Be. Dek 9th, 2019

Lavrovun təhlükəli QARABAĞ AÇIQLAMASI – Daha nələri eşitmək istəyirik?

Bu, Rusiyanın ümumi siyasətidir.

Politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, Lavrov elə məlum cümləni- “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” demək üçün İrəvana getmişdi:

“Seyran deyil, bayram deyil, Lavrov İrəvana niyə getmişdi? Lavrov İrəvan səfərinə sərgidən başladı, sonra ikitərəfli görüşləri oldu. Rusiyanın dünya ilə problemləri sonsuzdur, Lavrovun da boş vaxtı yoxdur. Belə isə Lavrovun İrəvana ikigünlük səfərinə nə ehtiyac var idi? Böyük ehtimalla o, bu cümləni Bakıda bizim üzümüzə deyə bilməzdi. Elə İrəvandan deyib ki, hamı işini bilsin”.  

Politoloq bildirib ki, Lavrovun bu açıqlaması əsla təəccüblü deyil:

“Səfərdən bir gün əvvəl onun Ermənistanın “Mediamaks” agentliyinə verdiyi müsahibədə “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir” fikrini boş yerə deməmişdi. Bəlli idi ki, oxşar açıqlamanı İrəvanda da səsləndirəcək. Bu cür açıqlama Lavrovun erməni mənşəli olması ilə bağlı deyil. Lavrovun yerində İvanov da olsa eyni sözləri deyəcək. 200, 100 və 70 il əvvəl də belə olub, indi də belədir. “Mariya Zaxarova Azərbaycan mətbəxini sevir” və ya “Mariya Zaxarova erməni jurnalistin sualına qəzəbli cavab verdi” kimi başlıqlarla özümüzü aldatmayaq. Zaxarovanın şefi nöqtəni İrəvanda qoydu və bizə açıq mesaj göndərdi ki, Rusiya kimin yanındadır. Ancaq bir neçə gün sonra Lavrovun açıqlaması arxa plana keçəcək və yenə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın başımızın altına yastıq qoyan açıqlamaları ön plana çəkiləcək”.

E. Şahinoğlu vurğulayıb ki, Sergey Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması bir başqa səbəbdən də təhlükəlidir:

“Aydındır ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə yalnız erməniləri nəzərdə tutur. Bu o deməkdir ki, Kreml Dağlıq Qarabağda etnik təmizləmənin nəticələrini tanıyır və işğala son qoymadan ermənilərin “özmüqədərratını təyinetmə hüqununun” yekun sazişdə vurğulanmasını istəyir. Yəni faktiki ermənilər nə istəyirsə, Kreml də onu istəyir. Bu qədər sadə. Sadəcə ötən il ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dəstəkləyən deputatlar Lavrovun bu açıqlamasına niyə susurlar mənə maraqlıdır. Lavrov 12 il əvvəl “soyqırım” abidəsi önündə ağac da əkmişdi. O, yenə də eyni yerə gəlmişkən həmin ağacın dibinə su tökdü. Bütün bunları edən şəxs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışarmı? Bunu düşünməliyik”. (redaktor.az)

Paylaş: