Be. Dek 9th, 2019

SOCAR-ın cavabı varmı: Niyə qiymət iki dəfədən çox artdı?

İlham Şaban: “Neft gəlirlərində 2,5 milyard dollara qədər azalma müşahidə olunacaq”

Azərbaycanda neft hasilatının azalması gözlənilir. İqtisadiyyatı əhəmiyyətli şəkildə neftə bağlı olan bir ölkə üçün bu, arzuolunmaz hesab edilir. O zaman bizi nələr gözləyir. AYNA əməkdaşı mövzu ətrafında, Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şabanla həmsöhbət olub.

– İlham bəy, ölkədə neft hasilatınin 15 milyon barel azalması söhbəti gəzir. Bu, nə vaxta nəzərdə tutulur?

– Bu ilin yekunlarına görə, ilin sonuna qədər 15 milyon barel azalma ehtimalı var. Neftin orta ixrac qiyməti 2018-ci illə müqayisədə 13% azala bilər. Hələ ilin sonuna qədər iki ay var və ona görə də dəqiq bilinmir ki, neftin qiyməti 60 dollardan yuxarı və ya aşağı olacaq. Azərbaycan neftinin orta ixrac qiyməti 71,3 dollar olmuşdu. Yəni bu, Neft Fondunun rəsmi məlumatı idi. 2018-ci ildə dövlətin Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi mənfəət 9,5 milyard dollar olub. İndi həm hasilat azalıb, həm də neftin qiymətlərində, gördüyümüz kimi azalma mövcuddur. Qiymət baxımdan desək, ötən il gəlir 71 milyon dollar idi, bu il isə 63 milyon dollar oldu. 8 milyon dollarlıq fərqi gördünüz.

– Azalma Azərbaycana maddi baxımdan nə qədər ziyan vuracaq?

– Ötən il AÇG üzrə 29 milyon barel neft hasil edilmişdi. İndi cəmi 27 milyon barel proqnazlaşdırılır və bunun nəticəsində, ümumilikdə Azəri-Çıraq-Günəşlidən ixrac olunan neftin dəyəri ifadəsində, təqribən 2,5 milyard dollara qədər azalma müşahidə olunacaq. Onun Azərbaycana çatan hissəsinin mənfəətini hesablamaq ilin sonuna qədər mürəkkəbdir. Çünki kapital və əməliyyat xərcləri hələ bəlli deyil. Hesab etsək ki, Neft Fonduna ötən il 9,5 milyard dollar vəsait daxil olmuşdu, AÇG-dən bundan 1 milyarda qədər az mənfəət gələcək. Ancaq bir məsələ var, onu qeyd etmək vacibdir. Bu il, ötən illə müqayisədə Azərbaycan Dövlət Neft Fondunun idarə edilməsindən əldə edilən gəlirlər kifayət qədər artıb. Çünki Dövlət Neft Fondu daşınmaz əmlaklar da satır və 9 ayın nəticəsində nə qədər satış olub. Onun barəsində Dovlət Neft Fondunun saytında qeydlər aparılıb.

– Qaz hasilatından əldə olunan gəlir bu zərəri kompensasiya edə bilərmi?

– Xeyr. Bizdə qazdan gələn gəlirlər artır. Lakin onun həcmi hələ kiçikdir. Ümumilikdə neft gəlirləri ilə qaz gəlirlərini müqayisə etmək düzgün deyil. Çünki bizdə neft həcmi qədər qaz olsa belə, bazara o qədər çıxara bilmirik. Yəni onun həcmi kiçikdir. Digər tərəfdən isə neftin qiyməti qazın qiymətindən, təqribən iki dəfə bahadır. Ona görə də qazdan gələn gəlirlərə neft gəlirlərinin yarısı qədər baxmaq olar.

– Neftin qiymət ilə bağlı hansı proqnozlar var?

– Neftin qiyməti ilə bağlı hələlik proqnozlar dəyişməyib. Əgər cari il üçün proqnoz 65 dollardısa, gələn il üçün 63,62 dollar olacağı qeyd olunur. Bunun da, ola bilsin ki, 61 dollara qədər ucuzlaşacağı sonradan korrektə edilsin.

– Hazırda cəmiyyəti neftdən qiymətindən az düşündürməyən başqa məsələ var – ölkədə satılan avtomovbil yanacağın keyfiyyəti. Bu barədə araşdırma aparmısınızmı?

– Bununla bağlı texniki araşdırma etmək imkanım yoxdur. Ancaq siz “Youtube” kanalına baxsanız, görəcəksiniz ki, xüsusi cihazları olan və avtomobl servis xidmətlərində uzun müddət işləyən mütəxəssislər var, onlar Bakıda da oktan dərəcəsini ölçürlər. Bu prosesi benzini doldurduqdan sonra edirlər. Rayon yollarındakı yanacaqdoldurma məntəqələrində ölçürlər və görürlər ki, şəhərdə vurulan benzinin oktan dərəcəsi 92-dirsə, məsələn, Aran rayonlarında 90-dır. Digər tərəfdən, bizim benzinin keyfiyyət paramertləri aşağıdır. Çünki yüksək olsaydı, o zavodu niyə modernizə edirdik, 3 milyard dollar vəsait qoyurduq?! Üçüncüsü, əgər keyfiyyət parametrləri yuxarı idisə, o zaman o qurğuları heç sökməzdik. Köhnə qurğudan yaxşı məhsul heç cür almaq olmaz. Ona görə, Dövlət Neft Şirkətinin bu sahəyə cavabdeh şəxslərinin açıqlamalarına baxmaq lazımdır: Nəyə görə modernizə qiyməti iki dəfədən çox artdı? Çünki o qurğuların vəziyyəti proqnoz edildiyindən daha pis idi. Dünya 2010-cu ildən Avro 5 standartlı yanacaq istehsal edir. Ancaq bizdə mövcud standart Avro 2-dir.

– Sürücüləri narahat edən məqamlardan biri də yanacaqdoldurma məntəqələrində aldadılmalarıdır – Çənlərə az yanacağın vurulması və sair…

– Belə halların aradan qaldırılması üçün bir əsas faktor lazımdır – bazarda azad rəqabət. Rəqabət özünü xidmətdə də göstərməlidir. Bazar hər şeyi özü tənzimləyir. Sadəcə qanun və standartlar olmalıdır ki, nələr etmək olar, nələr olmaz. Yoxsa kimsə gəlib bazara diqtə etməməlidir.

– İddialar var ki, yanacağın tərkibinə hansısa qaz və ya əlavə qatqılar vurulur, bu da yanacağın tez buxarlanmasına, normadan az sərf edilməsinə səbəb olur. Bu barədə nə deyə bilərsiniz?

– Yanacaqdoldurma məntəqələrinin özündə belə maddələr satılır. Bu, sovet vaxtından mövcuddur. Bizdə 95 benzin istehsal olunan vaxt belə şeylər edirdilər. İndi bunu etmirlər.

 

Paylaş: