Ç. Dek 11th, 2019

Ərdoğana heyranam – Tramp

ABŞ prezidenti Donald Tramp “Ağ ev”də türkiyəli həmkarı ilə baş tutan görüşün əla və məhsuldar keçdiyini bildirib.

Anadolu agentliyi xəbər verir ki, o, Ərdoğanla birgə mətbuat konfransında qeyd edib ki, görüş zamanı “F-35” problemi, terrorla mübarizə, iqtisadi və digər ikili məsələlər və regional problemlər müzakirə edilib. Tramp deyib:

“Türkiyəli və amerikalı nümayəndələr “F-35”probleminin həlli üçün sıx işləyir. Ümid edirəm ki, məsələ həllini tapacaq. Türkiyə ABŞ-a milyonlarla dollar dəyərində hərbi ləvazimatlar satır. Ankara “F-35” proqramına avadanlıqla dəstək verir. Prezident Ərdoğan bizim kimi terrora qarşı mübarizə aparır. İŞİD lideri Əbubəkr əl-Bağdadiyə qarşı əməliyyatda əməkdaşlıq etdiyinə görə Ərdoğana təşəkkür edirəm. Türkiyə bizim strateji tərəfdaşımız və NATO müttəfiqimizdir. Türkiyə NATO-da ABŞ-dan sonra ən güclü orduya malikdir. Ankara ilə münasibətlərimiz çox yaxşıdır və bu, inkişaf edir. Ticarət həcminin 100 milyard dollara çatacağına inanıram. Türkiyə qaçqınlar üçün 40 milyard, Avropa isə 3 milyard dollar xərcləyib. Türkiyədə həbsdə olan İŞİD üzvləri öz ölkələrinə göndərilməlidir. ABŞ-ın kürdlərlə heç bir problemi yoxdur. Terror təşkilatları ilə problemlərimiz var. Ərdoğanın da kürdlərlə çox yaxşı əlaqələri var. Türkiyədə çox sayda kürd var və onlar üçün hər cür şərait yaradılıb”.  

Suriyanın şimalında atəşkəsə əməl edildiyini deyən “Ağ ev” rəhbəri, Türkiyənin  Yaxın Şərqdə sabitliyin bərpa olunması üçün əməkdaşlıq etdiyinə görə Ərdoğana təşəkkür edib. Tramp Ərdoğanla şəxsi münasibətlərinin yaxşı olduğunu və Türkiyə prezidentini heyranlıqla izlədiyini bəyan edib. (redaktor.az)

Paylaş: