Bz. Noy 17th, 2019

Azərbaycanda biznes krediti niyə əlçatan deyil? – Ekspert şərh edir

Türkiyədə istehlak kreditləri cəmi kreditlərin 10 faizini təşkil etmir. 

Belə ki, Türkiyənin bank sektorunun cəmi kredit həcmi ötən həftənin sonunda 2 trilyon 562 milyard 750 milyon lirə təşkil edib. İpoteka xaric istehlak kreditləri isə (avtomobil və ehtiyac) cəmi kreditlərin 9,5%-nə bərabərdir.

Maraqlıdır, Azərbaycanda istehlak kreditlərinin digər kreditlər arasında xüsusi çəkisi nə qədərdir?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda istehlak kreditləri durmadan artır. İstehlak kreditləri ümumi kreditlərin təxminən 44 faizini təşkil edir:

“Türkiyədə daha çox cəlbedici kredit növləri  təbii ki, kommersiya kreditləridir. Bu da Türkiyə iqtisadiyyatına çox pozitiv təsir edir. Biznes kreditləri nə qədər çoxdursa, o qədər əlverişlidir. Bu, əlavə iş yerləri yaradılan xidmət və istehsal sahələri deməkdir.

Bu, ölkə iqtisadiyyatına ciddi təsir edən amildir. Amma istehlak kreditlərinin ümumi iqtisadi proseslərə təkanverici xüsusiyyəti yoxdur. Azərbaycanda isə bunun tam əksi müşahidə olunur, hətta son illər istehlak kreditləri təhlükəli şəkildə artır. 

Ümumi kredit portfelinin təxminən 44 faizini istehlak kreditləri təşkil edir. Ümumi kreditlər 1.3 milyard manata yaxındır. Bunun 930 milyondan çoxu istehlak kreditləridir. Bu ilk doqquz ayın göstəricisidir. Xüsusi çəki getdikcə artır. Hətta bununla bağlı Mərkəzi Bankın rəhbəri də məlumat verdi. Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə prezident də bununla bağlı iradlarını bildirdi”.

Ekspert istehlak kreditlərinin artmasına səbəb olaraq biznes kreditlərinin vaxtının az, faizinin isə çox olmasını göstərib:

“Amma bu məsələ Azərbaycanda iqtisadi sistemdən doğan nəticədir, səbəblər deyil. Səbəblər odur ki, biznes kreditlərinin vaxtı çox azdır, faizləri çox yüksəkdir, biznes qurmaq üçün iş şəraiti o qədər də əlverişli deyil və biznesin qarşısında hələ də ciddi maneələr var.

İnhisarçılıq, süründürməçiliklə, əsasən də regionlarda yerli icra hakimiyyətinin biznesə pis münasibəti ilə bağlı problemlər var. Ona görə də biznes kreditləri populyar deyil. Biznes kreditləri ən yaxşı halda üçillik verilir, ən böyük kreditlər isə 5 illik verilir. Bu da yetərli deyil. Biznes qurmaq istəyən insanlar düşünürlər ki, bu. onlar üçün sərfəli olmayacaq. 

Biznesə sıfırdan başlayanda bir müddət, ümumiyyətlə, qazanc olmur. Onlar işi qurmaqla məşğul olurlar. Əgər belədirsə, 3 illik kredit götürüb, üç ildə heç bir qazanc əldə etmədən faiz ödəmək heç kimə sərf eləmir. Ona görə də biznes kreditləri populyar deyil. Amma tələbat var, əgər vəziyyət yaxşılaşsa, Azərbaycanda da biznes kreditləri üstünlük təşkil edər və yeni iş yerlərinin yaranmasının şahidi ola bilərik”.

Paylaş: