıq, rus qoşunlarını ölkədən zülmlə çıxarmışıq, hələ də Müdafiə Nazirliyimizi sovet (rus) beyinlərindən tam təmizləyə bilməmişik və rus hərbi sisteminin qlobal rus siyasətinin bir qolu olduğunu gözəl bilirik. Bəlkə elə ona görədir ki, get-gedə NATO sistemi ilə inteqrasiyadan daha çox danışırıq. Mən demirəm ki, Rusiya ilə əməkdaşlıqdan imtina edək, amma….

Bu yaxınlarda rusiyalı hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkinin bir müsahibəsini oxudum. O, Rusiyanın Azərbaycana silah satmasına Ermənistanın narazılığı barədə danışarkən deyir:

satmasına Ermənistanın narazılığı barədə danışarkən deyir:

“Azərbaycana silah satmaqla Rusiya bir neçə məqsəd güdür. Birinci, kommersiya – bizim silah dünyada keyfiyyət-qiymət balansına görə öndədir. İkincisi siyasi aspektdir – istənilən ölkəyə silah satışının arxasında həmin ölkəyə olan siyasi təsir dayanır. Ola bilər ki, bu təsir sənədlə, müqavilə ilə olmasın. Bu təsir silah alan ölkənin zabitlərinin silah satan ölkənin hərbi məktəblərində alınan silahları istifadə üçün tədris keçməsi zamanı da olur. Tədris isə, istəsək də, istəməsək də, insanın dünyagörüşünə, psixologiyasına təsir edir. İstənilən halda, başqa ölkədə təhsil alan tələbənin (zabitin) bu ölkəyə münasibəti daha xoş, daha səmimi olur… Bu, o demək deyil ki, məktəblərdə kimisə “verbovka” edirlər. Unutmaq olmaz ki, satılan silah partiyasının arxasınca, ehtiyat hissələri, döyüş raketləri filan da lazım olur – elə bu da davamlı təsirin bir hissəsidir”…

Mənə elə gəlir ki, bu yazını oxuyan hər bir oxucu da “Axı niyə?!” sualının cavabını axtaracaq. Ən azı bu barədə düşünəcək. Düşünəcək ki, ölkədə daha heç vaxt başqa dövlətin hərbi bazası olmasın…

 

Paylaş: