Bz. Noy 17th, 2019

Bakı bulvarında Bayraq günü coşqusu – FOTOLAR

Bu gün Azərbaycanda bayraq günü qeyd edilir.
 
BakuPost Musavat.com-a istinadən xəbər verir ki, bayraq günü xüsusilə bulvar ərazisində daha çox hiss olunur. Belə ki, bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən bulvar ərazisində pulsuz face-art təşkil edilib. 10 nöqtədə keçiriləcən aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilir. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunur.. Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunub: Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, “Park Bulvar”ın yanı (2 nöqtədə), “Sahil” metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft meydanı, Venesiya şəhərciyi, Panoram attraksion.

Müşahidə etdik ki, xüsusilə də uşaqlar bu aksiyaya maraq göstərirlər. Onların valideynləri ilə söhbətimiz zamanı bildirdilər ki, uşaqlar məktəbdə bayraqla bağlı geniş məlumat alıblar. Ona görə də bu günə xüsusi rəğbətləri var. Valideyn Sənubər Kazımlı bildirdi ki, övladları bayrağın rənginin mənalarını, dəyərini çox gözəl dərk edirlər:

“Övladımın biri 2-ci, digəri isə 5-ci sinifdə oxuyur. Biz evdə təbliğat aparmasaq belə, onlar məktəbdə bayraqla bağlı bütün məlumatlara yiyələniblər. Hətta diqqət edirəm ki, özləri internetdən bu barədə məlumatlar tapıb, oxuyurlar. Ona görə də bu gün bizim ailədə əsl bayramdır. Ailəmizlə birlikdə bulvarda gəzən zaman bu cür aksiyanı da görüb, yararlandıq”.

Digər valideyn Raqif Həmidov söylədi ki, evlərinin eyvanından bayraq da asıblar:
“Mən Türkiyənin cümhuriyyət günündə orada olduğum zaman böyük coşqu gördüm. Hər idarədən, evdən bayraq asılmışdı. Küçələrdə bayraq aksiyaları keçirilirdi. Bizdə təəssüf ki, bu cür hal yoxdur. Eyvanlardan bayraq görmədim. Heç keçən il də görməmişdim. Uşaqlarda bayrağa sevgini aşılamaq üçün öncə böyüklər bu istiqamətdə hansısa addımlar atmalı, bayrağa sayğını hər yolla göstərməlidir. Bayraq bizim kimliyimiz, qürurumuzdur. Bunu unutmamalıyıq. Biz unudarsaq, bizdən sonra gələnlər necə olar?”

Məlumat verək ki, Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.

Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bakı bulvarında Bayraq günü coşqusu –  FOTOLAR

Paylaş: