Ca. Noy 21st, 2019

Elçin Əlibəylidən ŞOK SÖZLƏR: Məni döyən Avropa çempionu polisin yanında…

“Bir neçə gün əvvəl cənab nazirə, bir neçə dövlət orqanına müraciət etdim. Reaksiya gəlmədi. Mənim artıq başqa çarəm qalmır. Bütün sənədlərimi toplamışam, aldığım mükafatları da əlavə etmişəm. Artıq məcburam ki, başqa ölkədən siyasi sığınacaq alım. Əgər bu ölkədə məni müdafiə edən kimsə yoxdursa, ədalətin tərəfində heç kim dayanmırsa, mən cəhənnəm olub bu ölkədən getməliyəm”.

Turkustan.info xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli deyib.

19 oktyabrda qonşusu tərəfindən döyüldüyünü deyən aparıcı başına gələnlərlə bağlı ətraflı şəkildə danışıb: “Hadisə 19 oktyabrda Milli Şuranın icazəsiz mitinqi günü baş verib. Mən bir status yazdım. Heç kimi təhqir etmədən bildirdim ki, belə müxalifət, belə mitinq olmaz. Ardınca qeyd etdim ki, lider o cür olar ki, seçkidə də, Qarabağ məsələsində də nida qoyar. Nida qoya bilməyən adam suallarla yaşayırsa, ondan lider olmaz. Amma ad çəkməmişdim. Ümumi yazmışdım. Ziyalı kimi öz mövqeyimi bildirmişdim. Fikir bildirmək bu ölkədə qadağan deyil ki. Həmin ərəfədə divar qonşumuz – həm də qapı-bir qonşu düşür – mitinqdə çəkilmiş səs-küylü videonu açıb səsgücləndiricilərə qoşdu. Onlar həm də müxalifətin gənc fəallarındandırlar. Mən də qapını döydüm deyəm ki, mənim evimdə uşaq yatır, belə etməyin. Qapıya 17-18 yaşlarında bir nəfər çıxdı. Mənimlə kobud danışdı. Mən də dedim ki, valideynin gəlsin, onunla danışım. Daha sonra anası yaxınlaşdı və çox normal, sivil qaydada danışdı. Anası mənimlə danışanda gənc oğlan məni vurmaq istədi. Mən də buna el arasında işlənən “xoruzlanma” sözünü dedim. Pis mənada yox. Müğənnilərin dediyi kimi də nəzərdə tutmadım. Sadəcə yaşım böyük olduğu üçün hörmət tələb etmək mənasında dedim. Ayıbdır axı. Anası da anladı mənim sözümü. Uşağını da götürüb girdi içəri. Axşam saat on idi. Qapı döyüldü. Qapını döyən adamı qapı qonşumuz olsa da, tanımırdım. Səhər tezdən çıxıb gedir, evə gecə gəlir. Evlərində də söyüşdən başqa heç nə eşidilmir. Bilmirəm, o adam hansı maddələrdən istifadə edir. Evə gələn kimi söyüşməyə başlayırlar. Gecələr evdən qovurlar. Əxlaqsız həyat tərzi sürür. Birinci sözü o oldu ki, sən mənim uşağıma söz deyirsən? Ardınca düz qasıq nahiyəmə iki təpik vurdu. Mən də mart ayında həmin yerdən əməliyyat olunmuşam. Həmin nahiyədə yırtıq var idi. Qasıq nahiyəsində olan yırtıqlar artıq çəkisi olan insanlar üçün daha təhlükəlidir. Çünki daim təzyiq altında olur. Mənim də həkimim mənə bərk-bərk tapşırmışdı ki, üzərinə xüsusi bir şey qoyum. Nə ağırlıq qaldırım, nə də güc vermə. Çünki bu problem ömürlükdür. Təpikdən sonra üzümdən vurmaq istədi. Yaxşı ki, üzümü müdafiə edə bildim. Onda əlim də göyərdi. Hər halda, bu adam Avropa çempionudur, mən onun qarşısına necə çıxa bilərdim? Səs-küyə bütün qonşular, hətta həyətdəki bərbər də gəlmişdi. Polis gəldi. Onu şöbəyə apardılar. Məndən də izahat aldılar. İki gün sonra bizi şöbəyə dəvət etdilər. Şöbənin rəisi çox mədəni şəkildə çağırdı və barışmağımızı istədi. Mən də bildirdim ki, heç kimlə düşmənlik etmək istəmirəm. Kimsəni həbs etdirmək niyyətim yoxdur. Amma mənim sağlamlığım əldən gedib. O imkanım da yoxdur ki, yenidən əməliyyat olunum. İşim də televiziya işidir. Ayaq üstə olmalıyam. İndi isə nə ayaq üstə qala bilirəm, nə də otura bilirəm. Nə qədər uzanmış vəziyyətdə yaşaya bilərəm? Bəs mənim evimə pulu kim gətirəcək? Rəisə dedim ki, sizin sözünüzlə əlimi uzadıb barışıram. Amma heç olmasa, əməliyyat üçün tələb olunan məbləğin yarısını ödəsin və müalicəmə dəstək olsun. Bir növ kompensasiya ödəsin. Qalanını mən özüm edərəm. Adam razılaşdı. Aramızdakı bu söhbət oktyabrın 21-də oldu. Ayın 23-də tədqiqatçı bizim evə gəldi və onu da dəvət etdi. Biz razılaşdıq ki, kompensasiya ödənir və mən şikayətimi geri götürürəm. Şikayət ərizəmi cırdım və yazdım ki, mən bu adamdan şikayətçi deyiləm. Bir şərtlə ki, mənə kompensasiya ödəsin. İmzamı da qoydum. O gün bu gündür, bir səs çıxmadı. Dünən həmin adam polis şöbəsinin rəisinin otağında yenidən mənə hücum çəkdi, söydü. Az qalmışdı ki, orada da məni vursun. Rəis isə bunlara tamaşa edir. Heç nə olmamış kimi davranır. Rəisə dedim ki, bu adam sizin yanınızda bunları edə bilirsə, gəlib məni evimdə bıçaqlaya bilər. Çünki narkomandır, özünü idarə edə bilmir. Bu problemin kökündə duran məsələ isə odur ki, həmin şəxs Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiqdir. Buna görə də polis orqanları reaksiyasızdır”.

E.Əlibəyli bildirib ki, həmin adam gündə bir nömrə ilə zəng edir: “Normal adamın bir nömrəsi olar. Demək, həqiqətən də normal adam deyil. Bilirəm ki, qardaşı da bu məsələdən xəbərdardır. Bu gün bir jurnalist dostum mənə yazdı ki, Namiq bu məsələdən ötrü narahatdır. Mən də dedim ki, nömrəmi ver, zəng edim mənə desin ki, narahatam. Heç bu jesti belə etməyiblər. Mən kimisə yükləmək, həbs etdirmək istəmirəm. Sadəcə sağlam yaşamaq istəyirəm. Çünki mənim işim sağlamlıqdan keçir. Mənim üç övladım var. Ayın 19-dan bu günə qədər ağrıkəsicilərlə yaşayıram”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: “Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır”.

Paylaş: