Ca. Noy 21st, 2019

Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.
Turkustan.info xəbər verir ki, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Güləliyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ona zəng ediblər.

“Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, – deyə F.Güləliyeva  həyat yoldaşı qeyd edib.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir. 

Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.

Paylaş: