Be. Dek 9th, 2019

Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? – Hamı dəyişdirməyə məcburdurmu?

Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.

Qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Turkustan.info xəbər verir ki, cebhe.info-ya açıqlamasında yeni sürücülük vəsiqəsinin özəlliklərindən danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı vəsiqənin xüsusi funksiyalarını sadalayıb:

“Sürücülük vəsiqəsinə yerləşdirilən çipin (elektron daşıyıcı) funksiyalarından istifadə etməklə gələcəkdə bu vəsiqədən həm də bank kartı kimi istifadə etmək olar. Bundan başqa həmin vəsiqə ilə vətəndaşın olduğu yeri müəyyənləşdirmək və ya sürücülük vəsiqəsi itərsə onun yerini müəyyən etmək mümkün olacaq.

Eyni zamanda bu kartın özəllikləri əsasında vətəndaşlar üzərlərində bir neçə kart gəzdirməli olmayacaq. Nədənsə bu elektron sistemin qurulması prosesi çox ləng gedir. Bunun nə vaxt reallaşacağı isə sual altındadır. Düşünürəm ki, bunun üçün Dövlət Yol Polisi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq olmalıdır”.

Sözügedən vəsiqənin nə zaman veriləcəyini müəyyənləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevlə əlaqə saxladıq.

Rüfət Quliyev bildirdi ki, tezliklə bununla bağlı ictimayyətə geniş məlumat veriləcək.

Paylaş: