C. Dek 13th, 2019

Əsəbini şeirindən çıxan, şeirləri ilə dalaşan və həmişə döyülən şair – Fuad Cəfərli

Poeziyamızın “2010-cular” nəsli deyəndə ilk ağlıma gələn imzalardan biri də heç şübhəsiz ki, Fuad Cəfərli imzasıdır. Fuad Cəfərli poeziyamızda nəsrin poetikasını ustalıqla yarada bilən şairlərdəndir. Onun poetik bədii təfəkkürü modernist olmaqla yanaşı, eyni zamanda, mühafizəkar köklərdən qidalanır. Burada mühafizəkar kök anlayışını heca motivləri kimi qəbul etmək, təbii ki, yanlış olardı. Fuad Cəfərli poeziyasının mühafizəkar çalarlarını onun obrazlarının düşüncəsində və ifadəsində axtarmaq və ən əsası görmək lazımdır. Bu mənada, Fuadın şeirlərində mühafizəkar Şərqlə, yenilikçi Qərb həmişə uzaq və yaxın məsafəli “döyüşlərə” girir. Mövzuların məğzindən asılı olaraq bu “döyüşlərdən” gah birinci, gah da ikinci tərəf qalib çıxır.

 

Axı mən aktyor deyiləm

Tənha qadın,

                    aktyor deyiləm.

Demirəm düzəm, demirəm əyriyəm,

ya dünyanın dərdini çəkən Zərdüşt,

ya da səhranı dəniz bilən dəliyəm.

Anla məni tənha qadın,

Anla, mən aktyor deyiləm!

 

Bu misralar Şərq mistik təfəkkürünün Qərb realizmi önündə əzilmədiyinin, ancaq yenildiyinin cizgilərini görmək mümkündür.

Eyni zamanda, Fuad Cəfərlinin yaradıcılığını oxşar rənglərin poetik rəqsi də adlandırmaq mümkündür. Amma bu oxşarlıq ruhi sarsıntıların rüşeymlərindən deyil, xromosomlarından doğulduğu üçün oxucuda belə bir təssürat yaradır. Onun musiqili poetikası sərbəst vəzində daha dolğun şəkildə əks oluna bilir. Ən əsası, poetikanın musiqi ahəngi, eləcə də notların rəngliliyi, bəm və zildə boy göstərən misralar janrı unutdurur. Oyanaq və rəvan bir axarla oxucunun menyusuna daxil olmağı bacarır:

 

Radioda sevilməyən akademik musiqi

kasıb sevgilərinin reytiqinə bərabərdi.

Toplananların yerini dəyişdikdə

doğrudanmı cəm dəyişmir?!

 

Fuad Cəfərli bəzən şeirləri ilə dalaşan adamdır. Bəzən onlarla kürək-kürəyə də verə bilir. Mövzu və şairin ruh halı bu müstəvini dəyişə bilir. Hətta bəzən şeirin günün hansı saatlarda və hansı ruh halında yazıldığını anlamaq elə də çətin olmur. Az öncə Fuadın şeirləri ilə dalaşdığından söhbət açdım. Bəli, o, insanları incidə bilməyəcək qədər həssas olduğundan şeirləri ilə – içindən süzülən misralarla da dalaşa bilir. Amma hər dəfə də misralarına döyülüb gəlir. Özü də ağlaya-ağlaya… Üst-başı dağınıq məktəbli kimi… Əsəbləri soyuyandan sonra yenə də əkdiyi misralarına – övladlarına sığınır. Məsələn:

 

…Sən demə, qaranlıqlar çoxdan quruyub qan içində

körpülər isə yorulub yellənmir daha intihar ipində.

Mən isə bir sonsuzluq qədər gecikmişəm…

 

Fuad Cəfərli Vətən şeirlərində də, ölüm qoşqularında da sevgi şairidir. Mənə görə bu, birmənalıdır. Çünki o, nədən yazırsa, ona vurulub yazır. Vurulur, güllələnir və hər şeirin sonunda özü də “intihar edir”. Bu intihar bəzən qələbə çalmaq üçün ən unikal gedişlərə bərabər olur. Hər poetik lövhədə oxucu ilə “şahmat oynayan” şair, bəzən oxucunu tez məğlub etmək istəmir, əylənir. Yorulanda isə mat qoymaqla kifayətlənir və bütün yolları bağlayan “vəzir” misra ilə “şah mat!” deyir.

O, şeirlərində dəfələrlə doğulan adamdır. Heç zaman – heç bir sətirdə ölə bilmir. Sətirlərdəki ən qəmgin notda belə, cilalı nikbinlik buna imkan vermir. Hər dəfə ümidsizləşəndə Fuad Cəfərlinin “Latın sükutu”nu oxuyuram. Yenidən doğulmaq, güc toplamaq üçün. Onun şeirlərini oxuyanda ədəbiyyatdan qopursan, tanrısallaşırsan.

Hətta ən qorxunc tənhalıqdakı nikbinlik də bu mənada heyrət doğurur. Onun poeziyasındakı uçuruma aparan tənhalığın da içindən qəflətən ən ali nüanslar, nəsnələr, varlıqlar çıxa bilər:

 

Bu qədər də tənhalıqmı olar?

Tanrı olmağıma bir addım qalıb.

Sanki yer üzünün yalnızlıqları,

Yolunu ruhumdan canımdan salıb…

 

İlk baxışdan heca vəznində görünsə, bu misralar ruhən ağ şeirdir. Cəsarətli fikirlərdir. Orijinal poetik tapıntıdır. Sərrast müşahidədir. Fuad Cəfərli müşahidə sərrafıdır amma bu müşahidələr onun şeirlərində obraz baxımından çox da fərqli qütblərdə deyil.

Fuad Cəfərli poeziyamızın “2010-cular nəsli”nin ən parlaq lirik nümayəndələrindəndir. Onun poetik baxışları da, misralarındakı səmimiyyət də sabaha inanır. Son dərəcə sadə dildə yazılan şeirlərində dərin fəlsəfi qat, fikrin iti bucaq altından çatdırılması müşahidə olunur. Onun “İnanıram sabaha” adlı bir şeiri var. Həmin şeirdəki orijinal arzular toplusunu misra-misra oxuduqca düşünürsən ki, şair ancaq bu qədər saf və aristokrat düşüncəli olarsa, yazılan misralar qeyd-şərtsiz inandırıcı görünə bilər.

Suların daşı sevməsi anlayışı nə qədər harmonik səslənsə də, qarın kamilliyə çatması bir o qədər ələkdənkeçməz orijinal tapıntıdır. Hər şey – insan, su və digər varlıqlar maddi və teoloji anlamda yuxarı qalxdıqca yüksəlir, kamilliyə çatır, fəqət, qar belə deyil. Endiyi, torpaqla qucaqlaşdığı an kamilləşir. Şair “İnanıram sabaha” şeirində bunu çox ustalıqla verə bilib.

 

İnanıram sabaha,

inanıram ki, qəlbimiz

            torpağın üzünü qızdıracaq.

Sular daşı belə sevəcək,

Qar kamilliyə çatacaq.

Üstündən ərimək adlı lənəti götürüləcək…

İnanıram ki, rüzgar inadından əl çəkib

qucağını pəncərə təki taybatay açacaq,

insan günəşlə dostlaşacaq

…amma bu dostluq

            kölgənin qəlbini qırmayacaq…

 

“Yalan da deyiləm qarşında əyiləm” misrası ilə sevmişdim Fuad Cəfərli poeziyasını. “Mən aktyor deyiləm” adlı şeirində bir nüans məni elə silkələmişdi ki:

 

Bilməm,

ömür səhnəndən kimlər gəlib, kimlər keçib,

ən köhnə şərabını kimlər içib, nəylə içib,

bilməm kim tələsib, kim gecikib?!

(Sənmi, mənmi, omu, bumu?).

Bilməm…

Bilməm məhəbbət anaların

                        çirkab qorxusudurmu,

yoxsa uşaqların oynadığı o qummu?..

 

Yalnızlığın “güzgü ruleti”dir bu! Ağrılarla yüngül rəqs də demək olar. Yəni Fuad Cəfərli personajlarının ağrılarını ələkdən keçirməmiş oxucusuna yedizdirmir. Sanki o, bütün oxucularına körpə uşaq kimi baxaraq, qulluq edir, qayğısına qalır. Yuxarıdakı şeirdə qarı yerə düşürməklə kamilliyə çatdıran şair, bu dəfə onun əriməsini “lənətlənməsi” olaraq qeyd edir. Fikirlər inkar edilmir. Əksinə, qəribə burğacla bir-birinin içinə keçirilir. Bu mənada Fuad Cəfərlinin hər fikrinin öz rəngi var. Bir sözlə, Fuad Cəfərli öz ruhu, ifadə tərzi olan şairlərimizdəndir. İlk kitabı nəsr əsəri olsa da, nəsrdən ədəbiyyata keçmiş modern imzalarımızdandır. Şeirlərinin qəribə ahəngi və ruhu var. Onun poetikasında məğlubiyyətə təhrik edilmiş bir əsilzadənin, aristokratın faciəsi şeirlərinin məzmunundan asılı olmayaraq hiss edilir. Fuad Cəfərli kədərin rəngini bilən və onun dəyişən məkanda və zamanda hansı çalarlarda olduğunu verə bilən tək-tük gənc şairlərimizdəndir.

 

Tural Turan

İyun-noyabr, 2019

Paylaş: