C. Dek 13th, 2019

Aydan Ay: “Məni görən olmadı, ana…”

(Anama)

Ana, qərara gəldim ki, səninlə bir də vərəqlərdə danışım. Çünki, mən özümü danışmaqdan çox susmuşam həmişə. Görəndə ki, tab gətirə bilmirəm, onda üz tutmuşam vərəqlərə.

Hə, ana…
İndi də özümlə bacarmıram.
Mən elə çoxam ki…
Amma çoxluğuma rəğmən həyatın içində bir zərrə qalmışam.
Ana, ürəyinə əlin yetir?
Yox!..
Mənim də yetmir. Yetsə, alaram ovucuma sığal çəkərəm.
“Bəsdi! Sən ki, bir ovucsan. Məni belə dara çəkmə”- deyərəm.
Həyatla dünyanın fərqi var…
Sənin qızın dünyalıq deyil, incimə, əzizim…
Sənin qızının nəfəsi, səsi, küncü-köşəsi bu dünyaya tanış deyil, doğma deyil.
Məni anla…
Dünya dağıntıdı. Səs-küyünü, təntənəsini sevmirəm, tanımıram. Yaddı mənə…
Mən həyat insanıyam, ana…
Ona görə də ürkəyəm.
O bir ovuc dediyim ürək var ha, elə uludu ki…
Çox yormuşam onu, ana.
Hələ döyünür yaşama olan inancıyla…
Bilirsən, o bir ovuc ürəyin işığı çoxuna düşüb.
Hamı gülümsəyib ona deyib ki, “aydınlığına görə çox sağol …”
Mən heç qaranlıqda qalmamışam. İçimdəki işığa arxalanmışam.
Adamlar çox qaranlıqdır, ana…
Həyat?
Yox! Həyatın bətni işıqla doludu.
Sənin qızın yol gedəndə qanadında bir ovuc göy üzü ilə yerə enən quşların məsum gözlərini, uşaqların təbəssümünü, günəşə bənzəyənləri salamlayır, ana.
Sənin qızın yaralı qanadı öpür.
Üzü yağış yarpağa açır ürəyini.
Bir gül solsa canı üşüyür sənin qızının…
Canı solur, ana.
Bağışla məni!..
Qarışa bilmirəm adamlara, öyrəşə bilmirəm yerə…

Desən -öyrəşdiyin nədi?
Deyərəm- bir ovuc torpaq, bir içim su. Bir də içimdəki rənglər…
Vəssalam!
O rənglər ki, onları Tanrıdan başqa görən olmadı.
Adamlar belədi. Rəngin solanda görürlər səni. Məni görən olmadı, ana…

Mən də beləcə əsən yelə qarışdım, yola könül bağladım. Bəlkə belə dinclik tapar ruhum… Hə?
Özümü incitdiyim anlar çox olur. Bununla səni də incidirəmsə, bağışla!..
Səni sevirəm, ana…
Göy boyunca sevirəm!

Paylaş: