Bz. Dek 8th, 2019

Lütvəli Babayev işdən niyə çıxarıldı? – Onun qalmaqal siyahısı

İqtidar komandasında kadr dəyişiklikləri davam edir. 

Dəyişikliklərin növbəti mərhələsinə icra başçılarının əvəzlənməsi ilə start verilib. Ötən yazılarımızda bildirmişdik ki, bu mərhələdə məmurların yaş həddi ilə yananaşı onların fəaliyyəti də əsas rol oynayacaq və daha çox narazılıq yaradan kadrlar işdən çıxarılacaq. 

Məsələn, Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev yaş həddinə görə könüllü olaraq istefa verdisə, Yevlaxın icra başçısı Qoca Səmədov fəaliyyətinə görə vəzifəsindən azad edildi.

Bu gün isə icra başçıları arasında ən neqativ reputasiyaya malik olan Zərdabın icra başçısı Lütvəli Babayev işdən çıxarılıb. Lütvəli Babayevin yaş həddinə görə işdən çıxarılmadığı şübhəsizdir. Onun 60 yaşı var, yəni, hələ təqaüd yaşına çatmayıb. Məlumatlara görə, adıçəkilən şəxs yarıtmaz fəaliyyətinə və bu üzdən daha çox narazılığa səbəb olduğuna görə işdən çıxarılıb.

Mediada onun fəaliyyəti barədə çoxsaylı neqativ materiallar yer alır. Lütvəli Babayevin adı hətta hinduşka oğurluğunda hallanır. Zərdabda bu əhvalat dillər əzbəridir. Lütvəli Babayevlə bağlı məşhur qalmaqallardan biri də keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsidir. Bu hadisə 2013-cü ildə baş verib. Tofiq Abdullayevin vəkili o zaman mediaya açıqlamasında bildirmişdi ki, müdafiə etdiyi şəxsin Lütvəli Babayevi məhkəməyə verməsinin səbəbi qanunsuz olaraq işdən çıxarılmasıdır. Lütvəli Babayev onu 4 dəqiqə gecikdiyinə vəzifəsindən azad etmişdi. Tofiq Abdullayev isə işə gecikməsinin səbəbi kimi icra başçısının birinci müavininin tapşırığı ilə ”Qələbə Meydanı” ətrafında aparılan təmizlik işlərinə nəzarət etməsini göstərmişdi. 

2018-ci ildə isə aprel döyüşlərində şəhid olan Zərdab sakini Nurlan Abdullayevin atası Rasim Abdullayev Lütvəli Babayevdən şikayətçi olmuşdu. O bildirmişdi ki, rayon rəhbərliyi şəhidin ailəsinə və adına hörmətsizlik edib. Şəhid atasının sözlərinə görə, rayonun hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Bundan başqa, rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait toplayıb. Rasim Abdullayevin sözlərinə görə, icra başçısı ona “oğlunun meyitini yarılmağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən” deyə minnət qoyub. (yenisabah)

Paylaş: