C. Dek 13th, 2019

Minlərlə insan Göyçay narının tamaşasına durdu

Buliki nar festivalı ötən ilkilərlə müqayisədə çox maraqlı məqamlarla yadda qaldı

Hər il olduğu kimi, bu il də Göyçay rayonu möhtəşəm bir tədbirə evsahibliyi etdi. Belə ki, 9-10 noyabr tarixlərində rayonda sayca 14-cü Nar Festivalı keçirildi. Nar Festivalına dəvət olunmuş media nümayəndələri ilə birlikdə AYNA-nın əməkdaşları olaraq biz də Göyçaya yollandıq və iki gün göyçaylıların qonağı olduq.

Nar Festivalı çərçivəsində bütün rayon əsl bayram ab-havasına bürünmüşdü. Festivalı izləmək üçün ölkənin bir çox yerindən minlərlə insan, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, bir neçə ölkənin Azərbaycandakı səfiri, diaspor nümayəndələri, yerli və xarici iş adamları, beynəlxalq təşkilat əməkdaşları, o cümlədən əcnəbi turistlər Göyçaya təşrif buyurmuşdular. Məhz nar bayramına görə rayona o qədər qonaq gəlmişdi ki, sözün əsl mənasında, iynə atsan, yerə düşməzdi.

Qonaqların əksər hissəsi isə şəhərin mərkəzi küçələrindən birinə yığılmışdılar, çünki festival şəhərin mərkəzində keçirilirdi. Səhər saatlarından başlayan festivalın keçiriləcəyi bu məkan başdan-ayağa konsepti uyğun olaraq bəzədilmişdi. Mərkəzi küçədə, əsas giriş hissəsindən başlayaraq müxtəlif şirkətlərin stendləri açılmışdı. Kənd təsərrüfatından tutmuş, bir çox sahələri əhatə edən stendlərdə qonaqlara xüsusi məhsullar təklif olunurdu. Rayonda fəaliyyət göstərən dərnəklərin nümayəndələrinin, xüsusilə balaca rəssamların əl işlərindən ibarət stendlər isə festivala xüsusi rəng qatırdı.

Həmçinin onlara öz əl işlərini satmaq üçün də şərait yaradılmışdı. Qonaqlar da bundan istifadə edərək Azərbaycanı, Göyçayı və onun simvolu olan narı və s. əks etdirən əl işlərini bazardan qismən ucuz məbləğə ala bildirlər.

Məkanda, həmçinin zəhmətkeş kəndlilərə də xüsusi üsulla becərdiyi müxtəlif nar növlərini satmaq imkanı verilmişdi. Məqamı düşmüşkən qeyd edək ki, Azərbaycanda, narın ümumilikdə 65 növü var. Göyçayda isə Bığır, Gülövşə, Vələs, Balamürsəl, Şirinnar, Tumsuz kimi 10 növü yetişir.  Göyçayda, o cümlədən nardan narşərab, nardança, nar mürəbbəsi, nar şirəsi və s. kimi bir çox təamlar hazırlanır ki, festival çərçivəsində qonaqlar həm həmin təamlardan dadmaq, həm də almaq imkanı qazandılar. Festival keçirilən məkan boyu irəlilədikcə nardan hazırlanmış dekorativ fiqurlar, maraqlı dekorasiyalar, xüsusi üsullarla yetişdirilmiş, bir dənəsinin çəkisi azı 1.5 kiloqrama çatan nar növləri həm göz oxşadı, həm də qonaqları təəccübləndirdi.

Rumiyye Miraslan adlı şəxsin şəkli.

Axşama doğru isə qonaqlar və göyçaylılar Göyçayın mərkəzi stadionuna yığışdılar. Çünki stadonda möhtəşəm bayram konserti təşkil olunmuşdu. Konsertdə çıxış edən, Azərbaycanın sevilən müğənniləri öz ifaları ilə həm qonaqlara, həm də yerli sakinlərə əsl musiqi ziyafəti verdilər. Sakinlər üçün bu il də məşhur ifaçıları canlı görmək və izləmək xeyli xoş oldu.

Göyçaya ilk dəfə səfərimin məhz belə maraqlı və yaddaqalan tədbirə təsadüf etməzi çox əlamətdar idi. Tədbiri əlamətdar edən daha bir məqam isə rayonda yerləşən, “Aznar” Qapalı Səhmad Cəmiyyətinə məxsus nar zavodunun 50 illik yubileyinin qeyd olunması idi. Bu səbəbdən “Aznar” QSC-nin təsisçisi və majoritar səhmdarı olan Fərhad Əhmədov da öz qonaqları ilə birlikdə Nar Festivalında iştirak edirdi. F.Əhmədov nar zavodunun yubileyi çərçivəsində daha iki müəssisənin, “Nar” Hotelin və şərab zavodunun açılışını etdi.

Qeyd edək ki, Rusiyada yaşayan göyçaylı iş adamı kimi tanınan F.Əhmədov müxtəlif təşkilatlara və layihələrə, məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, həmçinin əlillərə, veteranlar böyük xeyriyyəçilik dəstəyi və maddi yardımı göstərir. İdman tədbirlərini, xalq yaradıcılığı festivallarını maliyyələşdirir. Bu ilki Nar Festivalı da məhz F.Əhmədovun dəstəyi ilə keçirilirdi.

Bayramın ikici günündə, yəni 10 noyabrda “Aznar”ın sponsorluğu ilə festival çərçivəsində bir neçə maraqlı müsabiqələr də təşkil olundu. Nərd, şeir, foto və video müsabiqələri milli stolüstü idman növü hesab olunan nərd yarışı ilə başladı. Nərd üzrə beynəlxalq dərəcəli hakim, əməkdar bədən tərbiyəsi idman xadimi professor Xanlar Qurbanov idarə edilən yarışa baş katibliyi beynəlxalq dərəcəli hakim Fərhad Ocaqbərdiyev, hakimliyi isə Məhəmməd Mustafayev etdi. Saat 11:00-da qeydiyyatdan keçmiş ilk 32 nəfər arasında start verən nərd yarışının sonunda 3 qalib seçildi. Yarışın maraqlı məqamlardan biri oyunda qadın iştirakçının da olması idi. Təəssüflər olsun ki, 3 oyun qalib gələn xanım iştirakçı dördüncü oyunda məğlub oldu. Buna baxmayaraq, o, həvəsləndirici mükafata layiq görüldü.

Daha sonra isə şeir, foto və video müsabiqələri baş tutdu. Festivalın keçirildiyi məkanda yerləşdirilmiş məntəqələrə bir gün öncədən şeir, foto və videoların təqdim etmiş şəxslərin içərisindən seçilmişlər finalda yarışdılar. Sonda isə mükafatlandırma mərasimi baş tutdu. F.Əhmədov birinci yerin qaliblərinin hər birinə üç min manat (nərd oyununun qalibi, həmçinin qızıl zər), ikinci yeri qazananların hər birinə min manat, digər finalçıların hər birinə isə beş yüz manat məbləğində mükafatlar təqdim etdi. İştirakçılara, o cümlədən “Aznar”ın məhsullarından hazırlanmış səbətlər hədiyyə olundu. Qaliblər arasında AYNA-nın iki əməkdaşının olması isə bizimçün gözlənilməz məqam kimi yadda qaldı.

Bir sözlə, buliki nar festivalı ötən ilkilərlə müqayisədə çox maraqlı məqamlarla yadda qaldı. Bu səbəbdən də təşkilatçılara təşəkkür etməsək, haqsızlıq olar. Ümid edirik ki, qarşıdakı illərdə də belə təmtəraqlı nar bayramlarına şahidlik edə biləcəyik.

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

Paylaş: