Bz. Noy 17th, 2019

Azərbaycana əcnəbi işçilər gəlir – HARDA İŞLƏYƏCƏKLƏR?

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbilər üçün 6725 yerlik kvotanın ayrılması nəzərdə tutulur.

Bununla bağlı artıq Nazirlər Kabinetinə müraciət edilib, hazırda sənədlərin təsdiqlənməsi gözlənilir.

Maraqlıdır, bu, konkret olaraq hansı iş yerlərinə şamil olunacaq? Ümumiyyətlə, Azərbaycanda işsizlik sayı həddən çox olduğu halda bunu etməyə ehtiyac varmı?

Turkustan.info bildirir ki, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Cebhe.info-ya açıqlamasında qeyd edib ki, yalnız yerli işçi qüvvəsi kifayət etməyən iş yerlərində əməkçi miqrantlar qəbul edilir:

“Əcnəbi işçi qüvvəsi üçün əmək miqrasiyası kvotasının müəyyən edilməsi zamanı mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipi üstünlük təşkil edir. Eyni zamanda milli iqtisadiyyatın rəqabət qabiliyyətinin getdikcə artmasına uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçi qüvvəsinin ölkəyə cəlb olunması prinsipi də diqqətdə saxlanılır.

Bildirək ki, ölkəmizdə fəaliyyət göstərən əcnəbi şirkətlər və fiziki şəxslər tərəfindən yüksək ixtisaslı kadrlara ehtiyac olması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlər ümumiləşdirilərək kvota müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilir. Nazirlikdəki müvafiq Komissiya  tərəfindən bu zaman da əmək bazarında həmin iş yerləri üzrə işçi qüvvəsinin mövcud olub-olmadığı araşdırılır və yuxarıda qeyd etdiyimiz prinsiplər üstün tutulmaqla kvota müəyyənləşdirilməsi ilə bağlı təkliflər verilir”.

Paylaş: