Be. Dek 9th, 2019

Qənirə Paşayeva Milli Məclisdə Qarabağ həqiqətlərindən danışıb və bir sıra təkliflər irəli sürüb

Millət vəkili Q. Paşayeva Milli Məclisin komitə iclaslarında əlillərimiz, təhsil, Qarabağ həqiqətləri barədə çıxış edib və bir sıra təkliflər irəli sürüb.

Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, İnsan Haqları, Hüquq Siyasəti, Dövlət Quruculuğu, Regional Məsələlər, Gənclər və İdman komitələrinin 2020-ci ilin büdcə layihəsi ətrafında keçirdiyi müzakirələri zamanı millət vəkili Q. Paşayeva bir sıra vacib təkliflərlə  çıxış edib. Bir neçə gün əvvəl   Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə bərabər keçirdiyi tədbirdə müzakirələr barədə danışan millət vəkii Q. Paşayeva Qarabağ həqiqətlərinin dünyada daha da geniş təbliği işlərinin genişləndirilməsi üçün   Dağlıq Qarabağın Azərbaycanlı icmasına ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib. Millət vəkili Q. Paşayeva işğal altında olan torpaqlarımızdakı separatçı erməni rejiminin, işğalçı Ermənistanın  və bəzi qüvvələrin dəstəyilə müxtəlif ölkələrdə tədbirlər, görüşlər keçirdiyini və  ölkəmiz əleyhinə böhtan və yalanlarla dolu təbliğatı  genişləndirdiyini vurğulayaraq  onların yalanlarının bütün dünyada daha geniş ifşa edilməsi üçün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da fəal şəkildə beynəlxalq tədbirlərdə təmsil olunmasının, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsinin əhəmiyyəti barədə danışıb və bu istiqamətdə icmaya ayrılan vəsaitin artırılmasına çağırıb. “Biz hamımız getdiyimiz tədbirlərdə Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edirik, amma bununla yanaşı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının beynəlxalq tədbirlərdə daha da geniş təmsil oluna bilməsi, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsi, görüşlər keçirməsi çox vacibdir” deyən millət vəkili Dağlıq Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsaitin bir az da artırılmasını xahiş edib.

“Bu gün ən vacib məsələlərdən biri də cəmiyyətdə kitab oxumağa meyilliliyinin artırılması istiqamətində addımlar atmaqdır” deyən millət vəkili Q.Paşayeva kitaba ƏDV-nin azaldılmasını təklif  edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab prezidentin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən yüksək dəyərləndirildiyini xatırladan Q. Paşayeva əlillərlə bağlı  iki həssas məsələyə də daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Millət vəkili Q.Paşayeva ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərlə yanaşı, III qrup əlillərin də təhil haqqından azad edilməsi təklifi ilə çıxış edib və bunun əlil gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində vacibliyini vurğulayıb. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlil gənclərin  təhsildən azad edilməsi istiqamətində cənab prezidentin göstəriş və tapşırıqlarının cəmiyyətdə yüksək səviyyədə qarşılandığını deyən millət vəkili Q. Paşayeva: “inanırıq ki yaxın zamanlarda III qrup əlil gənclərimiz də ödənişli təhsil haqqından azad ediləcək və bu yüzlərlə ailənin sevincinə səbəb olacaq, yüzlərlə gəncimizin təhsilinə daha böyük dəstək olacaq.”

Digər vacib bir məsələ isə əlillərin məşğulluğu ilə bağlıdır deyən millət vəkili Q. Paşayeva dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır. Cənab prezidentin əlillərin sosial müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərin önəmini xüsusi vurğulayan millət vəkili Q. Paşayeva əlil insanlarımızın məşğulluğunun genişləndirilməsi, bu insanlara dəstəyin daha da artırılması istiqamətində işlərin  genişlənəcəyinə inanırıq deyib və dövlət və özəl qurumları əlillərin işə götürülməsi məsələsinə  daha da həssas yanaşmağa çağırıb.

Millət vəkili Q.Paşayevanın çıxışını təqdim edirik:

Paylaş: