Ca. Noy 21st, 2019

AYB üzvləri: “Anar istefa ərizəsini oxumalıdır”

“Azərbaycan Yazıçılar Birliyi 2020-ci ilin yaz aylarında qurultay keçirəcək”. 

Cebhe.info-ya açıqlamasında bunu AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. Qurultayda həm gənc yazarlardan, həm də yaşlı nəslin nümayəndələri öz namizədliklərini irəli sürəcək. Artıq AYB sədri Anar növbəti qurultayda da namizəd olacağını açıqlayıb. 

Gənc yazarlar isə təşkilatda gəncləşmə arzusundadır. 

Prezident təqaüdçüsü Fuad Cəfərli Cebhe.info-ya açıqlamasında AYB-də gəncləşmə siyasətinin mütləq şəkildə getməli olduğunu deyib:

“Bu gün zaman inanılmaz dərəcədə sürətlidir. Bəzi qərarları vermək üçün çevik zəkaya və enerjiyə ehtiyac var. Hazırda AYB-də fəaliyyət göstərən yaşlı nəslin Azərbaycan ədəbiyyatında xidmətlərini danmaq olmaz. Amma kreativ nümunələr yaratmaq və qərarlar vermək üçün yeni nəfəsə ehtiyac var. Eyni zamanda ədəbiyyatda yeni təqdimata da ehtiyac duyulur. Necə ki, ədəbiyyatda 60-cılar nəsli Heydər Əliyev təqdim etmişdi, onlar da öz üzərlərinə düşəni layiqincə yerinə yetirdilər. Amma bu gün AYB-nin bölgələrdəki nümayəndəlikləri iflic vəziyyətdədir. AYB-də yazarların nəşr olunan kitablarının sayı onun üzvlərinin sayından azdır. AYB-nin təxminən 1700-ə qədər üzvü var, lakin kitablar 300-500 tirajla nəşr olunur. Bu da o deməkdir ki, AYB-də nəşr olunan kitablar heç onun üzvlərinə çatmır. Deyirlər ki, maliyyə vəsaiti yoxdur. Ancaq dövlət böyük miqdarda pullar ayıraraq ədəbiyyata güclü dəstək göstərir. Dövlət büdcəsindən ayrılan pullar göz önündədir. Bu gün də ölkə başcısı İlham Əliyev cənabları həmin dəstəyi eyni ilə göstərir. AYB-nin illik büdcəsindən əlavə 800 000 manat bir, 3 000 000 manat bir ayrılıb. Amma bu qayğıya baxmayaraq AYB-nin bölgələrdəki nümayəndəlikləri iflic vəziyyətdədir. Yəni məsələ budur ki, AYB yazıçısını öz qurumu daxilində belə təqdim edə bilmir, nəinki ölkə daxilində. Məsələ maddiyyatda deyil, çevik reaksiyada və hadisələri düzgün təhlil edib həmin vaxt qərar verməkdədir. Mən AYB-də Gənclər Şurasının üzvüyəm. Bunları yanaraq deyirəm. Ayda 1 dəfə jurnal çıxarırlar, onun da tirajı az olur və içindəki mətnlər ədəbiyyatın tələbinə cavab vermir. Orada elə üzvlər var ki, indiyə kimi bir yazısı da nəşr olunmayıb. Deyirlər ki, yazıçılar özü yaxınlaşmalıdır. Əgər bu AYB-nin jurnalıdırsa, yazıçı niyə ona yaxınlaşmalıdır? Birlik özü öz işi ilə məşğul olmalı və maraqlanmalıdır. Hətta özləri yazı göndərən yazarlar var ki, onların yazısı “Azərbaycan” jurnalında nəşr olunmur. Anar müəllim hər zaman ölkənin ictimai-siyasi-mədəni həyatında öz töhfəsini verib və nümunə olub. Düşünürəm ki, bu gün də Anar müəllim öz töhfəsini verməli və nümunə olmalıdır. Seçimə gəlincə, səsvermə açıq və göz qarşısında olacaq. Düşünürəm ki, şəffaf keçiriləcək”. 

Gənc yazar, Prezident təqaüdçüsü Tural Turan deyib ki, 13-cü qurultay tez çağırılmalı və Anar Rzayev orada öz istefa ərizəsini oxumalıdır:

“Ölkədə struktur islahatları aparılırsa, gənclər siyasəti yürüdülürsə, fikrimcə, bu, təkcə siyasi sahəyə aid olmamalıdır. Baxın, Azərbaycan Milli Elmlər Akademiyasının yaşı 80-i ötmüş prezidenti Akif Əlizadə də prezidentin çağırışını eşitdi, istefasını verdi. Düşünürəm ki, Azərbaycan Yazıçılar Birliyinin 82 yaşlı sədri Anar da istefa verməlidir. Doğrudur, AYB seçkili orqandır. Amma AMEA da seçkili orqan idi. Akif müəllim Əlizadə başa düşdü ki, innovativ yeniliklər elmdən də kənarda qalmır. Eləcə də ədəbiyyat sahəsində də dünyada sürətli yeniliklər baş verir. Bu yaxınlarda bir araşdırma etdim, dünyanın aparıcı ədəbiyyat dərnəklərinin, “Pen klub”larının, ədəbi qurumlarının rəhbərlərinin yaşı 44-dür. Bizdə AYB-nin idarə heyətinin orta statistik yaşı 70+dur. Bilirsinizmi bu nə deməkdir? AYB sədri Anar 32 ildir ki, eyni postdadır. Heç MDB məkanında da bu müddətdə Yazıçılar Birliyinə sədrlik edən kimsə yoxdur. Anar bəy isə gənclərə etimad göstərmir. Güvənmir. Halbuki atası Rəsul Rza Yazıçılar İttifaqının sədri olanda 28 yaşında idi. Əgər bu gün AYB-də gəncləşmə siyasəti aparılarsa, o zaman biz MDB sərhədlərini aşa bilməyən poeziyamızı və nəsrimizi dünyaya çıxara bilmərik. Bu gün Azərbaycan ədəbiyyatını ən yaxşı halda 40-50 yaşlı yazarlar təmsil edir. Xaricdəki tədbirlərə də eyni adamları aparırlar. Təbii ki, bir çox tədbirlərə Anar bəy öz adını yazır, qolunu çəkir və dövlət hesabına özü gedir. Belə olan halda gənclərin dünya ədəbiyyatına ayaq açması mümkün ola bilərmi? Dövlət bu yaxınlarda AYB-yə 800 min manat pul ayırdı. Həmin pula istedadlı gənclərin əsərlərini çap etmək olardı. İndi də gec deyil. Əgər həmin pulun axırına çıxmayıblarsa… Amma etmirlər. Niyəsini özləri daha yaxşı bilir. Düşünürəm ki, ən qısa zamanda AYB-nin 13-cü qurultayı çağırılmalı və Anar Rzayev orada öz istefa ərizəsini oxumalıdır. Gənclərdən istedadlı adam yoxdur ki, 55 yaşlı birisi gənclər üzrə katib qoyulub? Gənclərə meydan veriləcəyi təqdirdə yeni istedadlı nəsillərin tez bir zamanda boy verəcəyinin şahidi olacağıq. Bu gün AYB sədri gənc yazarların hansı durumda olduğundan, onların sosial rifahından xəbərsizdir. İçi mən qarışıq onlarla yazarın ev problemi var. Mən özüm 13 ildir yataqxanalarda, mənzil şəraiti bərbad olan kirayələrdə yaşayıram. Onlarla belə gənc yazarımız var. AYB bu kimi məsələləri ən yuxarı səviyyədə qaldırmaqdansa, istedadsızları təqaüdünə yazaraq “lazımlı vaxtlar üçün” trol ordusu saxlayır. İstedadsızlara meydan verir”.

Paylaş: