Be. Dek 9th, 2019

Xaçmazda gənclər arasında maarifçilik işi aparılıb

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “İlk dəfə səs verən gənclərin bələdiyyə seçkilərilə bağlı maarifləndirilməsi və fəallığının artırılması” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Xaçmaz Peşə Liseyində baş tutub.

Turkustan.info xəbər verir ki, Xaçmaz Peşə Liseyinin direktoru Abbasqulu Məstəliyev təhsil müəssisələrində maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, analoji layihələrin icrası region gənclərinin ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını daha da sürətləndirəcək.

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri, layihənin rəhbəri Seymur Verdizadə gənclərin cəmiyyətin avanqard hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə gənclər siyasətini həyata keçiriən qurumların arasında Azərbaycan Gənclər Fondunun xüsusi çəkisi var. AGF-nin həyata keçirdiyi layihələr barədə məlumat verən layihərəhbəri gəncləri bu imkanlardan faydalanmağa çağırıb.

Layihənin eksperti Teyyub Mirəlioğlu tədbir iştirakçıarına bələdiyyə seçkilərinin təyin və təşkil olunması, namizədlərin irəli sürülməsi, qeydə alınması, təşviqat kampaniyası ilə bağlı tələblər, səsvermənin təşkili, müşahidə olunması, nəticələrin elan olunması və sairlə bağlı Seçki Məcəlləsinin imperativləri barədə ətraflı məlumat verib. T.Mirəlioğlu həmçinin yerli özünüidarəetmə istitutlarının tarixi, statusu, rolu, siyasi, hüquqi və praktiki əhəmiyyəti, bu istəqamətdə mövcud beynəlxalq təcrübə barədə də danışıb.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov gənclərin cəmiyyətin inkişafındakı roluna toxunub. Ə.Rüstəmov tədbir iştirakçılarını vətəndaşlıq borclarını yerinə yetirməyə səsləyib.

Tədbirin sonunda gənclərə onları bələdiyyə seçkilərində iştiraka səsləyən şüarların əks olunduğu buklet və köynəklər paylanılıb.

Paylaş: