Be. Dek 9th, 2019

Lavrov Qarabağ siyasətini açıb-tökdü

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvan səfəri rəsmi Moskvanın Qarabağa dair yürütdüyü siyasətin bütün çalarlarını açıb ortaya qoydu.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Sergey Lavrovun İrəvan səfəri zamanı Qarabağla bağlı açıqlamalarına münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Lavrovun danışıqlar prosesinə “Dağlıq Qarabağ xalqı”nın cəlb edilməsi ilə bağlı açıqlaması siyasi həyasızlığın bariz nümunəsidir:

“O, həmsədr dövlətin xarici işlər naziri olduğunu sanki unudurmuş kimi Dağlıq Qarabağ probleminin həllində “Qarabağ xalqı”nın iştirakını vacib saydı. Məgər Lavrov bilmir ki, Dağlıq Qarabağ əhalisinin 45 faiz azərbaycanlı hissəsi etnik təmizləməyə məruz qalıb? Rusiya rəsmisi açıqlamaları ilə ya referenduma və ya da danışıqlarda qondarma rejimin nümayəndələrinin iştirakına eyham vurub. O, nədənsə Dağlıq Qarabağ azərbaycanlılarının bu proseslərə qatılmasını vurğulamadan 4-5 erməni dığasının danışıqlar prosesində iştirakını vacib sayaraq, prosesin irəliyə doğru hərəkət edəcəyini söyləyir. Lavrovun açıqlamaları başdan-ayağa biabırçılıqdır. Həmsədr ölkənin xarici işlər naziri Azərbaycan torpağının işğalının de-yure tanınmasına yönəlmiş siyasi açıqlama verir. Vicdan əzabı çəkmədən 1 milyondan çox insanın qovulmasına və etnik təmizlənməyə məruz qalmasına əhəmiyyət belə vermir. Nəticə etibarilə ermənilərin dilinə dil verir. Bununla da məlum olur ki, Dağlıq Qarabağın tərəf kimi çıxış etməsi barədə fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın leksikonuna Lavrov daxil edib. Hesab edirəm ki, Lavrovun bəyanatları qalmaqallıdır. Nizamlama prosesinə həddindən artıq ziyan vuracaq açıqlamalardır”.

Q.Hüseynli onu da qeyd edib ki, Rusiyanın Qarabağ probleminin həllində bu cür mövqe ortaya qoyması gözlənilən idi:

“Ermənilər Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun, obyektiv həllinə gələndə Lavrovu qabağa verirlər. O da danışıqlar prosesinin pozulması üçün əlindən gələni edir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı razılaşmanı bu regionun əhalisinin razılığı olmadan əldə etməyin mümkün olmadığını söyləyib.

Paylaş: