Ç. Noy 20th, 2019

Emin Həsənli: “Qurultayda Azərbaycanla əməkdaşlıq önə çəkildi”

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyəyə səfəri zamanı keçirdiyi görüşlər barədə danışıb.

Turkustan.info xəbər verir ki, E.Həsənli Lent.az -a açıqlamasında bildirib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin 8-ci qurultayına dəvətli olunub: “Bizim təşkilatla Milliyyətçi Həkimlər Dərnəyinin əməkdaşlığı var. Bu il Qurban bayramında onlar Ağdamda, Bərdədə, Tərtərdə, Xocalıdan olan qaçqınlarımızın kompakt məskunlaşdıqları yerlərdə, həmçinin hərbi hissələrdə qurban kəsdilər. Bundan başqa, türkiyəli həkimlərin Azərbaycana gəlib, imkansız köçkünlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin müalicəsi ilə məşğul olması nəzərdə tutulur. Ehtiyac olduğu halda, bir qisminin Türkiyədə müalicəsi təşkil olunacaq. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tələbələri ilə Türkiyənin Hərbi Tibb Universitetlərinin əməkdaşlığı dərinləşdiriləcək. Türkiyədə uzmanlıq oxumaq istəyən tələbələrə xüsusi, təmənnasız kurslar təşkil ediləcək”.

Emin Həsənli bildirib ki, qurultaya qədər Dərnəyin rəhbəri Prof. Dr. Orhan Gedikli idi. O, bizim ölkəmizdə də çalışıb, Azərbaycanı çox gözəl tanıyır. Qurultayda Op. Dr. Semih Uşaklıoğlu yeni sədr seçildi. Semih bəy də türk millətinə bağlı bir insandır və Türkiyədə tanınmış həkimlərdəndir. Qurultayda qərara alındı ki, Azərbaycanla sıx əməkdaşlıq davam etdirilsin. Mən qurultayda geniş çıxış etdim, sonra da idarə heyətinin üzvləri ilə görüşdüm.
Görüşdə son vaxtlar Türk Şurasının 10 illiyi ilə bağlı Bakıda keçirilən tədbirlərdən danışıldı. Milliyyətçi Həkimləri Dərnəyinin yeni nizamnaməsində dəyişiklik edildi, artıq başqa türk dövlətlərindən də olan həkimlər və tibb təhsili alan tələbələr də bu dərnəyə üzv ola bilər. Bütün bunlar əməkdaşlıq baxımından çox önəmlidir”.

Emin Həsənli qeyd edib ki, qurultayda həm əvvəlki sədr Orhan Gedikliyə, həm də yeni sədr Semih Uşaklıoğluna hədiyyələr təqdim ediblər: “Türkiyə-Azərbaycan qardaşlığının dərinləşməsinə göstərdiyimiz dəstəyə görə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri kimi mənə təşəkkür plaketi təqdim olundu”.

Paylaş: