Ca. Dek 12th, 2019

“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” – FOTO

“Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.
 
Turkustan.info bu barədə BakuPost-a paytaxt sakini Xanım İsrafilova məlumat verib. Onun sözlərinə görə, Yeni Suraxanıdakı “Araz” marketdən kərə yağı adıyla aldığı yağı əridərkən dəhşətli mənzərə ilə rastlaşıb: “Ucuz olduğuna görə hamı kimi mən də bir qutu “555” yağı aldım. Saxlamaq üçün əridib bankaya yığmaq istəyirdim. Yağı qaynadanda isə dəhşətli mənzərəylə rastlaşdım, köpükləndi, sonra qaralmağa başladı… Normal yağ belə olmur. Sonra həmin yağın qalanını mağazaya qaytarıb pulumu geri aldım”.
Növbəti mağazaya getdikdə həmin yağların satışdan çıxarılmadığını görən X.İsrafilova şikayət etmək qərarına gəlib: “Mağazanı işlədənlər bu yağın keyfiyyətsiz, təhlükəli olduğunu bilə-bilə onu satışdan çıxarmayıblar. Ən pisi odur ki, həmin yağa endirim edərək hamının diqqətini çəkirlər. İndi ən çox satılan yağ yəqin ki odur… Buna görə də, aidiyyəti qurumları araşdırmaya dəvət edirəm. Mən yağı qaynatdığım qabları saxlamışam. Kim istəyir gəlib götürsün, araşdırsın. Təki belə halların qarşısı alınsın. İnsanlarımız mənşəyi bəlli olmayan qidalarla zəhərlənməsin”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev BakuPost-a bildirib ki, ilk iş günündə məsələ ciddi şəkildə araşdırılacaq. Müştərinin dedikləri təsdiqini tapsa ciddi ölçü götürüləcək.
BakuPost-un əməkdaşlarının araşdırmalarına görə, sözü güdən yağ “Araz” marketlərin hamısında satılır. Rusiya istehsalı olan yağın kilosu müştərilərə 2.99 qəpiyə təklif olunur.
Yağın əridilərkən bu vəziyyətə düşməsi nəyin göstəricisidir?
Qida eksperti Eyyub Hüseynov BakuPost-a bildirib ki, təmiz kərə yağı əridilərkən qarala bilməz: “Bu onu göstərir ki, kərə yağı deyil, ya bitki mənşəllidir speddir”. Ekspert bildirib ki, belə yağların dəqiq mənşəyi göstərilmədiyindən, onun istifadəsi təhlükəlidir: “Çox vaxt yağların üzərinə inək şəkli qoyub müştəriləri aldadırlar. Hardasa kiçik bir yerdə isə “Spred bitki tərkibli yağ” yazırlar ki, məhkəmə çəkiməsi-falan olanda vəziyyətdən çıxa bilsinlər. Bunlar ağır cinayətdir”.
Qeyri-iş günü olduğundan “Araz” marketlər şəbəkəsindn rəsmi cavab almağımız mümkün olmadı.
Məsələ barədə əlavə məlumat verəcəyik.
***
(15:52)
İttihamlara “Araz” Supermarketlər Şəbəkəsindən münasibət bildirilib. Şəbəkəsinin PR meneceri Billurə Əmirova BakuPost-a aşıqlamasında deyib ki, qeyd olunan yağ kərə yağı deyil: “”555″ Rusiya istehsalı spred yağıdır. Yəni bitki tərkibli yağdır. Kərə yağı deyil. Məhsulun qablaşdırılmasında da spred yağı olduğu qeyd olunub. Daha çox şirniyyatların hazırlanmasında istifadə olunur. Qeyd edim ki, Araz marketlərdə satılan kərə yağların qiymətliklərində kərə sözü yazılır. “555” yağı kərə olmadığından, qiymətliyində spred sözü qeyd olunub. Onu da əlavə edim ki, məhsulun hər partiyasından nümunə götürülür Qida Təhlükəsizliyi Agentliyinin müvafiq yoxlanışından sonra satışa buraxılır”.

Paylaş: