Ç. Dek 11th, 2019

Emil Rasimoğlu: “Taleyin Rəşad Məcidə ayırdığı vaxt bitib”

AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcidin tutduğu vəzifədən gedəcəyini açıqlaması müxtəlif müzakirələrə səbəb olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu bu dəfə Rəşad Məcidin hazırkı postdan gedərkən ictimaiyyət arasında adının AYB sədrliyi məsələlərində hallanmasına münasibət bildirib:

“Bu günlərdə Yazıçılar Birliyinin 55 yaşlı Gənclərlə iş üzrə katibi Rəşad Məcid teleməkanlardakı verilişlərin birində katiblik postundan gedəcəyini dedi.

Təbii ki, mən bundan öncəki açıqlamalarımda da Rəşad Məcidin tutduğu vəzifədən getməyini bütün hallarda mütləq hesab etmişəm. Bu öz yerində…

Ancaq burada başqa bir məsələ də var. Bir də görürsən ictimaiyyət arasında hazırkı vəzifəsini təhfil verdiyi zaman Rəşad Məcidin AYB-dəki digər postlardan birinə, hətta sədrlik postuna iddialı olacağı və ya sahiblənəcəyi tipli müxtəlif fikirlər də formalaşır.

Məhz o fikirlərdən yola çıxaraq hesab edirəm ki, hörmətli Rəşad Məcidin Gənclərlə iş üzrə katiblik postundan getməyi ümumiyyətlə Azərbaycan Yazıçılar Birliyinin strukturdan uzaqlaşmağı ilə nəticələnməlidir. Belə demək mümkünsə Yazıçılar Birliyinin həyatında taleyin Rəşad Məcidə ayırdığı vaxt bitib.

15 il az zaman kəsiyi deyil. Amma gəlin görək hörmətli katib bu 15 il ərzində nə edə bildi?! Tədbirlərdə iştirak etmək və ya paytaxtda hər hansı bir ədəbiyyatyönümlü tədbir təşkil etmək ümumrespublika fəaliyyəti demək deyil. Bu 15 il ərzində AYB-nin regionlardakı bölmələrinə səfər edə, oradakı gənc istedadların üzə çıxarılması, mühitin formalaşması naminə mütəmadi addımlar atdımı? Atmadı! Amma ata bilərdi. Çünki Rəşad Məcidin tutduğu post və dövlətin yaratdığı şərait buna imkan verirdi. Mən hələ bir amili vurğuladım. Onlarla belə detallar göstərmək mümkündür. Bu baxımdan da Rəşad Məcidin fəaliyyəti ümumrespublika yox, paytaxt fəaliyyətindən ibarət oldu.

Ona görə də hörmətli katibin 15 illik zaman kəsiyindəki göstərdiyi fəaliyyət imkan, haqq vermir ki, o hazırkı postundan getdiyi zaman AYB-də hər hansı bir posta iddialı olsun.”

Paylaş: