Ca. Noy 21st, 2019

Adam azan səsinə də oynayar…

Təxminən 10-12 ilin əhvalatıdı. Tələbə idim. Birinci ya da ikinci kursun yay tətili idi. Kəndə getmişdim. Ad günüm həmişə yasa dəng gəlsə də gedişim çox vaxt toya, düyünə düşürdü.

Bu dəfə də elə olmuşdu. Kənddə toy idi. “Baxdı”ya getmişdim. Biz tərəflərdə cavan oğlanların, subay qız seçimləri adətən axşam toy mağarında olor.

…Cavan oğlan, laçın vaxtlarım, başıma incil mürəbbəsindən, şirədən-şırtıqdan yaxıb mağara üz tutmuşdum. Qız bəyənməli idim. Evdən dəng eləmişdilər. Açığı, özüm də meyllənmişdim.

Qırçın donlu, saçı hörük, tiftiyi buruq qız axtarerdim. Amma istədiyimi tapammerdim.

Deməyə də utaneram, mənimki sarı saçlı, ala gözlüləriydi. Üzüm ayağınızın altına, tez arvada çatdırmayın ey, o vaxtalar eləydim.

Nə başınızı ağrıdım, mağara girdim. Gördüm “Yanıq Kərimi” çalıner. Açığını deyəjəm, mən “Yanıq Kərəmi”ni oynayanlara o vaxt erməni kimi baxerdim.

Gördüm ortada bir kişi var. Özü də tək oynor. Dəli kimi… Bir qanad açıfkın, gəl görəsən. Yernən, göynən əlləşer. Kənd adamı döyüldü. Üzünə baxıf tanıyammamışdım.

Dedilər ki, dəli rəis deyillər. Ərəsey tərəflərdəndi. Biz tərəfdə uzaq kənddən gələnə “ərəseyli” deyillər. Sonradan öyrəndim ki, 1994-cü ilin Kəlbəcər əməliyyatında 17 əsgərini itirib. Əsgərləri gözünün önündə tara düşüb.

Bələdçinin güdazına gediblər. Özü də ağır yaralanıb. Üstəlik, bir neçə il günahkar kimi də tutsaq qalıb. O oynamaq hələ də gözümün önünə gələndə deyirəm ki, adam dərddən “Kərəmi”yə də oynayar, “Azan” səsinə də…

O hadisədən sonra “Kərəmi”yə oynayana erməni kimi yox, dəli kimi baxıram. Bir-iki dəfə də özüm oynamışam. Dəli kimi yox, dəlirəndə… Çox sonralar adını bilmədiyim həmin zabitin oynamağına “Xaç ortası hilal” adlı bir şeir yazmışdım…

22 bürkü (iyul) 2016

Paylaş: