Ca. Noy 21st, 2019

Kredit bazarında yeni qayda: Nəyi dəyişəcək?

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib. 

Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edib. Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır. Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.

Məlumdur ki, real göstəricilər rəsmi olaraq etiraf olunmasa da problemli kreditlərin həcminin yüksək olması Azərbaycan bank sektorunun vacib problemlərindən biridir. Bankların biznes kreditləri verməyə maraqlı olmaması səbəbindən istehlak kreditləri, o cümlədən də bu istiqamətdə problemli kreditlərin həcmi artmaqdadır.

Rəsmi açıqlamalara görə, əhalinin kredit təşkilatlarına borcu cari ilin 9 ayında 1 milyard manata yaxın, 20 ayda isə 1,8 milyard manata yaxın artaraq 6 milyard 292 milyon manata çatıb. Bu müddət ərzində Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artaraq sentyabr ayının sonunda 14 milyard 243 milyon manata çatıb. İstehlak kreditlərində artım, ümumi artımın 80%-ni təşkil edib, real sektora verilən cəmi kreditlər 251 milyon manat artıb.

Onu da xatırladaq ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi məsələlərə dair keçirilən müşavirədə də bu məsələyə toxunulub. Dövlət başçısı bank sektorunun yenidən əvvəlki maliyyə-kredit siyasətinə qayıtdığını, istehlak kreditləşməsi həddindən artıq olmasının bankların böhranına gətirib çıxaracağını deyib.

Bu istiqmətdə qaydalara dəyişikliyin edilməsi və  kredit riskinin maksimum miqdarı ilə bağlı limitin qoyulması vəziyyəti dəyişəcəkmi?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, inzibati qaydalarla risk menecmentini yaxşılaşdırmaq mümkün deyil:

“Dünya praktikasına baxanda da görürük ki, tək inzabati qaydalarla faiz dərəcəsini aşağı salmaq, risk menecmetini yaxşılaşdırmaq mümkün deyil: “Doğrudur, bununla müəyyən problemlərin qarşısını almaq olar, amma məsələni kökündən həll etmək üçün iqtisadi mexanizmlər işə düşməlidir. Yəni  kreditlərə çıxış imkanı yaxşılaşdırılmalı, faizlərin aşağı düşməsi üçün işlər görülməli, biznes kreditlərinə maraq yaradılmalıdır. İstehlak kreditləri ona görə artır ki, biznes kreditləri daha yüksək faizli və qısamüddətlidir, buna görə də iş adamlarına sadəcə olaraq, kreditin bu növünü götürmək sərf etmir. Ona görə də banklar da məcbur olub istehlak kreditlərini artırırlar ki, bu yolla pul qazansınlar ki,  öz problemlərini həll etsinlər və gəlir əldə etsinlər. Məlumdur ki, hər bir bankın öz xərcləri də var”. İqtisadçı deyir ki, kredit faizlərinin aşağı düşməsi üçün Mərkəzi Bank müəyyən işlər görə bilər: “Və ya xarici bankların ölkə bazarına daxil olması üçün müəyyən işlər görülə bilər ki, rəqabət mühiti yüksəlsin. Rəqabət artdıqca faizlər də aşağı düşəcək, işin keyfiyyəti də artacaq. Bir çox məsələlər var ki, onlar kompleks formada həll olunmalıdır. İnzibati tənzimləmə də kompleks həll yollarından biridir. Amma bununla yanaşı, digər üsullardan da istifadə edilməsinə ehtiyac var”.

Bəs qayda dəyişikliyi banklara nə vəd edir, bunun onların fəaliyyətinə mənfi təsiri gözləniləndirmi? 

Natiq Cəfərli deyir ki, oyun qaydaları sərtləşdikcə, bankların istehlak kreditləri vermə imkanları məhdudlaşır ki, bu da onların gəlirliliyinə təsir edir:

“Bu dəyişikliyin müsbət tərəfi odur ki,  problemli kreditlərin yaranma sürəti aşağı düşə bilər. Amma nəzərə almaq lazımdır ki, bankların əsas işi pul qazanmaqdır. İstehlak kreditləri də əsas gəlir mənbəyidirsə, təbii ki, bu bankların gəlirliliyinə mənfi təsir göstərəcək”.    /Cebhe.info/

Paylaş: