Ç. Noy 20th, 2019

36 ölçülü xoşbəxtlik… – Günel Yazın essesi

Günel YAZ

Uzun müddətdir, elə bil, depressiyadayam. Səbəb də üst-üstə gələn problemlərdir, qayğılardır, əsəbdir və daha nələrdir. İnanmıram, biri çıxıb desin ki, məndə hər şey normaldır.

Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Hər beş nəfərdən biri ömründə, heç olmasa, bir dəfə depressiyaya düşür yəqin ki. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhval-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı hal alır. Heç kim depressiyadan sığortalana bilmir. Bəzən o, səbəbsiz-filansız gəlib səni yaxalayır. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxarır. Qısaca, hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir. Depressiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilməyəndə isə aylarla, illərlə, bəzən lap ömür boyu qala bilir. Belə olanda el arasında deyirlər ki, bir az arsız ol, heç nəyi dərd eləmə.

Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı da xoş keçər, canı da sağlam olar. Son zamanlar belə insanlara həsəd aparıram.

Arsız olmaq?! Bunu bacarmaq da bir istedad istəyir. Məcbur da olsa, öyrənməliyəm. Çünki həyatım yetmir, ömrüm yetmir adi məişət problemlərinə, maddi sıxıntılara, mənəvi aşınmalara. Özümdən başqa hər kəsə – dosta, bacı-qardaşa, sevgiyə, tanışlara yetişirəm. Sonda ovucumda xəyal qırıqlığı, yalan gülüşlər, vədlər, kürəyimdə hiss etdiyim ağır sancılar qalır. Buna görə də hər səfərində özümdən üzr istəyirəm: İnsanlara layiq olduqlarından çox dəyər verib özümü məhv etdiyim üçün. Başqasının qəlbi qırılmasın deyə, öz qəlbimi parçaladığım üçün. Başqalarının imdadına tələsib, öz imdadıma gecikdiyim üçün. Hər kəsi xoşbəxt etməyə çalışarkən, öz xoşbəxtliyimi unutduğum üçün. Kim bilir, bəlkə də, seçimlərimdə, ətrafımda, duyğularımda yanılmışam.

Başa düşürəm ki, ananın canından qopub dünyaya göz açan insan ömür boyu həyat mübarizəsi ilə yol gedir – zülmətdən işığa doğru. Bəlkə də, depressiya həyatımızın ən ağır sınaqlarından birini bizə yaşadır. Bu vəziyyətdən çıxmaq isə elə də asan olmur. Çıxmadıqca batırsan, doğmaların, yaxınların, əzizlərin sənə yad gəlir. Mən bunları yaşasam da, heç vaxt depressiyaya düşdüyümü qəbullanmamışam. Həmişə bir çıxış yolu axtarmışam, bir işığa boylanmışam, bir əldə isinmişəm. Bəzən isə hər şey fərqli olub. Qadınlar kişilərdən fərqli olaraq alış-verişdə yaxşıca stress atıb, dincəlirlər. Elə mənim son depressiyadan çıxışıma səbəb olan ayaqqabım kimi – 36 ölçülü… Böyüyünü tapmadığım üçün, məni incidəcəyini bilə-bilə aldım. O qədər gözəl və cazibədar görünürdü ki… Düşünürdüm, sanki onu geyinsəm, hər şey bitəcək, daha xoşbəxt olacağam. O xoşbəxtlik, dar olsa da, 36 ölçüyə sığdı. Arada incitdiyinə görə, ayağımdan üzr istəyirəm. Məni yaşadan qəlbimdir. Amma bir məqam var, gələcəkdə ayaqlarım ağrı tapanda, ürək də sevinə bilməyəcək. Artıq o cazibədar, gözəl ayaqqabı gözlərimdə elə möhtəşəm işıldamayacaq. Bəlkə də, elə bu 36 ölçülü ayaqqabılara sığışdırdıq deyə, həyat bizə ağır, acımasız gəldi. Geniş, rahat həyatımızı daha da gözəlləşdirmək naminə onu çox yüklədik. Kim bilir…

Paylaş: