Bz. Dek 15th, 2019

AYB üzvləri: “Anar Rəşad Məcidi hələ də gənc görür”

Emil Rasimoğlu: “Rəşad Məcid bu qərara illər öncə gəlməli idi”

Tural Turan: “Görünür, Anar bəy özündən otuz yaş kiçik Rəşad Məcidi hələ də gənc gözündə görür”

Bu günlərdə İctimai Televiziyasında yayımlanan “3D” verilişinin qonağı olan Rəşad Məcid AYB-də katiblik vəzifəsini tərk edəcəyini açıqlayıb. 

Hazırda qurumda qurumda gənclərlə iş üzrə katib vəzifəsində çalışan Rəşad Məcid “ 55 yaşınız var, düşünmürsünüzmü o vəzifədə bir qədər gənc yaşda adam olmalıdır” sualına bu cür cavab verib: “Yəqin ki, olacaq. Çünki mən 40 yaşımda həmin vəzifəyə təyin olunanda AYB-nin ən gənc katiblərindən biri idi. Amma indi aradan 15 il vaxt keçib, xeyli gənclər  yetişdirmişik. İndi ədəbi mühitdə olanların əksəriyyəti “Gənc ədiblər məktəbi”nin yetidirimələridir. Yeni gələn gənclər arasında mənim çox da könlümcə olan istedadlılar yoxdur. Ona görə də son vaxtlar gənclərdən yoruluram. Yəqin  ki bu vəzifəni tərk edəcəm”.

Rəşad Məcid quruma üzvlüklə bağlı suala isə bu cür cavab verib: “Yazıçılar Birliyinə üzv olmaq indi bir o qədər də, çətin deyil. Son illərdə bir çox gəncləri qəbul etmişik. Əsas narazılığım onların mütaliəsizliyidir. Düzdür, yaradıcı insanlarda vaxtından öncə özünü dahi hesab etmək iddiası olur. Onlarda ulduzluq xəstəliyi yaranır. Gənclərdə belə şeylər olur. Yazıçılar Birliyinin təxmini 1200-1500 üzvü var. Müxtəlif rəqəmlər deyilsə də, onlardan əsasən 200 –ü ciddi ədəbiyyatçıdır. Bir çoxlarının heç altıncı sinfin ədəbiyyatında olanlar haqda məlumatları yoxdur, amma iddiaları böyükdür. Üç-dörd qafiyəli misra yazıblar, elə bilirlər ki, yazıçıdırlar”.

Xatırladaq ki, Rəşad Məcid 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi vəzifəsində çalışır. 15 ildir ki, bu vəzifəni daşıyan Rəşad Məcidin bu açıqlaması müzakirələ səbəb olub. Xüsusən də gənc yazarlar sosial şəbəkələrdə məsələyə müxtəlif rəylər bildirib.

Картинки по запросу AYB üzvü Emil Rasimoğlu

AYB üzvü Emil Rasimoğlu mövzu ilə bağlı musavat.com-a danışıb: “Təbii ki, gənclər siyasətinin yürüdüldüyü, bu istiqamətdə kadr islahatlarının aparıldığı bir dönəmdə bu addım istənilən halda mütləqdir. Hələ Rəşad Məcid bu qərara illər öncə gəlməli idi. Çünki o heç vaxt yeniləşmənin, mənsub olduğu struktura istedadı, kifayət qədər potensialı olan gənclərin gətirilməsinin və bu yöndə kadr islahatlarının həyata keçirilməsinin tərəfində olmadı. Əksinə, bacardığı qədər bu istəkdə, ideyada olan gənclərə qarşı çıxdı, mühafizəkarlıq etdi. 

15 il az zaman kəsiyi deyil. Amma gəlin görək hörmətli katib bu 15 il ərzində nə edə bildi? Tədbirlərdə iştirak etmək və ya paytaxtda hər hansı bir ədəbiyyatyönümlü tədbir təşkil etmək ümumrespublika fəaliyyəti demək deyil. Bu 15 il ərzində AYB-nin regionlardakı bölmələrinə səfər edə, oradakı gənc istedadların üzə çıxarılması, mühitin formalaşması naminə mütəmadi addımlar atdımı? Əlbəttə ki, yox. Bu baxımdan da Rəşad Məcidin fəaliyyəti ümumrespublika yox, paytaxt fəaliyyətindən ibarət olub”.

Картинки по запросу Tural Turan

AYB Gənclər Şurasının üzvü Tural Turan isə qeyd edib: “AYB-nin gənclər üzrə katibinin – Rəşad Məcidin 55 yaşı var. Bilirsiniz bu nə deməkdir? Yəni, gənclərdən istedadlı adam yoxdur, ona görə də 55 yaşlı birisini gənclər üzrə katib qoymuşuq anlamına gəlir. Görünür, Anar bəy özündən otuz yaş kiçik Rəşad Məcidi hələ də gənc gözündə görür. Bu gün dünya ədəbiyyatına gənclərin çıxışının olmaması, ədəbiyyatda milli ideoloji xətdə qırıqlıq kimi nüanslar üzvü olduğum qurumun – AYB-nin yarıtmaz və sönük fəaliyyətinin nəticəsidir. Gənclərə meydan veriləcəyi təqdirdə yeni istedadlı nəsillərin tez bir zamanda boy verəcəyinin şahidi olacağıq. Bu gün AYB sədri gənc yazarların hansı durumda olduğundan, onların sosial rifahından xəbərsizdir. İçi mən qarışıq onlarla yazarın ev problemi var. Mən özüm 13 ildir yataqxanalarda, mənzil şəraiti bərbad olan kirayələrdə yaşayıram. Onlarla belə gənc yazarımız var. AYB bu kimi məsələləri ən yuxarı səviyyədə qaldırmaqdansa, istedadsızları prezident təqaüdünə yazaraq “lazımlı vaxtlar üçün” troll ordusu saxlayır. İstedadsızlara meydan verir”.

Paylaş: