Bz. Dek 8th, 2019

Şuranın dəstəyilə hazırlanmış “Hophopnamə” kitabının audio versiyasının təqdimatı keçirilib

 Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Azərbaycanda ilk dəfə görkəmli şair M.Ə. Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb.
Audio kitabın hazırlanmasında Bakı Dövlət Universiteti SABAH qrupu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Humanitar Kolleci, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və digər təhsil ocaqlarının bakalavr və magistrləri, ASAN xidmət könüllüləri, eləcə də fiziki məhdudiyyətli gənclər yaxından iştirak ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasında M.Ə. Sabirin “Hophopnamə” kitabının audio versiyasının ictimaiyyətə və mətbuata təqdimatı keçirilib.
Tədbirdə ziyalılar, ictimai fəallar, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri,  yaşından asılı olmayaraq sabirsevərlər iştirak ediblər.
Layihənin rəhbəri və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək mütaliənin sosial dəyəri olan insanın yüksək mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm amil olduğunu və müasir insanın daha çox elektron bazalardan yararlanma marağına köklənən yeni həyat şərtlərinin audio kitabların  daha çox olmasını diktə etməsindən danışıb. Audio kitabların bütün məhdudiyytələri (zaman, fiziki, maddi, oxuya bilməmək və s.) aşaraq hər kəs üçün əlçatarlığa imkanlar yaratmasından, elektron vasitələrdə yayımlanan, bəzən hətta heç bir əsası olmayan, bəzən də təhlükəli xarakter daşıyan məlumatlara qarşı,  audial mütaliə üçün xeyli rahatlıq yarada bilən səsli kitabların cəmiyyətin daha sağlam ruhlu nümayəndlərinin yetişməsi üçün əvəzsiz bir töhvə olmasını vurğulayıb və bu qədər mühüm məna kəsb edən bu layihənin həyata keçməsinə şərait yaradan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib.
Tədbirdə gənclərin ifa etdikləri şeirlərdən bəziləri səsləndirilib, eləcə də audio kitabın hazırlıq mərhələsini əks elətdirən videoçarx nümayiş etdirilib.
Sonra Bakı Humanitar Kollecinin dərs hissə müdiri Afaq Əliyeva, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, əməkdar müəllim Zülfiyyə Vəliyeva, ASAN Xidmətin rəsmisi Cahangir Hacıye, BDU-nun professoru İradə Hüseynova, şair-publisist Fəxrəddin Meydanlı çıxış ediblər.
Tədbirdə layihə iştirakçılarına mükafatlar təqdim edilib, M.Ə. Sabirin “Hophopnamə”, S. Tahirlinin “Qanımızın səsi” kitabları hədiyyə olunub.

Paylaş: